Zirzəmidən siyasi zirvəyə, oradan seks və milyonluq pul qalmaqalına - Mustafa Sarıgülün inanılmaz həyatı

 
Bu gün, 10:20           
Bir vaxtlar anası ilə binaların pilləkənlərini yuyan kasıb uşaq İstanbulun ən nüfuzlu rayonlarından birinin rəhbəri oldu. İndi isə keçmiş mühafizəçisinin cinsi zorakılıq ittihamları, intim video qalmaqalı, milyonluq maliyyə istintaqı və öz oğlunun ona qarşı verdiyi ifadələr Türkiyə siyasətinin ən çox müzakirə olunan mövzularındandır.
Türkiyə siyasətinin ən tanınmış və qalmaqallı simalarından biri Mustafa Sarıgül yenidən ölkə gündəminin mərkəzindədir. Bu dəfə söhbət nə seçki kampaniyasından, nə də onun sosial şəbəkələrdə milyonlarla baxış toplayan çıxışlarından gedir.
Siyasətçinin uzun illər yanında çalışmış mühafizəçisi Beşir Ömer Demir prokurorluğa verdiyi ifadədə Sarıgülün 2021-ci ildən başlayaraq ona qarşı razılığı olmadan seksual xarakterli hərəkətlər etdiyini iddia edib. Bu açıqlamalar 2024-cü ildə sosial şəbəkələrdə yayılan və Sarıgüllə mühafizəçisinin intim münasibətini əks etdirdiyi deyilən videonu da yenidən gündəmə gətirib.
Mustafa Sarıgül kimdir? Son soruşturmanın odağındaki siyasetçinin portresi  - BBC News Türkçe
Demir ona susması üçün 150 min dollar ödənildiyini, 100 min avro cərimə şərti olan məxfilik sənədi imzaladıldığını da irəli sürüb. Sarıgül isə ittihamları rədd edir. O, videonun saxta olduğunu və görüntülərdəki şəxsin özü olmadığını bildirib.Lakin bu qalmaqalın daha bir sarsıdıcı tərəfi var: siyasətçinin öz oğlu Emir Sarıgül də həbs olunub, daha sonra istintaqla əməkdaşlıq edərək azadlığa çıxıb. Türkiyə mediasında onun gizli şahid qismində atasına qarşı ağır korrupsiya ittihamları irəli sürdüyü bildirilir. Beləliklə, Sarıgülün illərlə qurduğu siyasi nüfuz indi həm keçmiş mühafizəçisinin, həm də öz oğlunun ifadələri fonunda ciddi sınaq qarşısındadır.
Amma bu gün böyük pulların və qalmaqalların əhatəsində adı çəkilən siyasətçinin həyatı vaxtilə inanılmaz yoxsulluqdan başlayıb. Bir vaxtlar pəncərəsiz, ayrıca tualeti və hamamı olmayan zirzəmi otağında yaşayan, anası ilə birlikdə pilləkənləri təmizləyən kasıb uşaq illər sonra Türkiyənin ən məşhur siyasətçilərindən birinə çevriləcəkdi.
Musavat.com Mustafa Sarıgülün yoxsulluqdan siyasi zirvəyə, oradan isə qalmaqalların mərkəzinə uzanan qeyri-adi həyat hekayəsini təqdim edir.
Anası onu armud ağacının altında dünyaya gətirmişdi
Mustafa Sarıgül 1956-cı ildə Türkiyənin Ərzincan vilayətinin İliç rayonunun Güngören kəndində anadan olub.
Onun uşaqlığı yoxsulluq və ağır kənd həyatı ilə keçib. Sarıgül avtobioqrafik açıqlamalarında anasının onu qışın sərt günlərində, armud ağacının altında, tibbi yardım olmadan dünyaya gətirdiyini danışıb. Atası Hakkı Sarıgül ailəni dolandırmaq üçün İstanbulda limanda hamballıq edirdi. Mustafa isə kənddə çobanlıq edir, ailəsinə kömək göstərirdi. Siyasətçinin xatirələrinə görə, atasını ilk dəfə altı yaşında görüb. Kəndə gəlib uşaqlara şirniyyat paylayan yad kişinin öz atası olduğunu sonradan öyrənib.
