Qurtuluş-93-də qanunsuzluq aşkarlanıb, bəs niyə qazıntı dayandırılmır?
Dünən, 10:34
Abşeron Rayon İcra Hakimiyyəti qanunsuzluğu təsdiqləyir, amma təhlükəli işlərin dayandırılması ilə bağlı konkret nəticə barədə susur! Abşeron rayonu, “Qurtuluş-93” yaşayış kompleksinin 60 nömrəli binasının zirzəmisində aparılan qazıntı və təmir-tikinti işləri ilə bağlı redaksiyamızın Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə ünvanladığı sorğuya cavab verilib. Lakin təqdim olunan cavab məsələni aydınlaşdırmaq əvəzinə, bir sıra ciddi suallar yaradıb. İcra hakimiyyətinin rəsmi cavabında bildirilir ki, aparılan araşdırma zamanı Elnur adlı şəxs tərəfindən binanın zirzəmisində qeyri-qanuni qazıntı işlərinin aparılması və şəhərsalma norma və qaydalarının pozulması faktı aşkar edilib. Həmçinin təsdiqlənib ki, tikinti işləri heç bir icazə sənədi olmadan həyata keçirilib və pozuntu ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Belə çıxır ki, qanunsuzluq artıq rəsmi şəkildə müəyyən edilib. Bəs onda sual yaranır: pozuntu aşkar edildikdən sonra niyə həmin işlərin davam etdirilməsinə imkan verilir?Mediatvaz.com-un redaksiyasına daxil olan son məlumata görə, binanın zirzəmisində qazıntı işləri hələ də davam etdirilir. Söhbət adi təmir işindən getmir. Çoxmənzilli yaşayış binasının zirzəmisində qazıntı aparılması, xüsusilə də daşıyıcı konstruksiyalara və dayaq elementlərinə müdaxilə edilməsi binanın möhkəmliyinə və sakinlərin təhlükəsizliyinə potensial risk yarada bilər. Bu riskin real olub-olmadığı isə yalnız müvafiq texniki müayinə və peşəkar ekspertiza ilə müəyyənləşdirilməlidir. Belə bir vəziyyətdə aidiyyəti qurumların vəzifəsi sadəcə məktub göndərmək və ya pozuntu barədə bir-birinə məlumat verməklə məhdudlaşmamalıdır.Abşeron Rayon İcra Hakimiyyəti cavabında pozuntu barədə “aidiyyəti üzrə qurumlara məlumat verildiyini” bildirir. Ancaq hansı quruma məlumat verilib? Məlumat nə vaxt göndərilib? Həmin qurum hansı tədbiri görüb? Tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilibmi? Binanın texniki vəziyyətinin qiymətləndirilməsi üçün ekspertiza təyin olunubmu? Ən əsası, bu gün də davam etdiyi bildirilən qazıntı işlərinə kim nəzarət edir? Təəssüf ki, rəsmi cavabda bu sualların heç birinə konkret cavab verilmir. “Aidiyyəti qurumlara məlumat verilib” ifadəsi isə sakinlərin təhlükəsizliyi ilə bağlı narahatlığı aradan qaldırmır. Burada Fövqəladə Hallar Nazirliyinin də mövqeyi aydınlaşdırılmalıdır. Nazirliyin səlahiyyətlərinə aid olan təhlükəsizlik məsələləri, binanın konstruktiv dayanıqlığına mümkün müdaxilə və müvafiq nəzarət tədbirləri çərçivəsində hansı addımların atıldığı məlum olmalıdır. Bəs dövlət nəzarəti hansı mərhələdə işə düşməlidir — qanunsuz tikinti aşkar ediləndə, yoxsa mümkün təhlükə artıq sakinlərin həyatına və sağlamlığına təsir göstərəndə? Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi bu suala aydınlıq gətirməlidir. Qanunsuz qazıntı faktı rəsmən müəyyən edilibsə, görülən tədbirlərin nəticəsi də ictimaiyyətə açıqlanmalıdır. Pozuntunun aşkar olunması son nöqtə deyil, əksinə, qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün əsasdır. İcazəsiz qazıntı aparan şəxs barəsində hansı konkret hüquqi tədbirlər görülüb və məsələ hansı qurumun nəzarətindədir? Məsələnin digər tərəfi də var: qanunsuz tikinti və qazıntı işləri ilə bağlı dövlət qurumları arasında səlahiyyət bölgüsü bəhanəyə çevrilməməlidir.Mediatvaz.com olaraq hesab edirik ki, bu məsələ yalnız inzibati yazışma səviyyəsində saxlanılmamalı, operativ şəkildə araşdırılmalıdır. Söhbət təkcə zirzəminin qeyri-yaşayış obyektinə çevrilməsindən deyil, çoxmənzilli binanın təhlükəsizliyindən gedir.Dövlət qurumlarının vəzifəsi baş verənləri qeydə almaqla kifayətlənmək deyil, qanunsuzluğun qarşısını qanun çərçivəsində almaqdır. Sakinlər isə haqlı olaraq bilmək istəyirlər: qanunsuz qazıntı aşkar edilibsə, niyə hələ də davam etdiyi bildirilir və bu vəziyyətə kim son qoyacaq?Redaksiyamız məsələnin araşdırılmasının davam etdirilməsini, Abşeron Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin və şəhərsalma sahəsində səlahiyyətli qurumların mövqeyinin öyrənilməsini zəruri hesab edir. Qarşı tərəflərin rəsmi mövqeyini dərc etməyə hazırıq.Mediatvaz.com
Xəbəri paylaş

























