Milli Məclisdən SƏRT BƏYANAT: “İstənilən həmlə cavabsız qalmayacaq”
Dünən, 10:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında dövlətimizin orta güc olaraq meydana çıxması, qətiyyətli xarici siyasəti, beynəlxalq nüfuzunun ildən-ilə artması, beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfə, regional tranzit dəhlizlərindəki strateji əhəmiyyəti və ölkədaxili siyasi-iqtisadi sabitlik xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyasını xeyli artırıb.Bu fikirlər Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaydığı bəyanatda yer alıb.
Bəyanatda deyilir: “Bölgəmizdə davam edən müharibə və gərginliklər fonunda sabitlik adası kimi səciyyələndirilən Azərbaycan Respublikası son vaxtlar heç zaman görünməmiş şəkildə və sinxron formada dini-ideoloji təxribatlara, əlaqələndirilmiş informasiya əməliyyatlarına və kiberhücumlara məruz qalıb.
Müxtəlif azadlıqlar adı altında xalqımızın çoxəsrlik mili-mənəvi və multikultural dəyərləri, dini inancları hədəf alınır, cəmiyyətdə həqiqət anlayışını məhv etmək üçün zərərli fəaliyyətlər vasitəsilə insanlarımıza yad ideologiyalar doğru yol kimi təqdim edilir.
Aidiyyəti dövlət orqanları ilə birgə araşdırmalar zamanı müəyyən edilib ki, ictimai rəyi manipulyasiya etməyə, cəmiyyətdə qütbləşmə yaratmağa, dövlət qurumlarına etimadı sarsıtmağa yönələn təsir əməliyyatları, kiberhücumlar və terror-təxribat niyyətləri ölkə daxilində və xaricində olan təsir agentləri və gizli təşkilatlar, rəqəmsal məkanda isə haker qrupları, xarici media quruluşları, real və saxta hesablar, habelə botlar vasitəsilə aparılır.
Təəssüflə qeyd etməliyik ki, dost və qonşu ölkələrin ərazisində fəaliyyət göstərən, Azərbaycanı sevməyən qüvvələr öz dezinformasiya məzmunlarını müstəqil görünən kanallar vasitəsilə rəqəmsal platformalara yeridib, cəmiyyətdə etnik, dini və ya siyasi zəmində qırılma xətləri yaratmağa çalışırlar. Onların istəyi ölkə içində nifaq salmaq, fərqli düşüncəli vətəndaşlarımızı bir-birinə düşmən etmək, zorakılığı alovlandırmaq və dövlətimizi daxildən sarsıtmaqdır.
Hibrid təhdid aktorları “hesablama propaqandası” metodu ilə ictimai rəyi çaşdırmaq və cəmiyyətdə fraqmentasiyanı dərinləşdirmək məqsədilə insanları media və sosial şəbəkələrdə onların müəyyən baxışlarını dəstəkləyən saxta məlumatları fəal şəkildə axtarmağa, bu informasiyalara inanmağa və digər şəxslər arasında yaymağa təşviq edirlər.
Alqoritmlər tərəfindən idarə olunan məzmun paylaşımları “əks-səda kameraları” effekti yaradaraq istifadəçilərin yalnız öz mövcud inanc, baxış və dünyagörüşlərini əks etdirən məlumatlarla qarşılaşmalarına səbəb olur. Vətəndaşlarımızın emosional reaksiyalarını cəlb etməyə hesablanmış paylaşımlar rəqəmsal platformalarda mövcud alqoritmlər sayəsində geniş kütlələrə yönəldilir.
Bundan əlavə, “filtr qabarcıqları” mexanizmi ilə zərərli məzmun yalnız onu qəbul etməyə hazır olan, artıq müəyyən istiqamətdə təsir altına düşmüş auditoriyaya çatır. Bu isə manipulyasiyanın effektivliyini həndəsi silsilə ilə artırır.
Belə bir mühitdə qeyd edilən aktorlar klassik təbliğat üsullarına müraciət etmədən platformaların öz infrastrukturu vasitəsilə yad dəyərləri təşviq etmək, milli sabitliyi sarsıtmaq və cəmiyyətimizi daxildən parçalamaq niyyəti güdürlər.
Monitorinqlər zamanı, həmçinin müəyyən edilmişdir ki, Azərbaycana qarşı bəlli mərkəzlərdən aparılan məkrli fəaliyyətlərin miqyasına baxmayaraq, Qalib Xalqımız qətiyyətli mövqe sərgiləyərək təxribatlara uymamış, dövlətin atdığı addımları birmənalı şəkildə dəstəkləmiş, bölücü məzmunun və şəxslərin ifşa edilməsində lazımi köməyini bu gün də davam etdirir.
Bir daha bəyan edirik ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası, aidiyyəti komitələri və Aparatının struktur bölmələri, habelə müvafiq dövlət qurumları dövlətimizə qarşı həyata keçirilən bu çirkin hibrid hücumların qarşısını müvəffəqiyyətlə alır və bundan sonra da istənilən həmləni cavabsız qoymayacaqdır.
Komissiyamız, eyni zamanda, Azərbaycan əleyhinə aparılan bu fəaliyyətləri qınayan dost və qonşu ölkə vətəndaşlarına ədalətli mövqelərinə görə dərin təşəkkürünü bildirir”./musavat.com
Xəbəri paylaş

