Ailənin maddi vəziyyəti o qədər ağır idi ki, ət nadir hallarda süfrəyə gəlirdi. Portağal isə yalnız xəstələnən uşaqlara verilən qiymətli meyvə sayılırdı. Sarıgül ilk vaflisini on yaşında, İstanbula köçdükdən sonra yediyini xatırlayır.
Pəncərəsiz zirzəmi və pilləkən yuyan ana
Ailə İstanbula köçəndə böyük şəhər onları firavanlıqla qarşılamır. İlk yaşadıqları yer yaşayış binasının zirzəmisində yerləşən, gün işığı düşməyən kiçik otaq olur. Ayrıca tualet yox idi. Məişət şəraiti son dərəcə ağır idi. Atası sürücülük, anası bina xidmətçisi işləyirdi. Ana xəstələnəndə Mustafa onun əvəzinə pilləkənləri yuyur, zibilləri daşıyırdı.
İki il sonra ailə Şişlidə ikiotaqlı mənzilə köçür. Ayrıca tualeti olan bu ev Sarıgülə saray kimi görünür.
WhatsApp Image 2026-11-12 at 09.56.07.jpeg (254 KB)
Taleyin qəribə ironiyası isə bundan ibarətdir ki, vaxtilə həmin rayonun binalarında pilləkən yuyan kasıb uşaq illər sonra Şişlinin bələdiyyə sədri olacaq və düz 15 il bu rayona rəhbərlik edəcəkdi.
İlk seçkisini bir səslə qazandı
Sarıgül siyasətə marağının məktəb illərində başladığını danışır. Dördüncü sinifdə müəllim uşaqlar arasında simvolik bələdiyyə seçkisi keçirir.
İki namizəd olur: imkanlı ailədən olan Güneş və yoxsul ailənin uşağı Mustafa.
Sarıgül kasıb uşaqların dəstəyini qazanır. Nəticədə 32 səs toplayaraq 31 səs alan rəqibinə qalib gəlir. Bu, onun öz xatirələrində danışdığı ilk siyasi qələbəsidir.
Kasıb uşaq Türkiyənin ən gənc deputatlarından birinə çevrilir
Sarıgül gənclik illərində solçu siyasi hərəkatlara qoşulur, CHP-nin gənclər təşkilatında fəaliyyət göstərir.
1979-cu ildə İstanbulun ictimai nəqliyyat qurumu İETT-də işə başlayır. 1987-ci ildə Sosial Demokrat Xalqçı Partiyasından Türkiyə Böyük Millət Məclisinə deputat seçilir. Həmin dövrdə parlamentin ən gənc üzvlərindən biri olur.
Onun əsl siyasi yüksəlişi isə İstanbulun Şişli rayonu ilə bağlıdır. 1994-cü ildə bələdiyyə seçkilərində məğlub olsa da, 1999-cu ildə qalib gəlir və 2014-cü ilə qədər Şişliyə rəhbərlik edir. Küçələrdə insanlarla görüşməsi, toylara və yas mərasimlərinə qatılması, vətəndaşlarla birbaşa ünsiyyət qurması onun siyasi üslubuna çevrilir.
2005-ci ildə CHP lideri Deniz Baykala meydan oxuyaraq partiya sədrliyi uğrunda mübarizəyə başlayır. Qurultayda 460 səs toplasa da, 674 səs qazanan Baykala məğlub olur.
Daha sonra partiyadan xaric edilir. 2014-cü ildə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilmək üçün yarışır, lakin Kadir Topbaşa uduzur. 2020-ci ildə Türkiyə Dəyişiklik Partiyasını yaradır, 2023-cü ildə isə CHP siyahısından Ərzincan deputatı seçilərək parlamentə qayıdır.
