"Həmin klinikaların arxasında böyük pullar dayanır"

 
12-12-2024, 13:54            106 dəfə baxılıb
"Düz 44 gündür ki, xalqımızın sağlamlığı üçün bu yolda təkbaşına mücadilə aparıram. Sağ olsun indi rəsmi orqanlar köməyə gəldi. Yaşadıqlarım, çəkdiklərim sizin gözünüzün qarşısında oldu. Heç bir paylaşımım yalan üzərində qurulmadı. Həqiqətləri, olduğu kimi üzə çıxartdım. Lakin bu mücadilə asan deyil". Axşam.az xəbər verir ki, bu sözləri ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında yazıb. Azərbaycanda fəaliyyət göstərən diplomsuz həkimlərlə bağlı paylaşımlarla gündəmə gələn jurnalist bunları əlavə edib:
 
"Adını çəkdiyim insanların və klinikaların arxasında böyük pullar, maxinasiyalar dayanır. Bu pulların gücü ilə onlar məni hücumlara məruz qoyurlar. İnstaqram hesabımdan silinən videolar, paylaşımlar, hətta səslər – hamısı bu şikayətlərin nəticəsidir. Düşünün, Ülviyyə İlyasovanın (plastik-cərrah Ülviyyə İlyasova -red.) qurbanı olan Səbirə xanımın anasının səsi belə hesabımdan silinib. Məni qınayanlar da az deyil. Bəzən mesaj yerinə yazılan mesajlar, şərhlər məni incidir. Sanki mənə deyil, özlərindən gözlədiklərini etmədikləri üçün məni günahlandırırlar. Bəs bir dəfə də siz irəli gedin, bir saxtakarı ifşa edin. Sadəcə şikayət edin, məlumatları paylaşın".
 
İzləyicilərinə müraciət edən Ataşova onlardan yardım istəyib:
"Şəkil göndərir və əmrlə “araşdır” deyirsiniz, amma siz nə edirsiniz? Mən nə dedektivəm, nə də hüquq-mühafizə orqanı. Mən təkəm. Bu mübarizəni də insanlıq üçün edirəm, Allahdan başqa heç kimdən də qorxum yoxdur. Onların pulu, əlaqələri mənim yolumu bağlaya bilməz. Amma unutmayın ki, mənim də səbrim və gücüm bir yerə qədərdir. Bu yolda nə qədər əlacsız və yaralı insanlarla tanış oldum. Onların dərdlərini dinlədim, bədənlərindəki izləri gördüm. Başa düşdüm ki, 44 gün əvvəl dünyanın ən xoşbəxt insanı idim. Bunu anlamırdım, çünki bugünkü qədər dərdli deyildim.
 
Plastik cərrahiyyənin arxasındakı reallığı bilsəniz, hər həkimə getməzsiniz. Bu mübarizədə mənim heç bir komandam yoxdur, tək işləyirəm. Evdə oğlum belə işlərimdən şikayət edir: “Ana, niyə yemək bişirmirsən?” deyir. Amma mənim gücüm yalnız bir yerə qədər çatır.
 
Rica edirəm, qınamaq əvəzinə, siz də bu yolda bir addım atın. Yazıb “niyə filan paylaşım silindi” deyə soruşmayın. Paylaşdım, siz də götürüb öz hesabınızda paylaşın. Hesabımı bağlayanda siz nə edirsiniz? Dəstək olmaq istəyirsinizsə, iş görərək olun, qınayaraq yox".



Xəbəri paylaş


 
 


Xəbər lenti