Stalinin ölüm maşınını qurdu, ilk qurbanlarından birinə çevrildi

 
Dünən, 11:23           
1891-ci il noyabrın 19-da (yeni təqvimlə) Rıbinsk şəhərində saatsaz və qravüraçı ailəsində Yenox Gerşenoviç İequda dünyaya gəldi. O, tarixə Genrix Qriqoryeviç Yaqoda adı ilə düşdü. SSRİ-nin ilk dövlət təhlükəsizliyi general-komissarı və ilk daxili işlər xalq komissarı oldu. Lubyankanın hər şeyə qadir repressiya maşınını özü qurdu, lakin sonda həmin amansız mexanizmin ilk qurbanlarından birinə çevrildi.
26 yaşında, o vaxta qədər çapçı və aptek köməkçisi işləyən Yaqoda bolşeviklər partiyasına üzv oldu. 1919-cu ildə isə artıq Fövqəladə Komissiyada (VÇK) fəaliyyət göstərirdi. Feliks Dzerjinski və ağır xəstə Vyaçeslav Menjinskinin rəhbərliyi dövründə enerjili, intizamlı və son dərəcə dəqiq işçi kimi tanınan Yaqoda qısa müddətdə idarənin faktiki rəhbərlərindən birinə çevrildi.
Məhz onun rəhbərliyi dövründə QULAQ-ın islah-əmək düşərgələri sistemi genişləndirildi, Ağ dəniz–Baltik kanalı tikildi. 1934-cü ilin iyulunda isə birləşmiş Dövlət Siyasi İdarəsi öz qoşunları, kəşfiyyat strukturları, sərhəd qoşunları və həbsxanaları olan qüdrətli Daxili İşlər Xalq Komissarlığına (NKVD) çevrildi.
1930-cu illərin ortalarında Genrix Yaqoda özünü artıq toxunulmaz hakimiyyət sahibi hesab edirdi. Stalin onun üçün şəxsən ən yüksək xüsusi rütbəni – Sovet İttifaqı marşalının rütbəsinə bərabər tutulan dövlət təhlükəsizliyi general-komissarı rütbəsini təsis etmişdi. Qızılı tikmələrlə bəzədilmiş təmtəraqlı formanı Yaqoda, xüsusilə, paradlarda geyinməyi çox sevirdi. Balacaboy, arıq bədən quruluşu və səciyyəvi bığları ilə seçilən bu adam zahiri görünüşünə də xüsusi diqqət yetirirdi.
Yoxsulluq içində böyüyən Yaqoda böyük hakimiyyətə sahib olduqdan sonra dəbdəbəli həyat tərzinə qurşandı. Moskva yaxınlığındakı Ozyorki bağ evində nadir güllərdən ibarət bağ və orxideya istixanası yaratmışdı. Çiçəklərə şəxsən qulluq edir, at sürməyi, bahalı xarici ətirləri sevir, tütün qəlyanları və çubuqlarından ibarət kolleksiya toplayırdı.

