İQTİDARSIZ ƏR: İmperatorun bədbəxt evliliyi və ona ömrü boyu sadiq qalan qadın
Dünən, 10:37
Mariya Anna gəlinlik paltarında dayanmışdı. Üzü ağappaq idi. Bəyinə hər dəfə baxanda gözləri yaşla dolurdu. Kahin ondan qarşısındakı kişini ər kimi qəbul edib-etmədiyini soruşanda şahzadə güclə eşidilən səslə cavab verdi:— Bəli.
Toy mərasimini izləyən imperator II Frans qəmgin halda astadan dedi:
— İlahi, bizi qoru!
Bu evlilik mərasimi adi bir ailə qurmaq hadisəsi deyildi. Burada Avropanın iki nüfuzlu sülaləsinin maraqları birləşirdi. Gəlin Sardiniya kralının qızı, bəy isə Avstriya taxtının varisi idi. Lakin bu nikahın arxasında saray mərasimlərinin dəbdəbəsindən uzaq, olduqca kədərli bir həyat hekayəsi dayanırdı.
Şahzadənin uzun gözləntisi
Mariya Anna 19 sentyabr 1803-cü ildə anadan olmuşdu. O, Sardiniya kralı I Viktor Emanuelin və Avstriya-Este şahzadəsi Mariya Terezanın ailəsində dünyaya gələn qızlardan biri idi. Onun özündən başqa bacı-qardaşları da vardı. Əkiz bacısı Mariya Tereza ilə isə xüsusilə yaxın münasibətdə idi.
- Şahzadələrin uşaqlığı saray qaydalarına uyğun keçirdi. Səhərlər onlar alim-yezuitin ciddi nəzarəti altında xarici dilləri öyrənir, günortalar musiqi və rəqslə məşğul olur, axşamüstü isə saray xanımından incə tikmə sənətinin sirlərini mənimsəyirdilər.
Mariya Tereza on altı yaşına çatanda onun üçün bəy tapıldı. 1820-ci ildə o, gələcək həyat yoldaşının yanına yola düşdü. Əkiz bacısından ayrılan Mariya Anna isə sarayda qaldı.Atası Viktor Emanuel qızına söz vermişdi:
— Sənin üçün də tezliklə bəy tapacağıq.
Lakin zaman keçirdi, şahzadə isə hələ də öz taleyini gözləyirdi.
1824-cü ildə atası vəfat etdi. Anası Mariya Tereza da qızını özündən uzaqlaşdırmağa tələsmirdi. Mariya Anna sarayda yaşamağa davam edir, evlilik məsələsinin nə vaxt həll olunacağını bilmirdi.Yalnız 1830-cu ilin sonlarında anası qızının ailə qurmasına razılıq verdi. Bunun səbəbi isə namizədin adi bir şahzadə deyil, Avstriya imperatorunun oğlu və taxtın varisi olması idi. Bəyin adı Ferdinand idi.
Avstriya taxtının varisi
Ferdinand 1793-cü ildə anadan olmuşdu. O, Müqəddəs Roma imperiyasının sonuncu imperatoru və sonradan Avstriya imperatoru olmuş II Fransın böyük oğlu idi.
Lakin Ferdinandın səhhəti uşaqlıqdan zəif idi. O, epileptik tutmalardan əziyyət çəkir, müxtəlif nevroloji problemlərlə üzləşirdi. Bu səbəbdən onun gələcəkdə dövlət idarəçiliyini həyata keçirmək qabiliyyəti sarayda ciddi müzakirə mövzusu idi.
Ferdinandın səhhətindəki problemlər o qədər ağır idi ki, saray həkimləri onun adi ailə həyatı yaşaya biləcəyinə belə şübhə ilə yanaşırdılar.
- Buna baxmayaraq, sülalə maraqları hər şeydən üstün tutulurdu. Avstriya taxtının varisinin evlənməsi və Habsburqlar nəslinin davamı məsələsi mühüm siyasi əhəmiyyət daşıyırdı.

Mariya Annanın 27 yaşı vardı. O dövrün saray ənənələrinə görə, bu yaşda ailə qurması gecikmiş nikah hesab edilirdi.Beləliklə, şahzadə Avstriya taxtının varisi ilə ailə qurdu. Lakin onun qarşısında dayanan həyat yoldaşı haqqında sarayda yayılan söz-söhbətlər Mariya Annanın gələcəyinə dair narahatlığı daha da artırırdı.
