Xankəndi paradından mesajlar
17-11-2023, 12:54 137 dəfə baxılıb
Həsən Bayramov
Qərbi Azərbaycan İcması
Ağsaqqallar Şurası və Elm Komissiyasının üzvüPedaqogika elmləri doktoru, professor
Bu ilin noyabrın 8-də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xankəndi Şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr edilmiş hərbi paraddakı çıxışı və orada ifadə edilmiş başlıca mesajlar geniş rezonans doğurmuşdur.
İkinci Qarabağ müharibəsinin Zəfərlə başa çatması, onun tacı olan Şuşanın fəthi və düşmənin təslimçilik Aktına,- üçtərəfli Bəyannaməyə qol çəkməsi və nəhayət, keçən müddətdə qanunsuz silahlı birləşmələrə aludəçilik və qondarma“Prezident seçkilərin“dən sonra birgünlük lokal antiterror əməliyyatının uğurla başa çatdırılması məsələlərinə toxunan ölkə başçısı yeni yaranan tarixi şəraitlə bağlı bir sıra ciddi mesajlar verdi.
Öncə qeyd edildi ki, Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 8 noyabr kimi 20 sentyabr 2023-cü il tarixi də yaddaşımıza qızıl hərflərlə yazıldı. Hələ bu ilin aprelin 23-də Laçın istiqamətində hər iki respublika arasında sərhədi nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa edərək 20 sentyabrda dövlət suverənliyimizi təmin etdik. Bu yol heç də hamar olmamışdır. 20 il ərzində həm ordu quruculuğu və onun ən müasir silahlarla modernləşdirilməsi, həm əsgər və zabitlərimizin milli-vətənpərvərlik ruhunun formalaşdırılması uğurla davam etdirilmiş, həm də beynəlxalq müstəvidə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, xarici siyasi aspektdə apardığımız uğurlu fəaliyyətimizlə dünya artıq gördü ki, biz haqlı tərəfik. Buna da güclü siyasi iradə sayəsində nail olduq.
Nəhayət, sosial-iqtisadi sahədə aparılan islahat heç kimdən asılılığı olmayan müstəqil iqtisadi, eləcə də daxili və xarici siyasətimizin formalaşdırılması cəmiyyətimizin bir amal ətrafında dəmir yumruğa çevrilməsi ilə başa çatdı.
Prezidentin digər mühüm mesajı Ermənistanla bağlı idi.
Burada uzun müddət Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılmış seperatizmin doğurduğu fəsadlara toxunmaqla, 1990-cı illərin əvvəllərindən Sovet imperiyasının süqutundan sonra onlarında müstəqil dövlət quruculuğu prosesini qonşu ölkəyə qarşı ilhaq siyasətinə çevirmələri, yaranmış tarixi şəraiti quruculuğa yox, pozucu tendensiyalara yönəltmələri, bunu üçün də Azərbaycanın ərazi bütövlüyünə qəsd edilməsi siyasətinin, işğalın və qətliamların birbaşa onların rəhbərlərinin apardığı siyasətin nəticəsi idi.
Cənab Prezidentin haqlı olaraq qeyd etdiyi kimi İrəvanın rəsmiləri bizim sözümüzü ciddiyə alsaydılar heç sentyabrda keçirilən antiterror tədbirlərinə ehtiyac qalmazdı. “Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir. Onların bəlaları təkcə üç il bundan əvvəl başlamayıb, hələ 1990-cı illərin əvvəllərində başlayıb. O vaxt Azərbaycanın çörəyini yemiş, Azərbaycanın suyunu içmiş nankor kütlə Azərbaycana qarşı ərazi iddiası qaldırmışdır”
Əslində bu ölkənin bütün tarixi mərhələlərdə rəhbəri olmuş şəxslər, istər Sovet, istərsə də müstəqillik dönəmi olsun, bizim ərazilərimiz hesabına dövlət qurduqdan sonra bütün siyasi-ictimai mühiti anti Azərbaycan təbliğatına çevirməklə, xüsusilə Stalin dönəmində həmişə istədiklərinə nail olduqlarına görə bu siyasəti dövlət siyasəti səviyyəsində davam etdirmişlər. Satqın M.Qorbaçov dövründə isə kulminasiya nöqtəsinə çatmışdır. L.Ter-Petrosyanın, R.Köçəryanın, S.Sarkisyanın, nəhayət, N.Paşinyanın apardıqları siyasət bunun bariz nümunəsidir. Bu mənada bu xalqın bütün bəlalarının səbəbkarı elə onların rəhbərləri olmuşlar.
Amma “ilk xristian dövlətinin davamçısı,” “arxalı erməni xalqı,” onların “qəhrəman və bacarıqlı rəhbərləri,” “döyüşkən erməni igidlərinin ordusu” kimi epitetlərlə miflərini şişirdən Ermənistan və onun Xankəndindəki “ rəhbərləri” sentyabr ayında keçirilmiş bir günlük lokal antiterror əməliyyatı ilə yox oldular. Qarabağda onların heç izi-tozu da qalmadı, elə bil heç vaxt buralarda olmayıblarmış kimi qeyb oldular.
Tarixi ədalətin təcəllası olan 8 noyabr Zəfər günü kimi milli müstəqillik tarixinə daxil oldu. İlk dəfə olaraq dövlət suverənliyimizi dəmir yumruq sayəsində bu ərazilərə pərçimlədik. Bununla da həm seperatçıların kitabı bağlandı, həm də Azərbaycana qarşı erməni təxribatı cəhənnəmə getdi. İndi bir neçə məqama ciddi fikir verməliyik:
Birincisi, əgər Ermənistan rəhbərliyi qərbin gözündə ənənəvi məzlum qiyafəsində göz yaşı tökərək revansist fikirlərindən qaynaqlanan siyasətlərindən, yəni xəstə təfəkkürlərindən əl çəkməsələr, dəmir yumruq yenə başlarının üstündə dayanmalıdır.
İkincisi, XX əsrin ən mobil, peşəkar və milli-mənəvi ruhlu modern ordu quruculuğu regionun həssaslığı nəzərə alınmaqla davam etdirilməlidir: Yəni hər iki halda ehtiyatı əldən verməməliyik.
Üçüncüsü, Cənab Prezidentin sözləri ilə desək “ Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Biz bütün vəzifələri icra etmişik “. İndi söz Ermənistan tərəfinindir.
Yəni, İkitərəfli qonşuluq münasibətlərini davam etdirmək istəyərlərsə, 3+3 formatına qayıtmalı, Zəngəzur dəhlizinin açılmasının hər iki ölkənin strateji maraqlarına uyğun olmasını qəbul etməlidirlər. Yoxsa, İran tərəfindən Naxçıvan yolun açılması həmişəlik olaraq Ermənistanın təcridi olardı. Yəqin ki, onlar Azərbaycan, Türkiyə və Rusiya ilə münasibətlərini istəməyən qüvvələrin oyununa getməsələr, yeni münasibətlər tarixində onların da yeri olacaq, beynəlxalq və regional layihələrdə təmsil olunacaqlar. Əks halda nə onlar, nə də havadarları Dəmir Yumruğu unutmasınlar.
Xəbəri paylaş