“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”

 
Bu gün, 14:23           
 “Mən 35 ildir Azərbaycan mədəniyyətinə xidmət edirəm. Heç vaxt ağlıma gəlməzdi ki, hansısa şirkət sahibi məni aldadar, pulumu dələduzluqla əlinə keçirər. Bir gün yutub sosial platformasında gördüm ki, “Günəşli İnşaat” MTK minimum ödənişlə, qalanı isə hissə-hissə ödəməklə həyət evləri tikir. Yarı pulu ödənildikdə ev təhvil verilir, qalan pul içində yaşayaraq ödənilir. Bu elan diqqətimi çəkdi. Ofisləri Hövsanda idi. Gedib maraqlandım. Dedim ki, mənə ərazini göstərin. Aparıb Türkan-Hövsan yolunda bir məhəllə göstərib dedilər ki, buranı biz salmışıq. Küçəyə baxanda bilinirdi ki, köhnə məhəllədir. Orada yarıtikili evlər, qum, daş görüb inandım. Sən demə o məhəllədə 5-10 ev tikiblər. Məhəlləni bunlar salmayıb. Ofislərində gəldik. Müqavilənin notariusda bağlanılmasını təklif edəndə dedilər ki, ofis şəraitində bağlayacağıq. Pandemiyadan sonra, 5 iyun, 2023-cü ildə sonuncu 1500 azn ödədim və gördüm ki, bunlar heç bir daş da mənim üçün almayıblar. Artıq pandemiya bitdi. Nə iş görüldüyünü soruşduqda ilk göstərdikləri yeri deyil, digər yerlərdə başqaları üçün tikdikləri, onların qəbul etmədiyi yarıtikililəri göstərərək “bunu sənin üçün bitirək” dedilər. Dedim ki, başlayın, bitirin. İnşaat rəhbəri Firutan Məmmədov dedi ki, qalan pulu da ver tikilini bitirək. Mən etiraz etdim ki, sən iş görməyə-görməyə məndən hələ də pul istəyirsən. O ildən bu ilə mən “Günəşli inşaat”-dan nə pulumu ala bilirəm, nə də evimi. Ümumi yazısı, qolu ilə Firutan Məmmədova 13.350 azn manat pul ödəmişəm. Hələ yazısız ödədiklərim də var. Deyirdilər ki, özümüzdə qeyd edirik. Təxminən 16 mindən çox pulumu ələ keçiriblər. Bu gün həmin şirkətin nə ofisi, nə kompyuteri, nə də işçiləri var”.
Bunu Moderator.az-a açıqlamasında Akademik Musiqili teatrın aktrisası Gülçöhrə Abdullayeva deyib.

O daha sonra iddia edib ki, uzun illərdir pulu Firutan Məmmədov adlı şəxsdən geri ala bilmir. Bu azmış kimi həmin şəxs aktrisaya hədə-qorxu da gəlir:

“Mən qeyd etdiyim pulları ödəsin, qalanı haram xoşu olsun. Pulumu tələb edəndə də deyir ki, “100 ilə vermisən, mən də 100 ilə qaytararam”. Deyirəm ki, 100 il adam yaşamır. 2022-ci ilin aprelindən 2023-cü ilin iyun ayına qədər o pulu vermişəm. 2023-cü ildən də “qaytaracam” deyib vaxt öldürürsən. Mənə deyir ki, “hansı məhkəməyə versən baxmayacaqlar, məhkəmə də mənim xeyrimə qərar verəcək, uzağı aya 20 manat pul kəsəcəklər”. Yerli hüquq-mühafizə orqanlarında qapıdan yuxarıya qədər onu şifahi dələduz adlandırsalar da, “haqqında çoxlu şikayət, cinayət işi var” desələr də bu adam əlini-qolunu sallayıb gəzir. 102 xidmətinə müraciət etmişəm, yönləndirilib Xəzər rayonuna. Suraxanı rayonu Baş Polis İdarəsinə müraciət etdim. Ora da çağırıb üzləşdirmədi. Müstəntiqə deyib ki, “Qubada torpaq satıb bu həftə aktrisanın pulunu verəcəm”. Baş prokuror Kamran Əliyevə ünvanladığım məktub baxılması üçün Bakı Şəhər Prokurorluğuna göndərilib. Onlar da həmin məktubu yenidən Suraxanı rayonu Baş Polis İdarəsinə göndəriblər. Oradan da hələ ki, səs-səda yoxdur...Amma gözləyirəm hələ... Əks təqdirdə yenidən cənab nazir Vilayət Eyvazovun qəbuluna yazılacam.. Artıq ölkə başçısına, birinci xanıma, ombudsmana müraciət etmək istəyirəm. Dövlətə heç bir vergi verməyən, saxta möhürlü dələduz mənim halal pulumu yeyib. Firutan adlı şəxs yalandan özünü xeyriyyəçi adlandır... Ofisində divarda şəhid ailələri ilə fotolarını nümayiş etdirir.. Amma əməllərindən xəbərsizdir.. Şəhid ailələrinin qapısına yarım kvadrat metlax vurdurub, Xoşqədəm Hidayətqızının verilişində özünü xeyriyyəçi adlandıraraq onlarla şəkillər çəkdirir, bu ad altında cəmiyyətdə özünə qarşı inam qazanır. Bu insanın bu gün də yutub üzərindən reklamları gedir. Bu gün də guya ev tikir.. “Fəaliyyətinə” davam edir.. Özü azmış kimi həyat yoldaşı da dələduzdur. Ailəlikcə dələduzluqla məşğuldurlar. Bu dələduzlar tək məni yox, 100-ə yaxın ailəni aldadıb.. Yəqin ki, Firutan Məmmədovun əməllərinə hüquqi qiymət veriləcək. Qeydiyyatsız 16 mindən çox pul vermişəm. Ya camaatın pullarını qaytarsın, ya da cəzasını çəksin. O bundan sonra bizim üçün ev tikən deyil onsuz. Firutan Məmmədovun məni aldadıb, dələduzluqla pullarımı əlinə keçirməsi azmış kimi məni təhqir etməkdən də çəkinmir. Mənə deyir ki, “artistsən, artistlik etmə”. Deyir ki, pul yoxdur. Deyirəm ki, maşınını sat, pulumu ver. Mənə hədə-qorxu gələrək deyir ki, “bu maşın satmaq üçün yox, sənin üstündən keçmək üçündür, şikayət etsən gözləmədiyin yerdə üstündən keçəcəm”. Bu nə deməkdir? Ölkəmizin qayda-qanunları var. O mənə necə hədə-qorxu gələ bilər?! Ölkəmiz hüquqi dövlətdir. Yetim qız olsam da özümü kimsəsiz saymıram. Mən dövlətimə, onun qayda-qanunlarına inanıram”, - deyə aktrisa bildirib.









Xəbəri paylaş


 
 


Xəbər lenti