“MAHMUD KFT”- nin Abşeron – Xızı Regional Təhsil İdarəsinə göstərdiyi istilik xidməti korrupsiya iyi verir
Dünən, 10:28
Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron – Xızı Regional Təhsil İdarəsi istilik xidmətlərinin satın alınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “MAHMUD” kəndli fermer təsərrüfatı ilə 1.606.829,28 manat dəyərində müqavilə bağlayıb. Tenderin icrasına başlanma tarixi 15.11.2026-cı il, bitmə tarixi 15.04.2027-ci ilə qədərdir.Qeyd edək ki, bu Abşeron – Xızı Regional Təhsil İdarəsi ilə “MAHMUD” kəndli fermer təsərrüfatı arasında bağlanan ilk müqavilə deyil. Tərəflər arasında ümumtəhsil məktəbləri, uşaq bağçaları və körpələr evlərinin binalarının istiliklə təmin olunması üzrə bir müqavilə də 04.12.2025-0ci ildə bağlanıb. Bu müqavilənin də dəyəri 1.606.829,28 manat təşkil edib. Nə bir aşağı, nə də bir qəpik yuxarı. Bu tərəflər arasında satınalmanın formal keçirildiyini açıq-aydın sübut edir.
Tərəflər arasında 15.11.2024-cü ildə Abşeron r.nu ərazisində yerləşən ümumtəhsil orta məktəbləri, uşaq bağçaları və körpələr evinin və Sumqayıt şəhər ərazisində yerləşən uşaq və körpələr evinin binalarının isidilməsinin təmin edilməsi üzrə bağlanmış müqavilənin dəyəri 1.285.564,8 manat təşkil edib.
Göründüyü kimi Abşeron – Xızı Regional Təhsil İdarəsi son üç il ərzində “MAHMUD” kəndli fermer təsərrüfatı ilə istilik xidmətlərinin satın alınması üzrə beş milyon manata yaxın satınalma müqaviləsi bağlayıb. Hamısı da bir mənbədən satınalma metodu tətbiq edilməklə.
İndi gəlin görək bir mənbədən satınalma metodu hansı hallarda tət bbiq edilə bilər.
“Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə, satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;satınalma predmetinə təcili tələbat yarandıqda.
Maraqlıdır, “MAHMUD” kəndli fermer təsərrüfatının istilik xidmətləri göstərməsi üçün hansı xüsusi hüquqları var? Açıq mənbələrdə şirkətin barəsində heç bir məlumat yoxdur. Nə maddi texniki bazası, nə işçi qüvvəsi, nə müvafiq sahədə peşəkarlığı, nə də təcrübəsi barədə heç bir məlumat yoxdu. Məlumat yalnız ondan ibarətdir ki, Abşeron – Xızı Regional Təhsil İdarəsi “MAHMUD” kəndli fermer təsərrüfatı ilə milyonluq müqavilə bağladı.
Göründüyü kimi Abşeron – Xızı Regional Təhsil İdarəsi xüsusi hüquqlara malik olmayan bir şirkətlə satınalma müqaviləsi bağlamışdır ki, bu da əsaslı şübhələrə yol açır. Abşeronda və yaxud Sumqayıtda “MAHMUD KFT”-dən başqa analoji işlərlə məşğul olan şirkət yoxdurmu? Sözügedən fermer təsərrüfatı ilə birbaşa müqavilənin bağlanılmasında təbii ki, maraqlı olan tərəflər var. Çünki sözügedən şirkət Sumqayıt və Abşeron məktəblərinin “isidilməsi” üzrə çoxdan püxtələşib.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MAHMUD” kəndli fermer təsərrüfatı (VÖEN: 3100051111 ) 22.05.2001-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının, ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, qanuni təmsilçisi kimi isə İsmayılov Orxan Bilal oğlu qeyd olunub.
Reyestr məlumatlarında şirkət F.H.ABBASOVA VƏ E.M.ABBASOVUN TAM ORTAQLI MAHMUD KƏNDLİ FERMER TƏSƏRRÜFATI kimi dövlət qeydiyyatına alınıb. Şirkətin təsisçisi Abbasov Elbrus Mahmud oğlu olub. O, həm də Abşeron rayonunda fəaliyyət göstərən “İstilik” MMC-nin drektoru olub, 2019-cu ildə dünyasını dəyişib.
Qeyd edək ki, “MAHMUD” kəndli fermer təsərrüfatı daha əvvəllər də Sumqayıtda məktəblərin isidilməsi üzrə keçirilmiş tenderlərin qalibi olub. Təhsil Nazirliyinin 1 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzi təhsil müəsisələrinin isidilməsi üzrə 480 000 manat məbləğində satınalma müqaviləsi hələ 19.04.2021-ci il tarixdə “MAHMUD KFT” ilə bağlanmışdır. Sözügedən Mərkəz 22.10.2021-ci ildə isə “MAHMUD KFT” ilə 750.000 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.
Məlum olduğu kimi Abşeron – Xızı Regional Təhsil İdarəsinin tabeliyinə Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərindəki ümumtəhsil məktəbləri, uşaq bağçaları və körpələr evləri daxildir. O da çməlumdur ki, Sumqayıt şəhəri və Abşeron rayonunun iri yaşayış məntəqələrində orta ümumtəhsil müəssisələri qazanxana hesabına isidilir. Abşeron – Xızı Regional Təhsil İdarəsi istilik xidmətlərinin satın alınması üzrə müqaviləni niyə “Azəristiliktəchizat” ASC ilə deyil məhz “MAHMUD KFT” ilə bağlayır?
O ki, qaldı Təhsil İdarəsinin tabeliyində olan Xızı rayon kənd məktəblərinin isidilməsinə. Bu artıq yanacağın alınması adı altında dövlət vəsaitinin kənarlaşdırılmasından başqa bir şey deyil. Bu açıq-aşkar görsənməkdədir. Hər kəsə bəllidir ki, rayon mərkəzlərindəki məktəblərin böyük əksəriyyəti qazanxanalar vasıtəsi ilə isidilıir. Kənd məktəbləri isə hələ də valideynlərdən toplanan pullar hesabına alınan odun yanacağı hesabına isidilir. “MAHMUD” Kəndli Fermer Təsərrüfatı Abşeron – Xızı Regional Təhsil İdarəsinə göstərdiyi istilik xidməti isə korrupsiya iyi verir.
Göründüyü kimi “MAHMUD” Kəndli Fermer Təsərrüfatı Abşeron – Xızı Regional Təhsil İdarəsinin əhatə dairəsində olan məktəblərin isidilməsi üzrə milyonlarla dəyəri olan tenderlərin qalibi olub. Bununla belə övladları Sumqayıt təhsil ocaqlarında oxuyan valideynlərin məktəblərin isidilməməsi ilə bağlı sosial şəbəkələrdə və medida çoxsaylı şikayətlərə rast gəlinir. Belə olan halda Belə olan halda məktəblərin isidilməsinə ayrılan külli miqdarda dövlət vəsaitləri hara gedir?
Təbii ki, Elm və Təhsil Nazirliyinin başında oturanlara. Çünki, bu müqavilənin məhz “MAHMUD” Kəndli Fermer Təsərrüfatı ilə bağlanılmasına göstərişi nazir Emin Əmrullayevin yaxın çevrəsi, dostları, sinif yoldaşları verir. “MAHMUD” kəndli fermer təsərrüfatının funksiyası isə bəllidir. hesaba göçürülənləri geri qaytarmaq.
Aktualinfo.net
Xəbəri paylaş

























