Qazaxıstan Rusiyanı susdurdu - ƏTRAFLI
Bu gün, 10:21
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən mikrofon qarşısına keçərək Astanadan izahat tələb edib. Onun çıxışından Moskvada yaranmış narazılıq və təəccüb açıq hiss olunurdu. Məlum olub ki, Rusiya tərəfi Qazaxıstanın rusiyalıların ölkəyə girişini elektron icazə sistemi ilə tənzimləmək qərarını təəccüblə qarşılayıb.- Moskvanın məntiqinə görə, Qazaxıstan, əlbəttə, suveren dövlətdir, amma rusiyalıların respublikaya daxil olmaq üçün QazETA elektron icazəsi alması necə başa düşülməlidir? Rusiya XİN-də birdən-birə Avrasiya İqtisadi İttifaqının ruhunu, sərbəst hərəkət prinsipini və qardaş xalqlar arasındakı əlaqələri xatırlayıblar.
Qazaxıstan vətəndaşlarından Rusiyaya səfərdən 72 saat əvvəl xüsusi tətbiqi yükləmək, anket doldurmaq, şəxsi məlumatlarını təqdim etmək, selfi çəkmək və hətta smartfonun kamerası qarşısında səslərini yazmaq tələb olunurdu. Bütün bunlar Rusiyanın biometrik məlumat bazası üçün nəzərdə tutulmuşdu. Görünür, məsul şəxslər səfərdən əvvəl insanın səsinin tembrini və danışığının səmimiliyini də qiymətləndirmək istəyirdilər.Maraqlıdır ki, Belarus vətəndaşları bu səs nümunəsi prosedurundan nümayişkaranə şəkildə azad edilmişdilər. Digər tərəfdən, qazaxlar, qırğızlar və ermənilər ümumi qaydalara tabe tutulurdular. Beləliklə, Avrasiya məkanındakı tərəfdaşlar arasında fərqli münasibət görüntüsü yaranırdı.
2025-ci ilin iyununda Qazaxıstan bu qərardan şikayətlənərək xüsusi diplomatik qalmaqal yaratmadı. Qazaxıstan Xarici İşlər Nazirliyi iyunun 9-da sadəcə olaraq, cavab tədbirlərinin görülməsi imkanının araşdırıldığını bildirdi.Artıq iyunun 24-də — Rusiyanın yeni sisteminin qüvvəyə minməsinə cəmi altı gün qalmış — Rusiyanın Astanadakı səfirliyi mövqeyini yumşaltmağa başladı. Diplomatlar izah etdilər ki, guya hər şey səhv başa düşülüb: RuID-də qeydiyyat könüllüdür, sistem eksperiment xarakteri daşıyır və sərhəddə müvafiq kodu olmayan şəxslər geri qaytarılmayacaqlar.
Moskva beləliklə, vəziyyətdən uğurla çıxdığını düşünürdü. Astana isə sadəcə olaraq, Rusiyanın tətbiq etdiyi qaydaları yadda saxladı.Astana Rusiyanın təcrübəsini öz qaydaları ilə tətbiq edir
2026-cı il oktyabrın 10-da Qazaxıstan hökuməti 890 nömrəli qərar imzalayıb. Beləliklə, Astana qonşusunun özünün tətbiq etdiyi mexanizmi ona qaytarıb: sərhədi keçməzdən 72 saat əvvəl elektron müraciət təqdim etmək tələbi. Ancaq Qazaxıstan bu mexanizmi daha sistemli şəkildə hazırlayıb. İndi isə Moskva diplomatlarının narazılığı da məhz bununla əlaqələndirilir.
Əvvəla, Qazaxıstan rusiyalıları telefon qarşısında səs yazısı səsləndirmək zərurətindən azad edib. Qazaxıstan sərhədçilərinə başqa ölkə vətəndaşlarının səs nümunələri lazım deyil — pasport kifayətdir.Bundan başqa, Astana tərəfdaş ölkələri birinci və ikinci dərəcəli kateqoriyalara ayırmayıb. QazETA rəqəmsal sistemində Rusiyanın daxili pasportu ilə səfər edən vətəndaşlar vizasız rejimdən yararlanan digər 85 ölkənin vətəndaşları ilə eyni qaydalara tabe olacaqlar. Amerikalılar, avropalılar, türklər və argentinalılar üçün də ayrıca güzəştli mexanizm nəzərdə tutulmur.
