Nəzrin Mustafayevanın TƏBİB sərgüzəştləri: Müdafiə Sənayesi nazirinin həyat yoldaşı ilə bağlı QALMAQAL BÖYÜYÜR
Dünən, 10:40
TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva ilə bağlı AFN.az-a olduqca ciddi məlumatlar daxil olub.Bildirilir ki, Nəzrin Mustafayeva müdafiə sənayesi naziri Vüqar Mustafayevin həyat yoldaşıdır. Bu, əslində normal haldır, nazir, məmur xanımının haradasa işləməsi, vəzifə tutması qanunla qadağan deyil. Lakin məsələ ondadır ki, iddialara görə, N.Mustafayevanın nazir xanımı olması TƏBİB-dəki fəaliyyətinə təsirsiz ötüşmür.
Belə ki, məlumatlı mənbənin sözlərinə görə, Nəzrin Mustafayeva TƏBİB-in inzibati binasında digər əməkdaşlardan fərqli imtiyazlara malikdir və qurumun rəhbərliyi onun davranışları ilə bağlı hər hansı tədbir görmür. Həmçinin onun şəxsi işləri üçün dövlət qurumunun imkanlarından istifadə etdiyi iddia olunur.
Daha ciddi bir iddia isə Nəzrin Mustafayevanın xüsusi mühafizə ilə təmin edilməsidir. Mənbəmiz bildirilir ki, Müdafiə Sənayesi Nazirliyinin mühafizə xidmətinin əməkdaşları TƏBİB-in inzibati binasında Müdafiə Sənayesi Nazirliyinin uniformasında fəaliyyət göstərirlər. “Həmin şəxslərə TƏBİB-in inzibati binasına giriş-çıxış üçün xüsusi kartlar verilib” – deyə bildirilir.
TƏBİB-də bəzi kadr dəyişikliklərinin də Nəzrin Mustafayevanın istəyi və göstərişləri əsasında həyata keçirildiyi iddia edilir: “Departament rəhbəri tərəfindən istəmədiyi əməkdaşların işdən uzaqlaşdırılması, onun dəstəklədiyi şəxslərin isə vəzifələrdə saxlanılması və ya irəli çəkilməsi halları mövcuddur”.
Nəzrin Mustafayevanın əməkdaşlarla münasibəti ilə bağlı da müxtəlif iddialar səsləndirilir. Müraciət müəllifi onun bəzi işçilərə qarşı təzyiq göstərdiyini, əməkdaşlar irad və ya narazılıq bildirdikdə isə “burada məndən böyük heç kim yoxdur” ifadəsini işlətdiyini iddia edir.
Bundan başqa, müraciətdə Nəzrin Mustafayevanın TƏBİB-ə tabeli müəssisələrdən və ya digər qurumlardan müxtəlif bahalı hədiyyələr qəbul etdiyi, hədiyyələrin onun iş otağına gətirildiyi və daha sonra mühafizəçilər tərəfindən binadan çıxarılaraq şəxsi avtomobilinə daşındığı iddia olunur.
Həmçinin müxtəlif qida və digər məhsulların TƏBİB-in əməkdaşları tərəfindən Nəzrin Mustafayevaya elə ofisdəcə çatdırıldığı, bu prosesdə xidməti sürücülər və mühafizə əməkdaşlarından istifadə edildiyi bildirilir.
Bütün qeyd edilənlərlə bağlı TƏBİB-ə ünvanladığımız sorğuya cavab verilmədi. Hər bir halda, qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Xəbəri paylaş

























