Rusiya nəşrindən Ankara sammiti öncəsi ilginc təhlil-Ərdoğanın planı...

 
Bu gün, 11:23           
Sabah Ankara türk dünyasının gələcəyini müzakirə edəcək – Kremlə yaxın nəşr türk dünyasıənda fikir ayrılıqlarını niyə gündəmə gətirdi?
Türk Dövlətləri Təşkilatının (TDT) oktyabrın 30-da Ankarada keçiriləcək sammiti türk dünyasında siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın və regional əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından diqqət mərkəzindədir. Yada salaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammit ərəfəsində türk dünyasının birliyini pozmağa çalışan qüvvələrə qarşı “vahid cəbhə” kimi çıxış edəcəyinə əminliyini ifadə edib.
Musavat.com xəbər verir ki, Rusiyanın “Nezavisimaya qazeta” nəşri isə bu çağırışın arxasında “daha geniş suallar” dayandığını iddia edən təhlil dərc edib.

“Nezavisimaya qazeta”nın yazdığına görə, Ərdoğanın türk dünyasının birliyini pozmağa çalışan qüvvələrə qarşı “vahid cəbhə” çağırışı türk dövlətləri arasında münasibətlərin xarakteri və Türkiyənin regional rolu ilə bağlı müzakirələr fonunda səslənib. Ərdoğan Türkiyənin TDT sədrliyi dövründə iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsini, üzv ölkələr arasında siyasi həmrəyliyin gücləndirilməsini və türk dünyasının beynəlxalq məsələlərdə vahid mövqedən çıxış etməsini hədəfləyir. Ankara sammitində gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal məlumat mübadiləsinin inkişafı, Türk İnvestisiya Fondunun imkanlarından istifadə, idman və mədəni əlaqələrin genişləndirilməsi kimi praktiki təşəbbüslərin irəli aparılması gözlənilir. Ərdoğan türk dünyasının birliyini möhkəmləndirməklə yanaşı, təşkilatın iqtisadi inteqrasiyasını dərinləşdirməyə və beynəlxalq arenada siyasi həmrəyliyini artırmağa çalışır.
Nəşrə danışan politoloq Dərya Karayev iddia edir ki, Mərkəzi Asiya dövlətlərinin beynəlxalq münasibətlərdə artan müstəqilliyi və Türkiyənin iştirakı olmadan formalaşan yeni əməkdaşlıq formatları Ankaranın regiondakı mövqeyinə təsir göstərir.
Ekspertin fikrincə, Qazaxıstan, Özbəkistan və digər Mərkəzi Asiya ölkələri artıq yalnız Türkiyənin siyasi və iqtisadi təsir dairəsi çərçivəsində hərəkət etmirlər. Onlar həm Ankara ilə əlaqələri inkişaf etdirir, həm də Avropa İttifaqı, ABŞ, Çin və digər tərəfdaşlarla münasibətlərini genişləndirirlər.
Bu, müasir beynəlxalq münasibətlərdə dövlətlərin öz maraqlarını müxtəlif tərəfdaşlarla balanslaşdırmaq siyasətinin nümunəsidir. TDT daxilində əsas məsələ Türkiyənin liderlik iddiasının qəbul edilib-edilməməsindən daha genişdir. Söhbət üzv dövlətlərin suveren qərarvermə hüququ ilə ortaq maraqlar naminə koordinasiyanın necə uzlaşdırılacağından gedir.
Politoloq “Nezavisimaya qazeta”ya şərhində diqqət çəkdiyi digər məsələ Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın regional əməkdaşlığının genişlənməsidir. Ekspertin fikrincə, Azərbaycanla Qazaxıstan və Özbəkistan arasında əlaqələrin dərinləşməsi, eləcə də Orta Dəhliz ətrafında formalaşan təşəbbüslər türk dünyasında əməkdaşlığın yalnız Ankara mərkəzli model əsasında inkişaf etmədiyini göstərir.
Karayevin yanaşmasına görə, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında formalaşan əməkdaşlıq formatları region ölkələrinin öz maraqlarına uyğun qərarlar qəbul etmək imkanlarını genişləndirir. O, xüsusilə Azərbaycan–Qazaxıstan və Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafına diqqət çəkir və bu əlaqələrin iqtisadi inteqrasiya baxımından əhəmiyyətini vurğulayır.

