"Heç kim Ceyhun Rzayevə bu sualı ünvanlamadı: 500 min manatı haradan almısan?"

 
Bu gün, 12:20           
500 min manatlıq torpaq, 5 manatlıq məktəb xərci və ANAMA-da verilən kişi sözü...

"Məlum olduğu kimi, ehtiyatda olan general-mayor Natiq Əliyevin qızı Türkər Əliyevanın Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayevin şikayəti əsasında həbs olunması barədə sosial şəbəkələrdə və mediada geniş məlumat yayıldı..." "DİA-AZ" xəbər verir ki, bunu şəhid övladı Xəyyam Salmanzadə özünün etiraz dolu müraciətində qeyd edib.

Müraciətdə daha sonra deyilir: "Mətbuatın yazdığına görə, Ceyhun Rzayev generalın qızına torpaq almaq üçün 500 min manat pul verib.

Maraqlıdır, mətbuat bu xəbəri necə ildırım sürəti ilə yaymışdısa, elə ildırım sürəti ilə də susdu. Yəni heç kim Ceyhun Rzayevə bu sualı ünvanlamadı: 500 min manatı haradan almısan?

Azərbaycanda mətbuat çoxdan öldüyündən bu sükutun səbəbini anlamaq elə də çətin deyil. Amma ANAMA adlı bir qurumun qapısında bir neçə dəfə olduğumdan mən susqun qala bilmərəm...

Fransızların bir atalar sözü var: fəlakətlər bir-birinin ardınca gələr. Tale elə gətirdi ki, çətinliklər də mənim həyatımda üst-üstə yığıldı.

Belə ki, Ramiz Mehdiyev – Əli Həsənov çetesi illərlə əzab-əziyyətlə qurduğum, ölkənin nömrə bir xəbər portallarından olan Politika.Az saytının ölkə üzrə fəaliyyətini blokladı. Ruhdan düşməyib Ulus.Az, Politika.Az və FİA.Az saytlarını fəaliyyətə gətirsəm də, onları da blokladılar. Məcbur qalıb mediadan çəkildim.

Bir müddət sonra həbs olundum. Həbsdən çıxdıqdan sonra isə uzun müddətdir – təxminən üç ildir ki, işsizəm.

İşsizəm sözü, əslində, sadəcə bir söz deyil, ağır bir yükdür. Ailəni dolandırmaq, övladlarını saxlamaq, onların gələcəyini düşünmək, amma bütün bunlar üçün heç bir imkanının olmaması insanı sözün əsl mənasında çıxılmaz vəziyyətə salır.

Düşündüm ki, ailəmi dolandırmaq üçün ANAMA-ya üz tutum. İşləyim, övladlarımı saxlayım. Bu məqsədlə İdarə Heyətinin sədri Vüqar Süleymanovun qəbuluna getdim.

Qəbul, nə qəbul!

2023-cü ildə məni Füzulidə qəbul etdi. Kişi kimi söz verdi ki, sənədlərini topla, səni işə qəbul edəcəyəm.

Sevindim. Axı mənə kişi kimi söz verən sıradan bir şəxs deyil, həm də nazir statusunda olan bir rəhbər idi.

Sənədləri topladım və təqdim etdim. Bir ay, iki ay, üç ay... Aylar ötür, amma kişi kimi söz verən Vüqar Süleymanovdan heç bir xəbər çıxmır.

Təkrar qəbuluna getdim. Bu dəfə mənzərə belə idi: başda özü olmaqla, dörd nəfər sağında, dörd nəfər də solunda əyləşmişdi. Mən isə ayaq üstə dayanmışdım.

Düşündüm ki, insandır, unutqanlıq edə bilər. Başladım dərdimi danışmağa. Şəhid ailəsi olduğumu, himayəmdə üç azyaşlı övladımın olduğunu, anamın xərçəng xəstəliyindən əziyyət çəkdiyini, övladlarımdan birinin ruhi xəstə olduğunu və ailədə heç kimin işləmədiyini bildirdim.

Bu zaman onun solunda əyləşən məmurlardan biri qəfil güldü.

Ciddi görkəm alıb üzünə baxaraq soruşdum:

– Gülməlidir?

Tez özünü yığışdırdı.

Nə isə, Vüqar Süleymanov yenə kişi sözü verdi. Özü də bildirdi ki, bir həftə ərzində işə qəbul olunacağam.

Sevincək yenidən evə qayıtdım. Onsuz da ağır günlər yaşayırdım. Hətta həmin qəbula getmək üçün belə kimdənsə borc almışdım.

Yenə bir həftə oldu bir ay, iki ay, üç ay... Nəhayət, məcbur qalıb Zahid Oruca müraciət etdim. Sağ olsun, Zahid Oruc danışdı və mənə bildirdi ki, get, səni qəbul edəcək, gözləyir.

Yenə borc-xərc edib yola düşdüm. Qəbuluna girəndə bildirdim ki, Zahid Oruc sizinlə danışıb və mənə də dedi ki, get, səni gözləyir.

Süleymanov üzünü turşudaraq, zəhmli görkəm alıb (zatən üzündə gülərüzlük görmək çətindir) belə cavab verdi:

– Nə olsun Zahidə demişəm? Mən nə qədər buradayam, sənə iş yoxdur!

Mən də özümü itirmədən:

– Bura sənin atanın xarabası deyil ki, sən kefin istəyəni işə götürəsən, kefin istəməyəni isə götürməyəsən!

Nə isə, beləcə, oranı tərk etdim...

İndi baxıram ki, həmin Vüqar Süleymanovun müavini generalın qızına 500 min manat verərək torpaq almaq istəyirmiş.

Amma mən həmin Süleymanovun qəbuluna getmək üçün hər dəfə kimdənsə 50 manat borc alıb yola çıxırdım.

500 min manat, ay kişi, 500 min manat!

Şəhid ailəsinə iş verməyən Vüqar Süleymanovun çiçəyi burnunda olan müavini, general-mayor Ceyhun Rzayev 500 min manata torpaq almaq istəyir. Amma mən məktəbdə sınaq imtahanlarında 700 bal toplayan övladıma məktəbdə xərcləməsi üçün 5 manat tapıb verə bilmirəm.

Bir tərəfdə 500 min manatlıq torpaq söhbəti, digər tərəfdə isə övladına məktəbdə xərcləmək üçün 5 manat tapa bilməyən şəhid qardaşının acı reallığı...

Mənim sualım sadədir: dövlət qurumunda yüksək vəzifə tutan bir şəxs 500 min manatlıq torpaq sövdələşməsində iştirak edirsə, bu pulun mənbəyi niyə araşdırılmır? Bu qədər böyük məbləğ haradan əldə olunub? Mətbuat niyə bu sualları vermir?

Bəs görəsən, şəhid ailəsinin üzvü olan, üç övladını dolandırmaq üçün iş axtaran, hər dəfə qəbul qapısına borc pulla gələn bir vətəndaşa verilən kişi sözü niyə yerinə yetirilmir?

Bu dönəmdə ən zəhləm gedən cəhət odur ki, həmişə ən layiqli adamları ən layiqsiz adamlara möhtac edirlər..."







Xəbəri paylaş


 
 


Xəbər lenti