”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

 
Bu gün, 11:24           
Əyalətmedia.az  bildirir ki, Faktum.az redaksiyasına “TEYMUROĞLU CONSTRUCTION” Mənzil Tikinti Kooperativində baş verən sistemli qanunsuzluqlar, maliyyə mənimsəmələri və ən dəhşətlisi — insan ölümü ilə nəticələnən ağır tikinti qəzası ilə bağlı şok müraciət daxil olub.
Müraciət müəllifi, kooperativin həmtəsisçisi Quliyev Elnur Xaqani oğlu bildirir ki, MTK-da Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri sistemli və davamlı şəkildə pozulur, idarəetmə tamamilə qeyri-şəffaf və qanunsuz xaos üzərində qurulub.
Müraciətdə ən dəhşətli məqam tikinti obyektində əmək təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində fəhlənin ölümü ilə nəticələnən ağır faciəvi hadisənin qeydə alınmasıdır. Tikinti sahəsində qoruyucu vasitələrdən istifadə edilməməsi, texniki norma və təhlükəsizlik qaydalarının kobud şəkildə tapdalanması insan həyatına verilən dəyərin sıfıra endirildiyini gösterir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207, 215 və 222-ci maddələrinə, eləcə də Cinayət Məcəlləsinin 162 və 222-ci maddələrinə əsasən, tikinti zamanı təhlükəsizlik qaydalarının pozulması və insan ölümü birbaşa ağır cinayət məsuliyyəti yaradır.
Bununla yanaşı, MTK-da ağır maliyyə pozuntularının və mənimsəmələrin baş verdiyi iddia olunur. Elnur Quliyevin sözlərinə görə, Mülki Məcəllənin tələblərinə zidd olaraq ümumi yığıncaqlar çağırılmır, maliyyə sənədləri həmtəsisçilərdən gizlədilir və məlumat alma hüquqları məhdudlaşdırılır. Ən əsası, mənim və digər təsisçi İslamov Vilayət Heybət oğlunun razılığı olmadan MTK adından külli miqdarda kredit və maliyyə öhdəlikləri rəsmiləşdirilmişdir. Şikayətçi həmçinin vurğulayır ki, Qurbanov Münasib Teymur oğlu tərəfindən kooperativin fəaliyyətinə qanunsuz müdaxilələr edilir və nizamnamənin (xüsusilə 7-ci maddənin) tələblərinin icrasına maneələr yaradılaraq paralell idarəetmə sistemi formalaşdırılıb.
Baş verənlər Azərbaycan Respublikası Konstitusiyasının 29-cu (mülkiyyət hüququ) və 60-cı (hüquq və azadlıqların məhkəmə müdafiəsimaddələrinin açık-aşkar tapdalanmasıdır.
Faktum.az olaraq bu ağır faktları ictimailəşdirir, Azərbaycan Respublikasının Baş Prokurorluğunu insan ölümü faktı, vəzifə səlahiyyətlərindən sui-istifadə (CM-nin 308-ci maddəsi) və səhlənkarlıq (CM-nin 314-cü maddəsi) üzrə dərhal cinayət işi başlamağa, Fövqəladə Hallar Nazirliyini (FHN) təhlükəsizlik normaları bərpa olunana və obyektiv araşdırma bitənə qədər “TEYMUROĞLU CONSTRUCTION” MTK-nın tikinti fəaliyyətini dayandırmağa, həmçinin Dövlət Əmək Müfəttişliyi Xidmətini təcili təftişə çağırırıq.
Mövzunu diqqətdə saxlayacağıq!
Müraciətdə adı çəkilən şəxslərin və MTK rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.





Xəbəri paylaş


 
 


Xəbər lenti