10 manata görə cəzalanan xalq, Yaqub Eyyubovla bağlı 10 milyonluq iddia... - Qanun kimə işləyir?

 
Bu gün, 10:34           
Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini 81 yaşlı Yaqub Eyyubovun 10 milyon funta çatan əmlak aldıqını bildirir.Əgər bu faktlar doğrudan da həqiqətdirsə, onda vəziyyət təkcə pis deyil, lap biabırçıdır.

81 yaşlı, illərdir yüksək vəzifə tutan bir məmurun adının 10 milyon funt sterlinqlik əmlakla hallanması ilk baxışdan sadəcə bir xəbər kimi görünə bilər. Amma bir az dərindən düşünəndə adamın içi göynəyir.

Baş nazirin birinci müavininin aldığı maaş hamıya bəllidir. O maaşla, o əməkhaqqı ilə 10 milyonluq əmlak necə, hansı sehrli çubuqla alına bilər?

Bu, hələ üzə çıxan, bir araşdırmaçı jurnalistin tapıb ortaya qoyduğudur. Görəsən, hələ üzə çıxmayan, gizli qalan nə qədər belə "uğur hekayələri" var?

Bunu görən yoxdurmu?

Hər gün televiziyada, saytlarda korrupsiyaya qarşı mübarizədən danışılır, xəbər verənlərə mükafat vəd edilir. Yaxşı, bəs bu iddialar, bu rəqəmlər göz önündə ola-ola niyə kimsə tərpənmir?

İnsan düşünür ki, bu pullar göydən düşməyib ki. Xalqın, millətin boğazından kəsilən, büdcədən ayrılan, əməyin, alın tərinin hesabına formalaşan vəsaitlərin bu cür xərclənməsinə niyə "dur" deyilmir?

Ən ağrıdan məqam isə tarazlığın tam pozulmasıdır. Adi bir vətəndaş, əlacsızlıqdan, çörək pulu dərdindən 10 manat, 50 manat kimdənsə pul alsa və ya nəsə xırda bir səhv etsə, dərhal qanunun sərt üzünü görür. Bəs milyonlar ortada fırlananda niyə səs çıxmır?

Belə çıxır ki, qanun ancaq sadə camaat üçündür, bəzi məmurlara isə aidiyyəti yoxdur?

Xaricə axan sərvətlər və ay sonunu güdən xalq
Məsələ təkcə bir nəfərdə deyil. Cəmiyyətdə hamı danışır ki, yüksək vəzifəli məmurların əksəriyyətinin milyonları var.

Yaxşı, bu qədər pul necə toplanır və ən əsası, necə olur ki, xaricə daşınır?
Ölkədən bu həcmdə vəsait çıxarılır, xarici ölkələrdə villalar, mülklər alınır, amma nəzarət mexanizmi guya heç nə görmür.

Sadə bir adam xaricə bir az pul keçirmək istəyəndə, bankda, sərhəddə min cür sual-cavab, yoxlama, arayış tələb olunur. Adamın sanki yeddi arxa dönəni sorğu-sual edilir. Amma özlərini "elita" sayanlar milyonları elə daşıyırlar ki, sanki heç nə baş vermir, heç kimin xəbəri yoxdur.
Bu mənzərənin fonunda xalqın vəziyyəti adamı daha da yandırır. Bir tərəfdə milyonluq əmlaklar, xaricə axan pullar, digər tərəfdə isə ay sonunu güclə gətirən, minimum əməkhaqqı və ya kiçik pensiya ilə dolanmağa çalışan insanlar.

İnsan sabah nə yeyəcəyini, kommunalı, dərmanı necə ödəyəcəyini düşünür, günü-günə calayır. Sən demə, bir qismin rifahı başqalarının yoxsulluğu, əziyyəti hesabına böyüyürmüş.

Burada açıq-aydın bir çatışmazlıq var: məsuliyyət və ədalət çatışmazlığı. Xalq görəndə ki, birinə qanun dəmir kimi işləyir, digərinə isə göz yumulur, cəmiyyətdə inam sarsılır. 5 manat, 10 manat deyil, milyonlardan söhbət gedir. Bu qədər pulun göz qabağında xaricə daşınması, mülklərə çevrilməsi heç kimin gözünə dəymirsə, deməli, nəsə ciddi şəkildə tərs gedir.

Millət əziyyət çəkib, dözüb, səbir edib. Amma ədalət olmayanda, haqq-hesab sorulmayanda bu səbirin də bir həddi olur. İnsanlar sadə bir şey istəyir: qanun hamı üçün eyni olsun, xalqın pulu xalqın özünə qalsın, məmurun da cibindən çıxanla maaşı üst-üstə düşsün. Bu qədər sadə, bu qədər aydın...
.
Sima Babayeva - "DİA-AZ"








Xəbəri paylaş


 
 


Xəbər lenti