Evlərini sığorta etdirməyənlər cərimələnəcəklərmi? - Hüquqşünas rəyi

 
31-05-2023, 11:42            101 dəfə baxılıb

Əkrəm Həsənov: "Sığorta şirkətləri vətəndaşları hədələyərək...”

“Evini sığortalamayan cərimə olunmayacaq. Dəfələrlə bildirmişəm ki, yerli icra hakimiyyəti orqanlarının kimisə cərimələmək niyyəti yoxdur”.
Əyalətmedia.az xəbər verir ki bu fikirləri hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, suyu bulandıran vətəndaşlara bildirişlər göndərərək onları hədələyən sığorta şirkətləridir:
“Bu hədə nəticəsində xeyli vətəndaş sığorta şirkətləri ilə müqavilə bağlayıb evlərini sığortalayıb. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hədə təsiri altında bağlanan əqd etibarsızdır. Odur ki, həmin vətəndaşlar bağlanılan müqavilələrin etibarsız hesab edilməsini, ödənilən pulun (50 manat) qaytarılmasını və hətta vurulan mənəvi zərərə görə kompensasiyanın ödənilməsini tələb edə bilərlər. Heç nə dəyişməyib. Bəli, qanun 10 ildən çoxdur ki, daşınmaz əmlakın icbari sığortasını tələb edir. Etməyənə cərimə də nəzərdə tutulub amma onun mexanizmi yoxdur, yəni bu “ölü” qanundur, həm də ədalətsizdir çünki bu sığorta könüllü olmalıdır”.
Ekspert hesab edir ki, Azərbaycanda yalnız kommersiya sığorta modeli deyil, həm də müştərək sığorta modeli (bu modelə görə sığorta hadisəsi baş vermədikdə vətəndaşın sığorta haqqı tam batmır) də tətbiq olunmalıdır: “Əks halda, indiki kimi sığorta şirkətlərinə etimad olmayacaq çünki onlar əsasən yalnız öz qazancını düşünür və sığorta hadisələri baş verdikdə xüsusilə iri, inhisarçı meyllilər ödənişdən yayınırlar. Yeri gəlmişkən, daşınmaz əmlakın icbari sığortası real olaraq işə düşsə, sığorta sektorunda inhisarlaşma güclənəcək. Bu yağlı tikəni qamarlayacaqlar. Çünki bu sığorta növü müftə gəlir yeridir. Ölkədə il ərzində evlərdə nə qədər hadisə baş verir ki? Çox az! Avtomobil deyil ki, daim yolda olduğu üçün hadisə baş versin! Deməli, ödənişlər sığortaçıların xalis gəliri olacaq. Odur ki, bu oyunun qiyməti doğrudan da çox böyükdür amma hələlik istəklərinə nail ola bilməyiblər. Odur ki, hazırda narahatlığa əsas yoxdur...Bu sığortanı etmədiyinə görə gələcəkdə cərimələnmiş və mənə müraciət etmiş ilk şəxsin məhkəmədə işini pulsuz aparacağam. Ən azı ona görə ki, dövlət “ölü” qanun əsasında vətəndaşını cərimələməməlidir. O qanun kiminsə üçün varsa belə, bizim üçün ölüb”.



Xəbəri paylaş


 
 


Xəbər lenti