Rus bölməsində dövlət hesabına təhsilə etiraz edən deputat: “Buyursunlar, özləri ödəsinlər”

 
Bu gün, 10:53           
Ötən gün Milli Məclisdə deputat Hikmət Babaoğlunun rus dilində təhsil alan şagirdlərlə bağlı səsləndirdiyi fikirlər müzakirələrə yol açıb.
Millət vəkilinin Azərbaycanda 157 min şagirdin rus bölməsində təhsil almasına və bu xərclərin dövlət tərəfindən qarşılanmasına münasibəti birmənalı qarşılanmayıb.
Müzakirələrdə övladları rus bölməsində təhsil alan valideynlər fəallıq nümayiş etdiriblər. Onlar təhsil xərcləri dövlət tərəfindən qarşılanmayacağı təqdirdə həmin 157 min şagirdin gələcək taleyinin necə olacağını düşünürlər.
“Millət vəkili məsələnin bu tərəfini niyə şərh etməyib?”, – deyə sual ünvanlayıblar.
Açıqlamasında Hikmət Babaoğlu səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
O qeyd edib ki, Azərbaycan dilinin təbliği, ictimai müstəvidə dilin dövriyyəsinin miqyasının genişləndirilməsi zəruri və aktual tələbdir:
“Azərbaycan Prezidenti Milli Elmlər Akademiyasının yubileyində çıxışı zamanı da dedi ki, milli kimliyin birinci göstəricisi dildir. Çünki demoqrafik imkanlar, əhali artımında nəzərəçarpacaq azalma dilimizin kütləvi istifadəsində və sözlərimizin leksik dövriyyəsində müəyyən məhdudiyyətlər yaradır. Bu da dilin kütləvi istifadəsinin getdikcə azalmasına gətirib çıxarır. Belə olan halda biz əlavə 157 min vətəndaşımızın, övladlarımızın Azərbaycanın kütləvi dil dövriyyəsindən kənarda qalmasını məqbul hal kimi qəbul edə bilmərik.
Hesab edirəm ki, parlamentdə səsləndirdiyim fikirlər əslində Azərbaycan Prezidentinin çağırışına cavab idi. Çünki zərurət olmasaydı, Azərbaycan Prezidenti dil məsələsini bu qədər aktuallaşdırmazdı.
Məsələnin ikinci tərəfi odur ki, əgər belə bir problem, belə bir gerçəkliyimiz varsa, bu və digər səbəblərdən onun tarixi kökü yaranıbsa, bugünkü reallıqda onun şərtləri üzə çıxırsa, deməli, o zaman dili başqa metod və üsullarla öyrətməliyik.
Dil bilmək çox gözəldir, rus dilini də, ingilis dilini də, digər dünya dillərini də öyrənməliyik və gənclərimiz üçün bu, əlavə üstünlük, çox yüksək keyfiyyətdir. Ancaq ana dilində düşünmək və anadilli olmaq üçün mütləq bu dildə təhsil almaq lazımdır. Yəni bu, pedaqoji təcrübənin mübahisəsiz qəbul etdiyi faktdır. Ona görə düşünürəm ki, rus dilində dövlət hesabına oxumağı seçmiş vətəndaşlarımız üçün ilkin mərhələdə bunu qismən ödənişli, sonrakı mərhələdə isə tamamilə ödənişli sektora çevirə bilərik. Əgər hər hansı bir ailə övladının rus dilində təhsil almasında israr edirsə, buyursun, yeni şərtlərdə bu təhsili təmin etsin. Əgər hansısa ümumi ictimai əhval-ruhiyyə kontekstində “mənim övladım da rusca oxusun” prinsipi ilə yanaşırsa, o zaman artıq məsələ başqa formatda həll olunar və şübhəsiz ki, valideynlər bundan imtina edəcəklər”.
Deputatın fikrincə, dilin leksik dövriyyə tezliyi beləliklə artacaq:
“Yəni əlavə 157 min insan leksik fondumuzun yeni dövriyyəsinə daxil olacaq. Bu isə dili zənginləşdirəcək. Ona görə düşünürəm ki, mərhələlərlə bu cür problemləri həll etməliyik. Ayrılıqda isə hər hansı bir başqa dildə bu qədər kütləvi təhsilin xüsusən də dövlət hesabına olması ümumi ictimai maraqlarımız üçün də müəyyən təhdidlər yarada bilər. Dil və təhlükəsizlik mütəxəssisləri bu təhdidlərin nədən ibarət olduğunu yaxşı anlayırlar”./oxu.az




Xəbəri paylaş


 
 


Xəbər lenti