Azərbaycan səhiyyəsi ən zəif 10 ölkə sırasında: “Səhiyyə işinin təşkilində ciddi nöqsanlar var”

 
Bu gün, 12:25           
“Numbeo”nun 2026-cı ilin ilk yarısı üzrə reytinqində Azərbaycan qonşu ölkələrin hamısından geri qalır – ölkəmiz 49,02 balla 101 ölkə arasında 92-ci yerdə qərarlaşıb.

Reytinqə əsasən, region ölkələri arasında ən yüksək göstərici Türkiyədə qeydə alınıb. Bu ölkənin səhiyyə indeksi 71,34 baldır və 24-cü yerdə qərarlaşıb. Türkiyə səhiyyə reytinqində Almaniyanı (25-ci) belə üstələyib. Rusiya 61,69 balla 60-cı, Qazaxıstan 60,70 balla 61-ci, Ermənistan 59,99 balla 62-ci, Gürcüstan isə 56,46 balla 77-ci yerdə qiymətləndirilib. Özbəkistan isə 64,42 balla 49-cu yerdə qərarlaşıb.

Beləliklə, Azərbaycan qonşu ölkələrlə müqayisədə ən aşağı göstəriciyə malikdir.

Mövzu ilə bağlı səhiyyə eksperti Adil Qeybulla bildirib ki, sözügedən reytinq cədvəli hazırlanarkən bir neçə amil nəzərə alınır:
BakuPost
“Məsələn, Almaniyada icbari tibbi sığortaya ayrılan vəsait Türkiyə ilə müqayisədə qat-qat çoxdur. Buna baxmayaraq, reytinqdə Türkiyə daha öndədir. Əslində, həm Türkiyədə, həm də Almaniyada səhiyyə yüksək səviyyədədir. Lakin burada əsas meyarlar vətəndaş məmnunluğu, səhiyyə işinin təşkili və əlçatanlığı, eləcə də əhalinin sağlamlığının qorunmasına göstərilən diqqətdir”.

A.Qeybullanın sözlərinə görə, Azərbaycanın reytinqdə aşağı pillələrdə qərarlaşması müəyyən təəccüb doğurur:

“Çünki ölkəmizdə Avropadan gətirilmiş kifayət qədər müasir tibbi avadanlıqlar var. Məsələn, robotik cərrahiyyə avadanlıqları, PET KT cihazları mövcuddur, yeni texnologiyaların və avadanlıqların alınması prosesi də davam edir. Belə olan halda, Azərbaycan səhiyyəsi niyə reytinqdə 90-cı yerlərdə qərarlaşmalıdır? Deməli, burada səhiyyə işinin təşkilində ciddi nöqsanlar var. Əsas problemlərdən biri də vətəndaş məmnunluğunun təmin edilməməsidir.
Hesab edirəm ki, Azərbaycanda səhiyyənin mövcud potensialı əhalinin sağlamlığının qorunmasına yönəldilməli, bunun üçün zəruri təşkilati işlər görülməlidir. İlk növbədə, səhiyyə sistemi rəqəmsallaşdırılmalıdır. Səhiyyə sahəsində baş verən bütün proseslər vahid sistemdə və proqram təminatında əksini tapmalıdır. Hər bir vətəndaşın elektron tibbi kartı olmalı, keçirdiyi xəstəliklər, tibbi anamnezi, əməliyyatları və digər məlumatlar orada qeyd edilməlidir.
Bundan başqa, əmək qabiliyyətinin itirilmə dərəcəsinin müəyyənləşdirilməsində beynəlxalq meyarlar tətbiq olunmalı, sistemdəki səmərəsiz və parazit qurumlar aradan qaldırılmalıdır. Bir sözlə, çoxsaylı təşkilati problemlər var. Bunlar həll olunduğu təqdirdə Azərbaycan da beynəlxalq reytinq cədvəllərində daha yüksəkdə ola bilər”./bakupost.az




Xəbəri paylaş


 
 


Xəbər lenti