Kreditini ödəyə bilməyənlərə güzəşt edilə bilər? – İqtisadçıdan açıqlama

 
Dünən, 10:06           
kredit-2

Azərbaycanda kredit borclarının ödənilməsində çətinlik çəkən vətəndaşlara dəstək məqsədilə məişət kreditlərinə amnistiya tətbiqi məsələsi müzakirə olunur. Əhalinin artan borc yükü fonunda bu istiqamətdə mümkün dövlət dəstəyi variantları diqqət çəkir. Təkliflər arasında Dövlət Neft Fondunun vəsaitlərinin müəyyən hissəsinin kredit öhdəliklərinin yüngülləşdirilməsinə yönəldilməsi də yer ala bilər. Bununla belə, belə bir addımın maliyyə mənbələri, hüquqi mexanizmləri və iqtisadi nəticələri ətrafında bir sıra suallar yaranır.
Məişət kreditlərinə amnistiya tətbiqi vətəndaşların borc yükünü azaltmaq üçün nə dərəcədə real variantdır? Dövlət Neft Fondunun vəsaitlərinin bu məqsədlə istifadəsi iqtisadiyyata və bank sektoruna necə təsir göstərə bilər?
Mövzu ilə bağlı “AzPolitika”ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda məişət kreditlərinə amnistiya tətbiq edilməsi əhalinin borc yükünün azaldılması baxımından müzakirə oluna biləcək məsələlərdən biridir. Lakin burada əsas məqam borc öhdəliklərinin hansı mexanizmlə yüngülləşdirilməsidir.
Onun sözlərinə görə, bütün kreditlərə ümumi amnistiya tətbiq etmək iqtisadi və maliyyə baxımından ciddi çətinliklər yarada bilər: “Çünki banklar və digər kredit təşkilatları vətəndaşlara verdikləri vəsaitləri əmanətlər, borclanma və digər maliyyə mənbələri hesabına formalaşdırırlar. Kredit borclarının kütləvi şəkildə silinməsi bu təşkilatların maliyyə vəziyyətinə və gələcəkdə kredit vermək imkanlarına təsir göstərə bilər.
Digər tərəfdən, kredit öhdəliklərini yerinə yetirməkdə həqiqətən çətinlik çəkən vətəndaşlara ünvanlı dəstək göstərilməsi mümkündür. Məsələn, işini itirmiş, gəlirləri kəskin azalmış və ya ağır sosial vəziyyətə düşmüş şəxslərin kreditlərinin restrukturizasiyası, faiz və cərimələrinin müəyyən hissəsinin silinməsi, ödəniş müddətinin uzadılması kimi mexanizmlər tətbiq oluna bilər. Bu halda vətəndaşın aylıq ödəniş yükü azalır, bank isə verdiyi kreditin əsas məbləğini geri almaq imkanını qoruyur. Xüsusilə vaxtı keçmiş kreditlər üzrə borcun real ödənilmə qabiliyyətinə uyğun yeni qrafikin hazırlanması həm borcalan, həm də kreditor üçün müəyyən üstünlüklər yarada bilər”.
 

 
Ekspert qeyd edib ki, Dövlət Neft Fondunun vəsaitlərinin bu məqsədlə istifadəsinə gəlincə, burada daha ciddi iqtisadi və hüquqi məsələlər ortaya çıxır. Fondun vəsaitləri Azərbaycanın strateji maliyyə ehtiyatıdır və onların istifadəsi ölkənin uzunmüddətli iqtisadi maraqları, büdcə siyasəti və gələcək nəsillərin mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir: “Bu vəsaitlərin vətəndaşların kommersiya banklarına olan kredit borclarının silinməsinə yönəldilməsi üçün müvafiq hüquqi əsas, maliyyələşdirmə mexanizmi və dövlət siyasəti qərarı tələb olunar. Belə bir yanaşma avtomatik olaraq mümkün hesab edilə bilməz. Bununla yanaşı, Neft Fondunun vəsaitlərindən istifadə etmədən də əhalinin borc yükünü azaltmaq üçün müəyyən mexanizmlər hazırlamaq mümkündür. Dövlət sosial cəhətdən həssas vətəndaşların kreditlərinin müəyyən hissəsinin kompensasiyasını nəzərdən keçirə, banklarla birgə restrukturizasiya proqramları yarada və ya konkret meyarlara cavab verən borcalanlara müvəqqəti dəstək göstərə bilər. Əgər dövlət vəsaiti ayrılarsa, bu dəstəyin yalnız həqiqətən ödəmə çətinliyi yaşayan şəxslərə yönəldilməsi vacibdir. Əks halda, gəliri kifayət edən və kreditini vaxtında ödəyən şəxslərlə öhdəliklərini yerinə yetirməyənlər arasında ədalətsizlik yarana bilər”.
A.Nəsirli əlavə edib ki, belə bir amnistiyanın bank sektoruna təsiri də seçilən modeldən asılı olacaq. Kreditlərin əsas məbləğinin kütləvi şəkildə silinməsi bankların maliyyə itkilərinə, gələcək kreditləşmənin məhdudlaşmasına və yeni kreditlər üzrə faizlərin yüksəlməsi riskinə səbəb ola bilər: “Əgər bankların itkiləri dövlət hesabına kompensasiya edilərsə, bu dəfə yük dövlət maliyyəsinin üzərinə düşəcək. Digər tərəfdən, məqsədli restrukturizasiya və sosial dəstək problemli kreditlərin qaytarılma ehtimalını yüksəldə, məhkəmə və icra prosesləri ilə bağlı xərcləri azalda bilər.
Digər mühüm məsələ vətəndaşların gələcək davranışına təsirdir. Kredit amnistiyasının mütəmadi təkrarlanacağı barədə gözlənti yaranarsa, bəzi borcalanlarda ödənişləri gecikdirmək meyli güclənə bilər. Bu isə kredit intizamına və maliyyə sisteminə etimada mənfi təsir göstərər. Buna görə də dəstək birdəfəlik, aydın meyarlarla və ödəmə qabiliyyətini itirmiş şəxslərin vəziyyətinə uyğun qurulmalıdır.
Nəticə etibarilə, Azərbaycanda məişət kreditlərinə ümumi amnistiya əvəzinə, real maliyyə çətinliyi yaşayan vətəndaşların borclarının restrukturizasiyası, faiz və cərimə yükünün azaldılması, sosial meyarlarla müəyyən edilən ünvanlı yardım mexanizmləri daha konkret şəkildə nəzərdən keçirilə bilər. Dövlət Neft Fondunun vəsaitlərinin bu məqsədlə istifadəsi isə yalnız hüquqi, fiskal və iqtisadi nəticələr hərtərəfli qiymətləndirildikdən sonra müzakirə oluna bilər. Əsas məqsəd vətəndaşın borc yükünü azaltmaqla yanaşı, bank sisteminin sabitliyini və dövlətin uzunmüddətli maliyyə maraqlarını qorumaq olmalıdır”.
Oğuz Ayvaz
“AzPolitika.info”




Xəbəri paylaş


 
 


Xəbər lenti