Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?..

 
Dünən, 11:26           
Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan Azərbaycan əsgəri Nəsimi Musayevin müəmmalı şəkildə sərhədi keçməsindən sonra Zəngəzurun Şəki qəsəbəsində baş verən hadisələr zamanı polisin gecikməsi ilə bağlı iddialara münasibət bildirib. Nazir iddiaların əksinə olaraq, hadisə yerinə sahə polisinin vaxtında çatdığını və təxminən 10 dəqiqə ərzində ünvanda olduğunu deyib.
Ermənistan mediasına istinadla xəbər verir ki, Arpine Sarkisyan bu barədə BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci Konfransının (COP-17) tədbiri başlamazdan əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Nazir Şəki hadisəsi ilə bağlı polisin gec reaksiya göstərdiyi, ərazi üzrə məsul sahə polisinin hadisə yerinə gec çatdığı barədə səsləndirilən iddialara münasibət bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı artıq açıqlamalar verilib və polis əməkdaşı hadisə yerinə gecikməyib.
“O, istirahətdə, öz evində olub. Onun mobil telefonuna zəng ediblər, telefonla danışıq normal eşidilməyib. Lakin polis əməkdaşına yaraşan davranış nümayiş etdirərək çağırışa reaksiya verib və 10 dəqiqə ərzində hadisə yerinə çatıb. Zərərçəkənin oğlu ilə birlikdə 112-yə zəng ediblər və oradan da qrup 10 dəqiqə ərzində hadisə yerinə gəlib”, – deyə Sarkisyan bildirib.
Beləliklə, Ermənistanın daxili işlər naziri hadisə zamanı polis əməkdaşlarının gecikməsi ilə bağlı iddiaları təkzib edib. Onun açıqlaması əsasən polis əməkdaşının hadisə yerinə çatma müddəti və təcili yardım xidmətinə məlumat verilməsi ilə bağlı olub.
Nəsimi Musayevin başına gələnlər…
Xatırladaq ki, Azərbaycan hərbçisi Nəsimi Musayevin Ermənistanın Sünik vilayətinin Şəki kəndində saxlanılması barədə məlumat oktyabrın 1-də yayılıb. Ermənistanın rəsmi qurumlarının məlumatına görə, Musayev həmin gün kənddəki yaşayış evinə daxil olub və aşkar edildikdən sonra atəş açıb. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Ermənistan vətəndaşı olan qadın yaralanıb, onun iki övladı da tibbi yardıma müraciət edib. Ermənistan tərəfi Musayevin hadisə yerindən uzaqlaşdığını, daha sonra kənddə başqa ünvanda aşkar edilərək saxlanıldığını bildirib. Oktyabrın 2-də onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçildiyi açıqlanıb. Ermənistan prokurorluğu ona qanunsuz sərhədkeçmə və odlu silahla bağlı əməllər də daxil olmaqla bir neçə ittiham irəli sürüldüyünü bildirib.
Azərbaycan tərəfi nə açıqlayıb?

Azərbaycan Baş Prokurorluğunun oktyabrın 1-də yaydığı məlumata görə, Nəsimi Musayev sentyabrın 26-da Laçın istiqamətində yerləşən hərbi hissədə xidmət yerində olmadığından onun axtarışına başlanılıb. Araşdırma zamanı hərbçinin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr yarandığı bildirilib və Hərbi Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanılıb. Baş Prokurorluq həmçinin Musayevin Ermənistan ərazisində olduğunu və həmin ölkənin müvafiq orqanları tərəfindən saxlanıldığını təsdiqləyib. Qurumun açıqlamasında Azərbaycan tərəfinin hadisənin səbəblərini, hərbçinin Ermənistanda olmasının və saxlanılmasının hallarını aydınlaşdırmaq üçün qarşı tərəfin aidiyyəti qurumları ilə əlaqə saxladığı qeyd olunub./moderator.az




Xəbəri paylaş


 
 


Xəbər lenti