Gənc yaşında həyat yoldaşını itirdi
Sarıgülün şəxsi həyatı da ağır faciələrlə müşayiət olunub. İlk həyat yoldaşı Gülsüm Hülya Köksaloğlu CHP deputatı Abdurrahman Köksaloğlunun qızı idi. 1980-ci ildə qayınatası silahlı hücum nəticəsində öldürülür. 1981-ci ildə oğlu Emir dünyaya gəlir. 1984-cü ildə isə həyat yoldaşı Hülya xərçəng xəstəliyindən vəfat edir.
Beləliklə, Sarıgül 30 yaşına çatmamış həyat yoldaşını itirir və azyaşlı oğlu ilə qalır.
1993-cü ildə Aylin Kotillə evlənir. Bu nikahdan Ömer adlı oğlu doğulur. Cütlük 2008-ci ildə boşanır.
İllər sonra isə ilk evliliyindən dünyaya gələn Emir Sarıgül atasının həyatındakı ən böyük hüquqi-siyasi qalmaqallardan birinin əsas fiqurlarından birinə çevriləcəkdi.
Mustafa Sarıgül dosyası Ankara'ya gönderildi - BBC News Türkçe
Oğlu həbs olundu, sonra atasına qarşı ifadə verdi
2026-cı ilin oktyabrında İstanbul Cumhuriyyət Baş Prokurorluğunun başladığı çirkli pulların yuyulması və dələduzluq iddiaları ilə bağlı istintaq Sarıgül ailəsini də əhatə edib.
Mustafa Sarıgülün oğulları Emir və Ömer Sarıgül, keçmiş həyat yoldaşı Aylin Kotil və digər şəxslər haqqında hüquqi tədbirlər görülüb.
Emir Sarıgül oktyabrın 21-də həbs edilib. Lakin noyabrın 4-də Türkiyə qanunvericiliyində nəzərdə tutulan «etkin peşmanlıq» mexanizmindən yararlanaraq ev dustaqlığı şərti ilə azadlığa buraxılıb.
Ən böyük sensasiya bundan sonra ortaya çıxıb.
Türkiyənin Hürriyet qəzetinin yazarı Nedim Şenerin yaydığı məlumata görə, istintaqda «AW1G48PR» kod adı ilə ifadə verən gizli şahid məhz Emir Sarıgüldür.
WhatsApp Image 2026-11-12 at 09.56.19.jpeg (281 KB)
Şenerin təqdim etdiyi ifadədə Emir atasının Şişli bələdiyyəsinə rəhbərlik etdiyi illərdə böyük tikinti layihələrinin icazələri müqabilində pul və daşınmaz əmlak aldığını iddia edib.
Onun adı ilə yayılan ifadələrdə İstanbulun məşhur Kanyon, Metrocity, Tekfen Tower, Spine Tower, Nurol Tower və Quasar layihələri çəkilir.
İddialara əsasən, bəzi layihələrdən mənzillər və villalar, digərlərindən isə milyonlarla dollar alınıb. Xüsusilə Nurol Tower üzrə 10 milyon dollar, Quasar layihəsi üzrə 7,5 milyon dollar və bir mənzil alınması barədə iddialar səsləndirilib.
Emir Sarıgülün ifadəsində atasının bəzi əmlakları başqa şəxslərin adına rəsmiləşdirdiyi, sonradan həmin aktivlərin müxtəlif şirkətlərə ötürüldüyü də irəli sürülür. O, atasının Şişli Peşə Yüksək Məktəbi Fondunu seçki kampaniyalarının maliyyələşdirilməsi üçün istifadə etdiyini də iddia edib.