Gənclik illərində aptekdə işləməsi onda kimya və zəhərli maddələrə xüsusi maraq oyatmışdı. Bu maraq sonradan, demək olar ki, xəstəlik həddinə çatmışdı. Lubyankadakı kabinetində nadir kimyəvi preparatların və güclü təsirə malik toksinlərin saxlandığı bağlı şkaf vardı.
1936-cı ilin avqustunda Yaqoda Birinci Moskva nümayişkaranə məhkəməsinin təşkilində mühüm rol oynadı. Məhkəmənin nəticəsində Leninin vaxtilə ən yaxın silahdaşları olmuş Qriqori Zinovyev və Lev Kamenev güllələndilər.
Hər şey onun üçün uğurlu görünürdü. Lakin Yaqoda Stalin rejiminin əsas qanunlarından birini nəzərə almamışdı: çoxlu sirr bilən insan gec-tez özü təhlükəli şahidə çevrilir.
1936-cı il sentyabrın 25-də Stalin və Jdanov Soçidən Siyasi Büroya teleqram göndərərək Yaqodanın fəaliyyətini kəskin tənqid etdilər:
“Yaqoda trotskiçi-zinovyevçi blokun ifşası işində açıq-aşkar öz vəzifəsinin öhdəsindən gələ bilmədi. OQPU bu işdə dörd il gecikdi”.
Bundan sonra Yaqoda əvvəlcə Rabitə Xalq Komissarlığına keçirildi, 1937-ci ilin martında isə həbs olundu.
Yeni xalq komissarı Nikolay Yejovun adamları Yaqodanın Kreml mənzilində və bağ evində axtarış apararkən aşkar edilən əşyaların siyahısı hətta repressiya sisteminin təcrübəli əməkdaşlarını da heyrətə gətirdi.
Bağlı şkaflardan və seyflərdən çar dövrünə aid zirzəmilərdən götürülmüş nadir xarici şərab və konyakların 242 şüşəsi, 165 kolleksiya tütün çubuğu, onlarla xarici kostyum, yüzlərlə qadın alt paltarı və corab, 19 revolver, təxminən 4 min pornoqrafik açıqca və 11 xarici pornofilm aşkarlandı.
Lakin ən diqqətçəkən tapıntılar tamam başqa idi. Yaqodanın şəxsi əşyaları arasında 1918-ci ildə Leninə atılmış iki güllə, eləcə də 1936-cı ilin avqustunda Zinovyevin edamında istifadə olunmuş güllə də vardı. Keçmiş xalq komissarı bu əşyaları sanki öz qəddar fəaliyyətinin xatirə nişanları kimi saxlayırdı.
Lubyankanın yeni sahibləri dünənə qədər özlərinin rəhbəri olmuş Yaqoda ilə heç bir mərasim keçirmədilər. Ondan ağır ittihamlar üzrə etiraflar almağa başladılar. Almaniya, Polşa və Yaponiya xeyrinə casusluq, Sergey Kirovun qətlinin hazırlanmasında iştirak, hətta özünün “aptek şkafı”ndakı zəhərlərdən istifadə etməklə yazıçı Maksim Qorkini zəhərləmək və Nikolay Yejovun kabinetinə civə səpərək onu zəhərləməyə cəhd göstərmək kimi ittihamlar irəli sürüldü.
1938-ci ilin martında Genrix Yaqoda Nikolay Buxarin və Aleksey Rıkovla birlikdə Üçüncü Moskva məhkəməsinin qarşısına çıxarıldı. İroniyanın böyüklüyünə baxın: cəmi il yarım əvvəl başqalarının mühakimə olunmasına və edamına şərait yaradan adam indi özü həmin məhkəmənin kürsüsündə oturmuşdu.
Son sözündə bir vaxtlar hər şeyə qadir olan xalq komissarı artıq aciz və sınmış görünürdü. O, rəhm diləyir, həyatının bağışlanmasını istəyirdi. Lakin bu yalvarışlar heç nəyi dəyişmədi.
1938-ci il martın 15-də Lubyankanın zirzəmisində ölüm hökmü icra edildi. Yaqodanın güllələnməsini vaxtilə minlərlə insanın edamında iştirak etmiş, NKVD-nin daimi komendantı Vasili Blohin həyata keçirdi.
Beləliklə, repressiya maşınının qurucularından biri özünün yaratdığı sistemin qurbanına çevrildi.
Yaqodanın ailəsi də Stalin repressiyalarından xilas ola bilmədi. Həyat yoldaşı İda Averbax, yaşlı valideynləri və üç doğma bacısı güllələndi. Cəmi yeddi yaşı olan oğlu isə başqa soyadla uşaq evinə göndərildi.
Tarixdə Genrix Yaqoda repressiya sisteminin qurucularından biri, minlərlə insanın taleyində faciəli rol oynamış NKVD rəhbəri kimi qaldı. Onun aqibəti Stalin diktaturasının amansız mahiyyətini bir daha nümayiş etdirdi: dünən başqalarının ölüm hökmünü hazırlayanlar bu gün özləri müttəhimlər kürsüsündə əyləşə bilərdilər.
Ağagül Mürsəlov,
KONKRET.az



Xəbəri paylaş


 
 


Xəbər lenti