Nəşrə görə, TDT daxilində müzakirə doğuran mövzulardan biri də ortaq əlifba, dil, tarix və təhsil təşəbbüsləridir. Ümumi mədəni əlaqələrin inkişafı təşkilatın əsas məqsədlərindən olsa da, bu istiqamətdəki təşəbbüslərin milli suverenlik və hər bir ölkənin özünəməxsus tarixi-mədəni irsi ilə necə uzlaşdırılacağı vacib məsələdir. Dərya Karayev nəşrə açıqlamasında bu sahədə Türkiyənin təşəbbüslərinin bəzi Mərkəzi Asiya ölkələrində ehtiyatla qarşılandığını iddia edir. Onun fikrincə, vahid tarix və təhsil məzmununun formalaşdırılması ilə bağlı təkliflər ayrı-ayrı dövlətlərin öz milli kimliklərini qorumaq istəyi ilə ziddiyyət yarada bilər. Nəşr yazır ki, sammitin əsas istiqamətlərindən biri iqtisadi əməkdaşlığın praktik nəticələrə çevrilməsidir. Oktyabrın 12-də Bişkekdə TDT ölkələrinin gömrük administrasiyaları arasında keçirilən görüşdə sadələşdirilmiş gömrük dəhlizi çərçivəsində informasiya mübadiləsinin texniki hazırlığının 2027-ci il martın 1-dək başa çatdırılması ilə bağlı razılaşma əldə olunub. Növbəti mərhələdə elektron məlumat mübadiləsinin pilot rejimdə tətbiqi nəzərdə tutulur. Həmçinin 2027–2031-ci illəri əhatə edən gömrük əməkdaşlığı üzrə yol xəritəsi hazırlanır.
Bu təşəbbüslər həyata keçirilərsə, yükdaşımaların sürətlənməsinə, sənədləşmə proseslərinin sadələşməsinə və biznes xərclərinin azalmasına töhfə verə bilər.
Digər mühüm alət Türk İnvestisiya Fondudur. Fondun rəsmi saytında nizamnamə kapitalının 600 milyon dollar olduğu göstərilir. Fondun fəaliyyəti üzv dövlətlər arasında investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə imkanlar yarada bilər. Lakin real nəticələr ayrılan vəsaitlərin hansı layihələrə yönəldilməsindən və investisiya mexanizmlərinin nə dərəcədə səmərəli işləməsindən asılı olacaq.
Nəşrə görə, TDT daxilində siyasi həmrəyliyin sınağa çəkilə biləcəyi məsələlərdən biri Şimali Kiprlə bağlı fərqli diplomatik yanaşmalardır. Şimali Kipr Türk Respublikası təşkilatda müşahidəçi statusuna malikdir. Bununla yanaşı, Avropa İttifaqı və Mərkəzi Asiya ölkələrinin 2025-ci ilin martında qəbul etdikləri birgə sənəddə Kipr məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrinə sadiqlik ifadə olunub.
Nəşrin gəldiyi qənaət budur ki, TDT üzvlərinin ortaq tarixi və mədəni bağları bütün beynəlxalq məsələlərdə eyni mövqedə çıxış etmələrinə avtomatik zəmanət vermir. Dövlətlərin xarici siyasət prioritetləri, beynəlxalq tərəfdaşlıqları və diplomatik öhdəlikləri arasında fərqlər mövcuddur.
Ankara sammitində qəbul ediləcək bəyannamənin məzmunu Rusiya nəşrində maraq doğurur. İddia olnur ki, sənədin siyasi həmrəyliyi hansı çərçivədə ifadə edəcəyi, iqtisadi və institusional əməkdaşlıq üçün hansı yeni mexanizmlərin müəyyənləşdiriləcəyi diqqətlə izlənəcək.

Türkiyənin sədrliyi Azərbaycandan təhvil alması təşkilatın fəaliyyətində növbəti mərhələnin başlanğıcıdır. Azərbaycanın sədrliyi dövründə TDT çərçivəsində regional əlaqələrin genişləndirilməsi, nəqliyyat və iqtisadi əməkdaşlığın inkişafı gündəmdə olub. İndi Ankaranın qarşısında bu istiqamətləri davam etdirmək, yeni təşəbbüsləri konkret nəticələrə çevirmək və üzvlər arasında siyasi dialoqu gücləndirmək vəzifəsi dayanır.
Ərdoğanın “vahid cəbhə” çağırışının real məzmunu da məhz bu mərhələdə aydınlaşacaq. Əgər təşkilat üzvləri ortaq iqtisadi layihələri sürətləndirə, nəqliyyat əlaqələrini gücləndirə və fərqli xarici siyasət prioritetlərini nəzərə alan əməkdaşlıq mexanizmləri qura bilsələr, TDT-nin regional əhəmiyyəti arta bilər.
Rusiyanın və Kremlə bağlı “Nezavisimaya qazeta”nın TDT-na diqqətinin səbəbləri aydındır. Türk dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşməsi Moskvanın ənənəvi təsir imkanlarının olduğu postsovet məkanında yeni əməkdaşlıq mərkəzinin formalaşması deməkdir. Xüsusilə Mərkəzi Asiya ölkələrinin xarici siyasətdə manevr imkanlarını genişləndirməsi, Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxışın güclənməsi və Orta Dəhlizin strateji əhəmiyyətinin artması Rusiyanın regional maraqları ilə müəyyən məqamlarda toqquşa bilər. Bu fonda Moskvanın türk dövlətlərinin inteqrasiyasına ehtiyatlı yanaşması və təşkilatın siyasi potensialının artmasına b u tipli təhlillərlə qısqanc reaksiyası da başadüşüləndir.
Musavat.com





Xəbəri paylaş


 
 


Xəbər lenti