QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA

 
Bu gün, 11:12           
Azərbaycanda quru sərhədlərin açılması ölkə iqtisadiyyatına bir sıra istiqamətlərdə müsbət təsir göstərə bilər. Qonşu ölkələrlə quru yolla sərnişin və yük daşımalarının bərpası ticarət dövriyyəsinin genişlənməsinə, idxal və ixrac imkanlarının artmasına şərait yarada bilər. Eyni zamanda, sərhədlərin açılması turizm sektorunda canlanmaya, rəqabətin güclənməsinə və bəzi məhsul və xidmətlərin qiymətlərinin aşağı düşməsinə təsir edə bilər. Bununla belə, prosesin yerli istehsalçılara, sahibkarlara və ümumi iqtisadi sabitliyə mümkün təsirləri də müzakirə mövzusudur. 
Quru sərhədlərin açılması Azərbaycanda ticarət dövriyyəsinə və iqtisadi inkişafa hansı imkanları qazandıra bilər? Sərhədlərin açılması bazarlarda rəqabəti artıraraq ərzaq və digər məhsulların qiymətlərinin aşağı düşməsinə səbəb ola bilərmi?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, quru sərhədlərinin açılması ilk növbədə ölkənin turizm sektoruna müsbət təsir göstərə bilər.
Onun sözlərinə görə, bu addımın turizmə təsiri həm turist axınının artmasında, həm də ölkəyə daxil olan gəlirlərin yüksəlməsində özünü göstərə bilər.
Ekspert xatırladıb ki, 2019-cu ildə Azərbaycanın quru sərhədləri açıq olduğu dövrdə ölkəyə 3,7-3,8 milyona yaxın turist gəlib: “Bu, həmin vaxta qədər ölkə tarixində qeydə alınmış ən yüksək göstəricilərdən biri olub. Eyni zamanda, Azərbaycan turizmdən ən çox gəliri də məhz həmin il əldə edib. Bu rəqəmlər sərhədlərin açıq olmasının turizm imkanlarının genişlənməsində mühüm rol oynadığını göstərir”.
İqtisadçı qeyd edib ki, quru sərhədlərinin bağlanmasından sonra Azərbaycanın turist qəbul etmək imkanları xeyli məhdudlaşıb. Mövcud göstəriciləri qonşu ölkələrlə müqayisə edən ekspertin sözlərinə görə, Azərbaycan Gürcüstanla müqayisədə təxminən dörd dəfə az turist qəbul edir: “Ermənistanla turist sayına görə göstəricilər isə bir-birinə yaxın olsa da, iki ölkənin əhali sayı və ərazisi arasında ciddi fərq var. Ermənistanın əhalisi Azərbaycandan təxminən 4-5 dəfə, ərazisi isə üç dəfə kiçikdir. Bu fərqlər Azərbaycanın turizm potensialından lazımi səviyyədə istifadə edə bilmədiyini göstərir. Sərhədlərin açılması yalnız turizm sektoruna deyil, iqtisadiyyatın digər sahələrinə də müsbət təsir göstərə bilər. İlk növbədə, sərhədyanı ticarətin canlanması, kiçik və orta sahibkarlar arasında əlaqələrin genişlənməsi, xüsusilə Rusiya və Gürcüstanla yeni ticarət münasibətlərinin qurulması üçün imkanlar yarana bilər. Bu proses ölkəyə əlavə iqtisadi aktivlik gətirməklə yanaşı, sahibkarlıq fəaliyyətinin genişlənməsinə də təkan verə bilər”.
N. Cəfərli hesab edir ki, quru sərhədlərinin açılması ərzaq və xidmət sektorunda qiymətlərin ucuzlaşmasına da müəyyən təsir göstərə bilər: “Qiymətlərin aşağı düşməsini birbaşa sərhədlərin açılması ilə əlaqələndirmək düzgün olmaz. Sərhədlərin açılması ən azı sürətli bahalaşmanın qarşısını ala bilər”.
Oğuz Ayvaz
“AzPolitika.info”



Xəbəri paylaş


 
 


Xəbər lenti