Avropa “vassala” çevrilir: Makron Əliyevin dediklərini təkrarladı

 
Bu gün, 09:59           
Fransa Prezidenti Emmanuel Makronun “ya Çinin, ya da ABŞ-ın vassalına çevrilmək təhlükəsi var” sözləri Avropada zaman-zaman “strateji muxtariyyət” müzakirələrini yenidən gündəmə gətirib. Makron da bəyan edib ki, “məqsədimiz çoxtərəfli dünya nizamını müdafiə etmək, strateji muxtariyyətimizi qoruyub möhkəmləndirmək və daha müstəqil olmaqdır”.
Makronun bu sözləri beynəlxalq münasibətlər sisteminin gələcəyində Avropanın yerini və “Köhnə qitə” liderlərinin bu yerlə razılaşmaması reallığını ön plana çıxarır.
Geosiyasi rəqabəti və gələcək güc balansını anlamaq üçün məsələyə bir qədər uzaqdan yanaşmaq zərurəti var: II Dünya müharibəsindən sonra qurulan BMT mərkəzli dünya sistemi tədricən zəifləyərək, 2022-ci ildə – Rusiyanın Ukraynaya hücumu ilə dağılma mərhələsinə keçdi. Və bu mərhələdə Avropa təkcə təhlükəsizlik problemi ilə üzləşməyib, eyni zamanda, qlobal güc balansındakı mövqelərinə də risklər yaranıb. Ukrayna müharibəsinə qədər Fransa və Almaniya başda olmaqla Avropada “NATO-ya alternativ ordu” yaratmaq haqda danışanların məqsədi Makronun bu gün bəhs etdiyi “strateji muxtariyyətin” qorunması idi, lakin Rusiyanın hücumu Qərb blokunu yenidən NATO-nun – ABŞ-ın çətiri altına sığınmağa məcbur etdi. Bu, Avropanın “strateji muxtariyyəti”nin perspektivlərini sual altına salırdı, lakin müharibənin gedişində, xüsusilə Trampın hakimiyyətə gəlişi ilə vəziyyət daha da çıxılmaz hala çevrildi. Və Avropanın önündə iki çağırış yarandı.
1. Tramp Amerikasının Rusiya ilə danışıqlara getməsi Avropanın öz təhlükəsizliyinin təmin edilməsində iştirakına risklər yaradıb;
2. ABŞ-ın qlobal planında – Rusiyaya “özünün nəzarətində olan qlobal oyunçu” rolunu verməklə güclənən Çinə qarşı istifadə edilməsi, Avropaya yer verilməməsi “Köhnə qitə”nin siyasi gələcəyinə təhlükə yaradır;
Bu vəziyyətdə Avropa ya ABŞ-Rusiya anlaşmasının tərkib hissəsi olmaqla razılaşmalı və Vaşinqtonun ona biçdiyi “vassal” rolu qəbul etməlidir, ya da strateji müstəqilliyini saxlamaq üçün alternativ qütblə – Çinlə əməkdaşlığı seçməlidir. Ki, bunun özü də risklidir: Çinə doğru əyilmək bir tərəfdən, ABŞ-ın təhlükəsizlik çətirini tamamilə qaldırmasına, digər tərəfdən, Pekinin “vassalı”na çevrilməyə zəmin yarada bilər.
Dillemma vəziyyətində qalan Avropanın çıxış yolu öz gücü hesabına irəliləməkdə görünür, halbuki, mövcud imkanlar daxilində bu, o qədər də asan deyil. Makronun açıqlamasını bu cür oxuya bilərik. Fransa prezidentinin daha öncə də dilə gətirdiyi bu “təhlükə” haqqında xəbərdarlığı indi – Tramp, Si Szinpin və Putinin Çində gözlənilən və “Yalta 2” kimi qiymətləndirilən görüşündən öncə etməsi diqqət çəkir. Avropa qlobal güc balansının onun iştirakı olmadan müəyyənləşməsindən narahatdır.
Fransa prezidenti bununla Prezident İlham Əliyevin dediklərini təkrarlayaraq, ABŞ və Çinin dünyanın iki qütbü – supergücü olduğunu da etiraf etmiş oldu. Cəmi bir ay öncə Prezident İlham Əliyev YAP-ın qurultayında çıxışı zamanı bildirmişdi ki, “ABŞ və Çin dünyanın iki supergücüdür, üçüncüsü yoxdur”. Bir ay sonra Makron ABŞ və Çini Avropanı vassala çevirə biləcək gücündən bəhs edir. Fransa prezidenti mövcud reallığı anlayır, amma dünyanın iki supergücü ilə strateji tərəfdaşlıq münasibətləri quran, bərabərhüququlu əlaqələr yaradan Azərbaycandan fərqli olaraq, çıxış yolunu bilmir./axar.az




Xəbəri paylaş


 
 


Xəbər lenti