Dollar satışı, Neft Fondundan büdcəyə pul axını kəskin artıb – “Əsas səbəb hökumətin ehtiyaclarıdır…”

 
5-11-2024, 14:51            121 dəfə baxılıb
Bu ilin 9 ayında Azərbaycanda dollar satışı 5.8 milyardı keçib, bu 1 il əvvəlki rəqəmlərlə müqayisədə (2.2 milyard dollar) təxminən 3 dəfə artıqdır. Ötən ilə nisbətən Neft Fondundan büdcəyə transfertlər də 3 dəfəyə yaxın artıb. Əgər keçən ilin 9 ayında dövlət büdcəsinə Fonddan 2 milyard dollar köçürülmüşdüsə, bu il həmin rəqəm 6 milyard dollara yaxınlaşıb.

İqtisadçı ekspert Rövşən Ağayev dollar satışında kəskin artımları və Fondan büdcə transfertlərinin yüksəlməsini bir neçə səbəblə izah edir: “Əsas səbəb hökumətin ehtiyaclarıdır. Bu ilə qədər bazarda biznes və ev təsərrüfatlarının valyuta tələbi aşağı olduğu üçün Mərkəzi Bank əlavə manat emissiyası hesabına Fondun satdığı valyutanı özü alırdı, əks halda dövlət büdcəsinin icrası mümkün olmazdı. Bu səbəbdən 2023-cü il ərzində MB-nin valyuta ehtiyatları 2 milyard dollardan çox artmışdı.
Amma 2024-də vəziyyət dəyişdi – işğaldan azad edilmiş ərazilərin xaricdən idxalla bağlı ehtiyaclarının və çox güman ki, hərbi tələbatın artması səbəbindən hökumətin idxalı birdən-birə 2 dəfəyə yaxın – 2 milyard dollar artdı. Və satılan dollar kütləsinin də əsas alıcısı dövlət özü oldu”.
İqtisadçı qeyd edir ki, təkcə 9 ayda dövlət sektorunun idxalı üçün bazardan 4 milyard dollara yaxın alış olub ki, bu rəqəm ötən il 2,2 milyard dollar təşkil edib.
“Şübhəsiz özəl sektorun da idxalında təxminən 5 faiz genişlənmə var. Üstəlik, ilin ilk yarısında xaricə birbaşa investisiyalar 50%-ə yaxın, bank sektorunun xarici aktivlərə yönəltdiyi vəsait isə 10%-ə yaxın artıb. Bunlar da xarici valyuta tələbini artıran amillərdir. Hökumət daxildə valyuta ticarətinə elə sərt nəzarət və məhdudiyyətlər tətbiq edir ki, əhalinin bu prosesə həlledici təsiri xeyli dərəcədə istisna olunur”, – R.Ağayev vurğulayıb. /azpolitika.info



Xəbəri paylaş


 
 


Xəbər lenti