Lakin Moskvanı ən çox narahat edən məqam, görünür, könüllü eksperiment adı altında hər hansı istisnanın nəzərdə tutulmamasıdır. Qazaxıstanın mövqeyinə görə, burada hər şey qanun çərçivəsində və ciddi şəkildə həyata keçiriləcək.Sistemin sınaq tətbiqinə 2026-cı il noyabrın 1-dən Aktau şəhərində və Pavlodar vilayətindəki Ürlütöbə sərhəd-keçid məntəqəsində başlanılması, 2027-ci il yanvarın 1-dən isə Almatı və Astana hava limanlarının sistemə qoşulması nəzərdə tutulur.
Keçid dövründə müraciət etməyi unudan səyyahlara nəzakətlə xəbərdarlıq ediləcək. Ancaq 2027-ci il iyulun 1-dən qaydaların tam tətbiqinə başlanacağı bildirilir. Bu tarixdən etibarən QazETA vasitəsilə üç gün əvvəl təsdiqlənmiş müraciəti olmayan şəxslər Qazaxıstana buraxılmaya bilərlər.
Elektron müraciətlər təhlükəsizlik yoxlamasından keçəcək
Mətndə qeyd olunur ki, müraciətlər təqdim edildikdən sonra 72 saat ərzində Qazaxıstanın Daxili İşlər Nazirliyi tərəfindən yoxlanılacaq və Milli Təhlükəsizlik Komitəsinin (MTK) “Berkut” bazası ilə tutuşdurulacaq.
Əvvəlki səfər zamanı Qazaxıstanda cərimə almısınız və onu ödəməmisiniz? Bu, ölkəyə girişlə bağlı problem yarada bilər. 180 gün ərzində 90 günlük qalma müddətini keçmisiniz? Bu halda da müvafiq məhdudiyyətlər tətbiq oluna bilər.Televiziya efirlərində və ya sosial şəbəkələrdə başqa ölkələrin ərazilərinə iddialar irəli sürən, onların suverenliyini şübhə altına alan şəxslər də Qazaxıstana girişlə bağlı qərarla üzləşə bilərlər. Belə hallarda imtina barədə məlumatın insanlara səfərə çıxmazdan əvvəl elektron bildiriş vasitəsilə çatdırılması mümkündür.
- Bütün bunlar, sistemin tərəfdarlarının təqdimatında, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və səyyahların lazımsız xərclərdən qorunması məqsədi daşıyır.
Mariya Zaxarovanın narazılığını anlamaq çətin deyil. Çünki Moskvanın ənənəvi yanaşmasına əsasən, dünyanın ən uzun quru sərhədlərindən birində sənədlərin yoxlanılması daha çox Rusiyadan cənuba doğru hərəkət edən şəxslərlə bağlı təsəvvür olunur.
İndi isə Almatı və Astana üzərindən Avropaya və Asiyanın digər bölgələrinə səfər edən, Qazaxıstanda şirkətlər açan, yerli bankların kartlarından istifadə edən milyonlarla rusiyalı yeni elektron prosedurla üzləşə bilər.
Bu, Avrasiya məkanında münasibətlərin ənənəvi təsəvvürlərinə ciddi təsir göstərən addım kimi təqdim olunur. Çünki məsələ təkcə elektron müraciətdən ibarət deyil. Söhbət dövlətlərin öz sərhədləri və ölkəyə giriş qaydaları üzərində suveren hüquqlarından gedir.Astananın Moskvaya rəsmi cavabı
Qazaxıstan Xarici İşlər Nazirliyi isə Moskvaya diplomatik nəzakət çərçivəsində cavab verib.
Nazirliyin rəsmi nümayəndəsi Janbolat Usenov bildirib ki, yeni qaydalarla bağlı bütün zəruri məlumatları əks etdirən diplomatik notalar artıq 85 ölkənin hamısına göndərilib.O, həmçinin bildirib ki, məsələ ilə bağlı ətraflı məlumat almaqda çətinlik çəkənlər üçün Astanada ayrıca brifinq təşkil olunacaq. Yəni Qazaxıstan tərəfi qaydaları izah etməyə hazırdır.
Amma bir şərt var: müraciəti 72 saat əvvəl təqdim etməyi unutmayın!
Müəllif: Ayan Şaripbayev
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
Xəbəri paylaş

























