Bəzən əsgərlikdən möhlət almaq üçün saxta təhsil arayışları təqdim olunur – General

 
Bu gün, 09:57           
Hərbi xidmətə çağırışdan möhlət almaq üçün xarici universitetlərdə təhsil barədə təqdim olunan sənədlərin yoxlanılması zamanı saxta arayışlar aşkarlanır.
Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Azər Məmmədov vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, sənədin üzərində möhür və apostilin olması onun məzmununun həqiqiliyini təsdiqləməyə kifayət etmir:
“Baxırsan ki, möhürü də var, apostil də olunub. Amma dərindən yoxlayanda universitetdən cavab gəlir ki, bizim belə şöbəmiz və ya tələbəmiz yoxdur”.
Azər Məmmədov qeyd edib ki, xarici universitetlərdə, o cümlədən doktoranturada təhsil almaqla bağlı təqdim olunan sənədlər araşdırılır. Onun sözlərinə görə, hər bir hal üzrə ayrıca yoxlama aparılmalı və bundan sonra qərar qəbul olunmalıdır.
“Bakıda da bu istiqamətdə fəaliyyət göstərən bir neçə şirkət var. Mən düşünürəm ki, onların fəaliyyəti bəzən qeyri qanunidir. Ona görə burada fərdi yanaşmaq lazımdır və hər bir hal araşdırılmalı, sonra isə qərar qəbul olunmalıdır”, – deyə o bildirib.
Xidmət rəisinin müavini bu sahədə hüquqi tənzimləmənin təkmilləşdirilməsi üçün təkliflər irəli sürdüklərini də açıqlayıb:
“Biz yeni dəyişikliklərlə bağlı təkliflə çıxış etmişik. Hazırda qanun layihəsi hazırlanıb. Bu istiqamətdə də işlər görüləcək”.




Xəbəri paylaş


 
 


Xəbər lenti