Şençjen yeni “Yeni Yalta” deyil, amma.. – “Qlobal üçlük” və küncə itələnən Avropa
Dünən, 11:04
Dünyanın diqqətlə izlədiyi və bundan sonra hələ müzakirə ediləcək Si Cinpin, Tramp və Putinin Şençjendə baş tutan üçtərəfli görüşü ilə bağlı müxtəlif fikirlər irəli sürür: bunun “qlobal üçlük” görüntüsü yaratmağa hesablandığını iddia edənlər də var, “Yalta 2” adlandıranlar və II Dünya müharibəsindən sonra dünyanın bölüşdürülməsi tarixinin təkərrür etdiyini düşünənlər də.II Dünya müharibəsinin yekununda yaranmış reallıqlarla mövcud geosiyasi mənzərəni müqayisə etdikdə, Şençjenin Yalta olmayacağı fikri ön plana çıxır, xüsusilə ABŞ, Çin və Rusiya arasındakı geosiyasi ziddiyyətlər fonunda. Lakin üçtərəfli görüşün yaratdığı mənzərədən iki nəticəni çıxarmaq mümkündür.
Birincisi, tərəflər geosiyasi proseslərdə qərarverici-həlledici “qlobal üçlük” olduqlarını nümayiş etdirir.
İkincisi, Şençjen Yalta olmasa da, gələcək geosiyasi güc balansında müəyyənedici qüvvənin bu üçlük olacağı mesajını verirlər.
Bu baxımdan, nüvə silahının yayılması, Ukrayna və İran kimi tərəflərin uzlaşmaqda çətinlik çəkdiyi ziddiyyətlər fonunda keçirilən Şençjen görüşü qlobal təsir dairələrinin bölüşdürülməsinə səbəb olmasa belə, digər ölkələrdə, xüsusilə geosiyasi güc balansında mövqe sahibi olmaq istəyən tərəflərdə narahatlıq yaradıb. Görüşdən ən çox təşviş keçirən isə məhz Avropadır və bu, heç də təsadüfi deyil.
Avropa niyə “qlobal üçlük” masasında yer almır?
“Köhnə Qitə”in Şençjendə təmsil olunmaması geniş müzakirələrə yol açıb. Buna təmsilçilik məntiqi ilə yanaşmaq mümkündür: ABŞ, Rusiya və Çin liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşür və bu təşkilatda təmsil olunmayan Avropa İttifaqının orada mövcudluğu prosedur olaraq mümkün deyil.

Bu, hüquqi baxımdan doğrudur, lakin görüşün geosiyasi əhəmiyyəti fonunda Avropanın kənarda qalması qlobal təsir dairələrinin bölüşdürülməsində, yaxud bununla bağlı gələcək ssenarilərdə olmaması kimi dəyərləndirilir.
Avropanın əsas qorxusu da bundan qaynaqlanır. Bu kontekstdə CNN-nin avropalı rəsmilərə istinadən yazdıqları xüsusilə diqqətçəkəndir.
“Avropa Tramp, Putin və Si Cinpinin Çində bağlı qapılar arxasında müzakirələr aparacağından qorxur”, – CNN yazır və qeyd edir ki, Şençjen görüşü riskli bir andır, çünki Ukrayna və onun Avropadakı tərəfdaşları qəfil ortaya çıxa biləcək hansısa razılaşmanın təsiri aldına düşə bilərlər.
Anonimlik şərti ilə danışan avropalı diplomatlardan biri hesab edir ki, görüşdən Avropanın təhlükəsizliyi ilə bağlı müsbət nəticə çıxmayacaq. Digər avropalı rəsmi isə bu görüşü “Avropa üçün dəhşətli” adlandırıb.
“Köhnə Qitə”ni narahat edən məqamlardan biri təhlükəsizliyi ilə bağlı qərarlarda yer almamasıdır. Əbu-Dabidə baş tutan görüş fonunda bu risklər daha aydın görünür.
Məlumatlara görə, Rusiya Avropaya yeni təhlükəsizlik təklifləri təqdim edib. Qərb mediası Moskvanın bu təklifləri hazırlamasında Vaşinqtonun da istəyinin olduğunu yazır. Məqsəd Rusiya və Avropa arasında daha genişmiqyaslı razılaşma əldə edilməsi, Ukrayna müharibəsinin sona çatdırılmasıdır. Tramp bəyan etdi ki, “ABŞ müharibəyə son qoymaq üçün bütün Avropanı əhatə edəcək razılaşma üzərində işləyir”.
ABŞ-nin xüsusi elçisi Cared Kuşner isə bildirdi ki, Vaşinqton Avropanın danışıqlara daxil olmasını istəyir: “Lakin Avropanın adından etibarlı şəkildə danışa biləcək birini tapmaq, Rusiyanı onları daxil etməyə inandırmaqdan daha çətin ola bilər”.
“Köhnə Qitə” nədən qorxur?
Bütün bunlar ABŞ-nin Rusiya ilə anlaşaraq, Avropanın təhlükəsizliyini, yəni “Köhnə Qitə”də gələcək siyasi balansı onların iştirakı olmadan həll etmək, yaxud diktə etmək niyyətində olduğuna diqqət çəkir. Avropalı rəsmilərin buna qarşı açıqlamaları da ssenarinin belə olduğu ehtimalını gücləndirir. Misal üçün, Almaniyanın xarici işlər naziri Yohan Vadeful “Avropa olmadan Avropaya dair heç bir qərar qəbul edilə bilməz” deyib.

ABŞ və Rusiyanın apardığı danışıqlardan kənarda qalmasından sonra Avropanın Şençjendə də yer almaması küncə itələnməsinin siqnalı kimi qəbul edilir. Burada əsas məqam Çinin üçtərəfli görüşə razı olmasıdır. Çünki ABŞ-Rusiya danışıqlarında Çinin mövqeyi Avropa üçün əhəmiyyətlidir. Pekin daha öncə “Ukrayna danışıqlarında Avropanın iştirakı”nı dəfələrlə dəstəkləyib. İndi Si Cinpinin Tramp və Putinlə masaya əyləşməsi mövqeyini dəyişə biləcəyinin mümkünlüyünü aktuallaşdırır. Ki, Pekin mövqeyini dəyişərsə, Avropanın “əli daha da zəifəyəcək”. Görüşdə Ukrayna məsələsinin gündəliyə daxil edilməsi bu riskləri gücləndirir.
Bu baxımdan, Şençjen görüşü “Köhnə Qitə”də təşvişlə qarşılanır. Çünki bu görüş “Yeni Yalta” olmasa da, böyük dövlətlərin qlobal sabitlik və gələcək strategiyalar üzərində birbaşa danışıqlar aparmasının başlanğıcı ola bilər ki, orada təmsil olunmayanların “geosiyasi güc mərkəzi” kimi qəbul edilməsinin çətin olacağı görünür. Bu, təkcə Avropanın “geosiyasi güc mərkəzi” planlarına zidd deyil, eyni zamanda, öz təhlükəsizliyi ilə bağlı qərarlardan kənarda qala biləcəyi riski deməkdir./azpolitika.info
Xəbəri paylaş
























