Özbəkistanın bir jesti Türk dünyasını ayağa qaldırdı - VİDEO
Bu gün, 11:05
Sosial şəbəkələrdə sürətlə yayılan bir video Türk dünyasında böyük rəğbətlə qarşılanıb.Musavat.com xəbər verir ki, dünya çempionatı çərçivəsində tribunada yer alan Özbəkistan azarkeşləri yalnız öz ölkələrinin bayrağını deyil, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və hətta Tacikistan bayraqlarını da yanaşı asaraq diqqət çəkiblər.
Videogörüntülər Azərbaycan, Türkiyə, Güney Azərbaycan və bütövlükdə Türküstan coğrafiyasında minlərlə dəfə paylaşılıb. Şərhlərdə bu addımın sadəcə idman jesti olmadığı, ortaq tarixi, mədəni və mənəvi bağların nümayişi kimi qiymətləndirildiyi vurğulanır.
Son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin güclənməsi müşahidə olunsa da, bir çox müşahidəçilər hesab edir ki, xalqları bir-birinə yaxınlaşdıran əsas amillər məhz bu cür ictimai və emosional təşəbbüslərdir. Çünki dövlətlər arasında imzalanan sənədlərdən fərqli olaraq, azarkeşlərin tribunadakı davranışı birbaşa xalqın münasibətini göstərir.
Bu gün Türk dünyasında yeni bir reallıq formalaşır. Artıq azarkeş -xalq anlayışı klassik milli sərhədlərlə məhdudlaşmır. Türkiyə millisinin uğuru Ankarada olduğu qədər Bakıda, Daşkənddə, Almatıda və Bişkekdə də sevinclə qarşılanır. Eyni şəkildə, Özbəkistanın Dünya Kubokuna vəsiqə qazanması yalnız özbəklərin deyil, milyonlarla türk insanının ortaq qürur mənbəyinə çevrilir.
Məhz buna görə son illərdə Türkiyə və Özbəkistan milli komandalarının beynəlxalq arenadakı çıxışları bütün türk coğrafiyasında xüsusi maraqla izlənilir. Tribunadakı bu görüntülər də həmin tendensiyanın növbəti təsdiqi kimi qiymətləndirilir.
Bir çox sosial media istifadəçisi videonu paylaşaraq qeyd edir ki, bu gün Türk dünyasında ortaq kimlik hissi əvvəlki dövrlərlə müqayisədə daha güclüdür. İnsanlar artıq yalnız öz dövlətlərinin deyil, eyni mədəniyyət məkanının digər nümayəndələrinin uğurlarını da öz uğurları kimi qəbul etməyə başlayıblar.
Musavat.com-a görə, bu proses klassik siyasi birlik modellərindən fərqli xarakter daşıyır. Burada söhbət Əmur Teymurun modeli olan vahid dövlət ideyasından deyil, ortaq tarixə, dil ailəsinə, mədəniyyətə və qarşılıqlı hörmətə söykənən çoxbayraqlı, çoxpaytaxtlı əbədi ittifaqdan gedir. "Yeni Müsavat" Media Qrupunun "Yeni Turan" adlandırdığı bu modeldə türk dövlətlər öz müstəqilliklərini və bayraqlarını qoruyaraq daha sıx inteqrasiya edirlər.
Tribunada yanaşı dalğalanan bayraqlar da məhz bu mənzərənin rəmzi kimi qəbul edilir.
Xəbəri paylaş


























