Mehdiyev və ailəsi ilə bağlı müəmma: siyahı yayıldı – Qərar gözlənilir

 
Dünən, 11:37           
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin müsadirə ediləcəyi bildirilən əmlakların siyahısı ictimaiyyətə açıqlanıb. Siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, şirkətlər, yaşayış binaları və bank səhmləri yer alır. Əmlakların həcmi və müxtəlif sahələri əhatə etməsi onların gələcək taleyi ilə bağlı suallar yaradır.
Müsadirə prosesi başa çatdıqdan sonra bu əmlakların aqibəti necə olacaq? Onlar dövlətin balansına keçiriləcək, satışa çıxarılacaq, yoxsa başqa məqsədlər üçün istifadə ediləcək?
Əyalətmedia.az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, qanunvericiliyə əsasən, müsadirə olunan əmlak dövlətin mülkiyyətinə keçir və dövlətin balansına alınır:
“Lakin indiyədək belə əmlakların sonrakı taleyi, onların necə idarə olunduğu və satışından əldə edilən vəsaitin hara yönəldildiyi barədə ictimaiyyətə ətraflı məlumat verilməyib. Hətta dövlət büdcəsinin icrası ilə bağlı hesabatlarda da müsadirə olunan əmlakların satışından büdcəyə nə qədər əlavə vəsait daxil olduğu ayrıca açıqlanmır. Halbuki bu əmlaklar hərraca çıxarıla, satıla və nəticədə dövlət büdcəsinə əlavə gəlir gətirə bilər”.
Hüquqşünas bildirib ki, bu baxımdan, müsadirə olunan əmlakların uçotu, qiymətləndirilməsi, satış prosesi və əldə edilən gəlirlərin istifadəsi barədə məlumatların açıqlanması vacibdir:
“Belə məlumatların ictimaiyyətə təqdim edilməsi həm şəffaflığın artırılmasına, həm də dövlət mülkiyyətinə keçən əmlakların taleyi ilə bağlı sualların aradan qaldırılmasına xidmət edir”.
Xatırladaq ki, qeyd edilən əmlaklarla bağlı oxu.az saytı məlumat yaymışdı.
Sözügedən əmlakların siyahısı:
1. Torpaq sahələri və üzüm bağları:
– Novxanıda üzüm bağları;
– Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı torpağı;
– Novxanıda 155 hektar torpaq sahəsi;
– Xınalıq kəndində 50 hektar torpaq sahəsi.
2. Ailə üzvlərinin adına olan torpaqlar:
– Həyat yoldaşı Qalina Mehdiyevanın adına Maştağada 892 sot torpaq;
– Qızı Kamilə Əliyevanın adına 240 sot torpaq.
3. Şirkətlər və media fəaliyyəti:
– “Digital Media” MMC – 2008-ci ildə Bakıda qeydiyyatdan keçib və “Media FM” radiostansiyasının sahibidir. Ramiz Mehdiyevin nəvəsi Nigar Mehdiyevanın şirkətdə payı var.
4. Daşınmaz əmlak və kommersiya obyektləri:
– İstiqlaliyyət küçəsi, 11 ünvanında Kamilə Əliyevaya məxsus mənzil. Həmin ünvan “İnfonet” MMC və “Caspian Telekom” MMC-nin hüquqi ünvanıdır;
– Dilarə Əliyeva küçəsi, 251A ünvanındakı obyektlər;
– “Topaz” və “Qala-R.L.” mənzil-tikinti kooperativləri (MTK);
– NLT MMC və “Premium Store” MMC.
5. Digər şirkətlər və ticarət mərkəzləri:
– NLT;
– “Servis”;
– “Grand Palace”;
– “Astoriya”;
– “Astoriya Tibb Mərkəzi” MMC – 2020-ci ildən “German Hospital” adı ilə fəaliyyət göstərir;
– “Qrandezza Ticarət Mərkəzi” MMC – 2014-cü ildə açılıb, sahəsi 5 min kvadratmetrdən çoxdur;
– “Sədərək” və “Binə” ticarət mərkəzlərində paylar.
6. Bank və investisiya şirkətləri:
– “BTB” ASC – nizamnamə kapitalı 50 milyon manatdır, səhmlərinin 75 faizi Ramiz Mehdiyevin nəvəsinə məxsusdur;
– “BTB Lizinq” ASC;
– “BTB Kapital İnvestisiya Şirkəti” ASC.
7. Nəşriyyat və yaşayış binaları:
– “Şərq-Qərb Nəşriyyat Evi” MMC;
– “Qlobal East West” MMC;
– Xətai rayonu, Əhmədli qəsəbəsində nəşriyyatın ərazisində inşa edilmiş 408 mənzilli, 16 mərtəbəli yaşayış binası və yaxınlıqdakı digər 16 mərtəbəli bina.
8. Villalar və bağ evləri:
– Bakıda Tbilisi prospektində yerləşən, 36 sot ərazini əhatə edən villa – satış qiyməti 8 milyon dollar;
– Göyçay, Şamaxı və Göygöl rayonlarında bağ evləri.




Xəbəri paylaş


 
 


Xəbər lenti