Ərindən daha çox qayğıya ehtiyacı olan həyat yoldaşı
- Ferdinandın səhhəti onun həyatını ciddi şəkildə məhdudlaşdırırdı. Epileptik tutmalar bəzən gündə dəfələrlə baş verirdi. O, dövlət işlərini müstəqil şəkildə idarə etməkdə çətinlik çəkirdi. Buna görə də hakimiyyətin gündəlik həyata keçirilməsində dövlət xadimləri və saray müşavirləri mühüm rol oynayırdılar. Lkin Ferdinandı yalnız xəstə və idarəçilik qabiliyyəti olmayan bir insan kimi təqdim etmək düzgün olmazdı.
Onların nikahından övlad dünyaya gəlmədi. Cütlüyün ailə həyatı adi ər-arvad münasibətlərindən daha çox qayğı, sədaqət və qarşılıqlı bağlılıq üzərində qurulmuşdu.
Mariya Anna sonralar özünü ərinin tibb bacısı kimi xarakterizə edirdi. Bu ifadə onun gündəlik həyatının mahiyyətini yaxşı əks etdirir: o, həyat yoldaşının səhhətinə qayğı göstərir, onunla birlikdə yaşayır və çətinliklər qarşısında onu tək qoymurdu.1835-ci il martın 2-də Ferdinand Avstriya imperatoru oldu. Mariya Anna da imperatriça titulunu aldı. 1836-cı ildə isə Praqada Bohemiya kraliçası kimi tacqoyma mərasimində iştirak etdi.
Beləliklə, bir vaxtlar öz taleyini gözləyən şahzadə Avropanın ən nüfuzlu saraylarından birinin sahibəsinə çevrildi.
Lakin imperatriça olmaq onun şəxsi həyatına gözlənilən xoşbəxtliyi gətirmədi.
İnqilab və taxtdan imtina
1848-ci il Avropa tarixində inqilablar ili kimi yadda qaldı. Qitənin müxtəlif ölkələrində insanlar siyasi dəyişikliklər, azadlıqlar və yeni idarəçilik formaları tələb edirdilər. Avstriya imperiyası da bu hadisələrdən kənarda qalmadı.
Vyanada baş verən iğtişaşlar imperator sarayını çətin vəziyyətə saldı. Uzun illər Avstriya siyasətində böyük nüfuza malik olmuş kansler Klemens fon Metternix hakimiyyətdən getməyə məcbur oldu.
Ferdinand böhranı idarə etməkdə çətinlik çəkirdi. Siyasi qərarların qəbulunda digər dövlət xadimlərinin rolu daha da artmışdı.
- Nəhayət, 1848-ci il dekabrın 2-də Ferdinand taxtdan imtina etdi. Onun yerinə cəmi 18 yaşlı qardaşı oğlu Frans İosif imperator oldu.
Beləliklə, Ferdinandın imperatorluq dövrü başa çatdı. Lakin Mariya Anna üçün həyat yoldaşına qayğı göstərmək vəzifəsi bitmədi.Cütlük Vyanadan ayrılaraq Bohemiyaya, əsasən Praqaya köçdü. Mariya Anna burada xeyriyyəçiliklə məşğul olur, ictimai tədbirlərdə iştirak edir və ərinin yanında həyatını davam etdirirdi.
Sədaqətin ömrü
Ferdinand 1875-ci il iyunun 29-da vəfat etdi. Mariya Anna isə həyat yoldaşından təxminən doqquz il sonra, 1884-cü il mayın 4-də dünyasını dəyişdi.
Onların övladları olmadı. Bununla belə, bu nikah Avropa monarxiya tarixində qeyri-adi sədaqət nümunələrindən biri kimi xatırlanır.
Mariya Anna ərinin xəstəliyini, dövlətin yaşadığı böhranları və saray həyatının çətinliklərini onunla birlikdə yaşadı. O, imperatriça tituluna sahib olsa da, həyatının əsas hissəsini hakimiyyət uğrunda mübarizədən çox həyat yoldaşına qayğı göstərməyə həsr etdi.Ferdinandın ölümü ilə bitən bu hekayə bir sualı da gündəmə gətirir: ailə yalnız xoşbəxt günləri bölüşməkdirmi, yoxsa insanın ən çətin anlarında onun yanında qalmaqdır? Mariya Anna öz seçimi ilə bu suala cavab vermişdi. O, Avstriya imperatriçası idi. Lakin onun həyat hekayəsinin ən yaddaqalan tərəfi tacı deyil, sədaqəti oldu.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Xəbəri paylaş

