Emir Sarıgül başqa bir ifadəsində atasının siyasi məqsədlərlə Özgür Özələ ümumilikdə 350 min dollar verdiyini irəli sürüb. Özgür Özel və onun partiyası bu ittihamları rədd edib.
Noyabrın 11-də Emir Sarıgül yenidən İstanbul Ədliyyəsinə çağırılaraq əlavə ifadə verib.
Burada mühüm hüquqi məqam var: Emir Sarıgülün istintaqla əməkdaşlıq etdiyi və ev dustaqlığı ilə azadlığa çıxdığı təsdiqlənir. Onun gizli şahid olduğu barədə məlumat isə jurnalist Nedim Şenerin açıqlamasına əsaslanır. İfadələrdəki korrupsiya iddiaları məhkəmə hökmü ilə sübuta yetirilməyib.
Bununla belə, hadisənin ailə baxımından dramatik tərəfi diqqət çəkir: uşaqlıqda anasını itirən, atası tərəfindən böyüdülən Emir Sarıgül indi atasının keçmiş fəaliyyətinə dair ən ağır ittihamların səsləndirildiyi istintaqın iştirakçısına çevrilib.
Mühafizəçi qalmaqalı və intim video
Mustafa Sarıgülün ətrafındakı digər böyük qalmaqal 2024-cü ildə başlayıb. Həmin il sosial şəbəkələrdə siyasətçinin mühafizəçisi olduğu iddia edilən şəxslə intim münasibətini əks etdirdiyi deyilən görüntülər yayılıb.
Sarıgül videonun saxta olduğunu bəyan edib. 2026-cı ilin oktyabrında keçmiş mühafizəçisi Beşir Ömer Demirin prokurorluğa verdiyi ifadə həmin qalmaqalı yenidən gündəmə gətirib. Demir siyasətçinin 2021-ci ildən başlayaraq ona qarşı razılığı olmadan seksual xarakterli hərəkətlər etdiyini, nüfuzundan qorxduğu üçün uzun müddət susduğunu iddia edib. O, həmçinin susması üçün ona 150 min dollar verildiyini, məxfilik sənədi imzaladıldığını irəli sürüb. Sarıgül bütün bu ittihamları rədd edir. İddiaların həqiqiliyi barədə yekun məhkəmə qərarı yoxdur.

Zirzəmidən başlayan həyatın ən ağır sınağı
Mustafa Sarıgülün həyatı Türkiyənin son yarıməsrlik siyasi tarixinin ən ziddiyyətli hekayələrindən biridir.
Ərzincanın kasıb kəndindən İstanbula gələn, anası ilə pilləkən yuyan, zirzəmidə yaşayan uşaq əvvəlcə parlamentə, sonra İstanbulun ən nüfuzlu rayonlarından birinin rəhbərliyinə yüksəlir.
Partiya liderliyinə iddia edir, məğlubiyyətlər yaşayır, yeni partiya yaradır və yenidən parlamentə qayıdır. Lakin indi onun qarşısında seçki məğlubiyyətlərindən daha mürəkkəb sınaq dayanır.
Bir tərəfdə keçmiş mühafizəçisinin ağır ittihamları, digər tərəfdə böyük məbləğli maliyyə əməliyyatları üzrə istintaq, üçüncü tərəfdə isə öz oğlunun atasına qarşı verdiyi ifadələr barədə xəbərlər…
Sarıgül ittihamları rədd edir, hüquqi proses isə davam edir. Bir vaxtlar pəncərəsiz zirzəmidən çıxaraq siyasi zirvəyə yüksələn Mustafa Sarıgül indi həyatının ən çətin sınaqlarından biri ilə üz-üzədir. Bu hekayənin sonunu nə sosial şəbəkələrdə yayılan videolar, nə siyasi rəqiblər, nə də sensasiyalı ifadələr müəyyənləşdirəcək.
Son sözü məhkəmə deyəcək.
Musavat.com



Xəbəri paylaş


 
 


Xəbər lenti