Məmur uşaqları hərbi xidmətdən necə yayındırılır? – Yeni qalmaqal
Bu gün, 10:03
Məlum olduğu kimi, Ermənistan mediasında hakim Mülki Müqavilə Partiyasının (MMP) yüksək rütbəli rəsmilərinin övladlarının ordu xidmətindən möhlət hüququ alması, eyni zamanda peşəkar idman fəaliyyətlərini davam etdirmələri ciddi rezonans doğurub. Yerli medianın araşdırması nəticəsində məlum olub ki, rəsmi sənədlərdə “səhhətində problem” qeyd edilən məmur övladları futbol və basketbol liqalarında aktiv şəkildə çıxış edirlər.Ermənistanda səs-küyə səbəb olan həmin faktları təqdim edir:
Keçmiş nazirin futbolçu oğlu: “Ürək və dalaq böyüməsi” bəhanəsi
Ərazi İdarəetmə və İnfrastrukturun keçmiş naziri, hakim partiyanın idarə heyətinin üzvü Qnel Sanosyanın 20 yaşlı oğlu Qor Sanosyan 2024-cü ildə səhhətinə görə icbari hərbi xidmətdən möhlət alıb. Lakin bu “sağlamlıq problemləri” onun peşəkar futbol karyerası qurmasına mane olmayıb.
O, hazırda Ermənistanın “Ararat-2” komandasında müdafiəçi mövqeyində çıxış edir. Transfermarkt portalının məlumatına görə, o, cari ilin fevralında milyarder Samvel Karapetyanın ailəsinə məxsus “Ararat-Armeniya-2” klubundan bu komandaya transfer olunub və hətta may ayındakı son oyunlarda start heyətində meydana çıxıb.

Keçmiş nazir Qnel Sanosyan oğlunun həm ordudan yayınması, həm də ağır fiziki yük tələb edən idmanla məşğul olmasını belə əsaslandırmağa çalışıb: “Oğlum 6 yaşından futbolla məşğul olur. Uşaqlıqdan idman edənlərdə daxili orqanlar elə inkişaf edir və böyüyür ki, bizim tibbi standartlara uyğun gəlmir. Səhv etmirəmsə, onda ürək, dalaq və qan təzyiqi ilə bağlı dəyişikliklər var”.
Maraqlıdır ki, futbolçunun çıxış etdiyi klubların rəhbərləri və həkimləri onun səhhətində ciddi bir problemin olmadığını, peşəkar idman üçün bütün tibbi müayinələrdən uğurla keçdiyini bildiriblər. “Ararat” klubunun direktoru Tiqran Qarabağtsyan sənədlərdə yalnız elektrokardioqrafiyada (EKQ) kiçik bir kənaraçıxma olduğunu, bunun isə futbol oynammağa mane yaratmadığını qeyd edib.
Deputatın basketbolçu oğlu: Xəstəliyi tibbi sirr sayılır…
Bənzər bir hadisə hakim partiyanın digər bir siması, parlamentin Səhiyyə məsələləri daimi komissiyasının üzvü Lusine Badalyanın ailəsində yaşanıb. Onun oğlu Samvel Gevorqyan 2023-cü ildə səhhətinə görə hərbi xidmətdən möhlət hüququ qazanıb. Lakin bu qərar onun Ermənistanın 20 yaşınadək basketbolçulardan ibarət milli komandasında, həmçinin “BKMA” və “Hatis” klublarında çıxış etməsinə maneçilik törətməyib.

Deputat ana jurnalistlərin “Oğlunuz hansı xəstəliyə görə ordudan möhlət alıb?” sualına sərt reaksiya verərək bunun “tibbi sirr” olduğunu iddia edib və medianı bu mövzunu manipulyasiya etməkdə qınayıb. O, oğlunun səhhətinə görə basketbolu atdığını desə də, idman statistikası tam əksini deyir.
Eurobasket saytının məlumatına görə, gənc idmançı mövsümün sonuna qədər aktiv şəkildə turnirlərdə çıxış edib. Onun məşqçisi Vardan Xaçatryan da basketbolçunun sadəcə yüngül bel ağrıları səbəbindən bir neçə məşqi buraxdığını, lakin dərhal bərpa olunaraq oyunlara qayıtdığını təsdiqləyib.
Yerli ekspertlər bu faktları Paşinyan hakimiyyətinin “korrupsiya ilə mübarizə” və “bərabərlik” şüarlarının fonunda növbəti məmur imtiyazı və bürokratik qorunma nümunəsi kimi qiymətləndirilir.
Xəbəri paylaş



























