“Kərə yağı” adı ilə yediyimiz zəhər - istehlakçı belə aldadılır...

 
7-06-2023, 11:56            271 dəfə baxılıb
Ekspert: “Kənd yağı, nehrə yağı altında satılan yağların böyük əksəriyyəti əslində marqarin qarışığı olan saxta yağlardır”
Bu günlərdə Masallı rayonunda nə az nə çox, 3 tona yaxın saxta kərə yağı, qaymaq və pendir aşkarlanıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Cənub regional qrupundan məlumat verilib.
Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları 1976-cı il təvəllüdlü Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kq qarışıq yağ, 90 kq qaymaq və 126 kilo pendir məhsulları aşkarlayıb. Faktla bağlı araşdırma aparılır.
Bəllidir ki, saxta yağlar və digər keyfiyyətsiz ərzaq məhsulları təkcə Masallıda deyil, paytaxt Bakının dükan-bazarlarında da satılır. Şəkk-şübhə yox ki, ölkədə inflyasiya, bahalıq özünü daha qabarıq göstərdikcə dəllalların çevrəsi də daha modern üsullara keçəcək, “ucuz və keyfiyyətli” kərə yağları, digər “ərzaq” məhsulları təklif eləməklə alıcıları aldatmağa davam edəcəklər.  
Xatırladaq ki, Azərbaycanda kərə yağı ilə bağlı tətbiq olunan standart beynəlxalq “Codex” standartı əsasında hazırlanıb və tətbiq olunur. Bu standart birbaşa istehlak üçün nəzərdə tutulmuş kərə yağına aid edilir. Standarta əsasən, kərə yağı xüsusi olaraq süddən alınmış və ya süd məhsullarından hazırlanmış, əsasən suda - yağ emulsiya tipli formaya malik yağ məhsuludur.
Onun hazırlanmasında əsas xammal süd və ya süddən alınmış məhsullar olmalıdır. Kərə yağının tərkibinə qatılmasına icazə verilən inqrediyentlər xörək duzu, təhlükəsiz laktan turşusunun başlanğıc kulturaları və ya qoxu yaradan bakteriyalar və içməli sudur. Tərkibində minimum süd yağının miqdarı - 80 faiz m/m, maksimum su miqdarı - 16 faiz m/m, maksimum qeyri-yağ tərkibli südün quru maddəsinin miqdarı - 2 faiz m/m olmalıdır.
Standarta görə, markalanma zamanı məhsulun adı “Kərə yağı” kimi qeyd edilməlidir.  “Kərə yağı” adı müvafiq xüsusiyyətlərlə birlikdə 95 faizədək yağlılığa malik kərə yağları üçün istifadə edilə bilər. Milli qanunvericiliyə uyğun olaraq kərə yağının duzlu və ya duzsuz olması mümkündür.
Məlumdur ki, yağın keyfiyyətinin qorunması üçün onun qablaşdırılması və daşınmasının böyük əhəmiyyəti var. Belə ki, hazırlanmış tara əvvəlcədən doymuş duz məhlulu ilə isladılmış perqament kağızı ilə örtülməlidir. Hava boşluqlarının qalmaması üçün yağ sıx yığılmalıdır. Pərakəndə satış üçün yağ perqament, yaxud folqaya bükülərək, xırda çəkilərlə qablaşdırıla bilər. Yağ ancaq avtorefrijeratorlarda 4-5 dərəcə C-də daşınmalıdır. Spesifik qoxusu olan məhsullarla birlikdə, eləcə də sanitar-gigiyenik tələblərə cavab verməyən nəqliyyat vasitələrində yağın daşınması qadağandır. Ticarət şəbəkələrinə yağ 10 dərəcə C-dən çox olmayan temperaturda daşınmalıdır. Anbarlarda isə yağ -2+2 dərəcə C-də 10-15 gün müddətində saxlanıla bilər. Ticarət şəbəkələrində yağ adətən 8 dərəcə C və daha yüksək temperaturda saxlanılır.
Mənfi 18 dərəcə C temperaturda duzsuz yağı 12, duzlu yağı isə 7 ay saxlamaq olar. Mənfi 12 dərəcə C temperaturda isə bu göstəricilər müvafiq olaraq 9 və 6 aydır. Xırda qablarda qablaşdırılmış yağ mənfi 18 dərəcə C-də bir aydan çox olmayan müddətdə, əridilmiş yağ mənfi 8 - mənfi 3 dərəcə C temperaturda 1 ilə qədər saxlanıla bilər.
Təəssüf ki, pərakəndə ticarət şəbəkələrində bir sıra hallarda yağ bu tələblərə əməl olunmadan saxlanılır ki, bu da məhsulun keyfiyyət göstəricilərinin kəskin pisləşməsinə gətirib çıxarır.
Bəs saxta kərə yağlarını necə tanımalı? Əsl kərə yağının qiyməti hansı həndəvərdə olmalıdır? Satışda “ucuz və keyfiyyətli” kərə yağı mümkünmü?
Eyyub Hüseynov: “Əhali boykot etsə, dövlət orqanlarının qərarları yerinə  yetirilər” - 23.03.2019, Sputnik Azərbaycan
 Eyyub Hüseynov 
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a danışıb: “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yarananda Azad İstehlakçılar Birliyi həmin günü özü üçün bayram günü hesab etdi və qidanın təhlükəsizliyi sahəsində ciddi dəyişikliklərin aparılacağını gözlədi. Lakin təəssüf ki, bu baş vermədi.
Qeyd edim ki, Azərbaycanda istənilən ərzağın saxtasını tapmaq mümkündür. AQTA məhsulların təhlükəsizliyini təmin edir, keyfiyyət, istehlakçıların hüququ məsələsi arxa planda qalıb, yalnız və yalnız biznesin inkişafı haqqında düşünülür.
Qeyd etdiyim kimi, ölkədə istənilən məhsulun saxtası var, o cümlədən də yağların. Xüsusən də kənd yağı, nehrə yağı altında satılan yağların böyük əksəriyyəti əslində marqarin qarışığı olan saxta yağlardır".
Qurum sədri saxta yağların hazırlanma mexanizmindən də söz açıb: “Məlum olduğu kimi,  təmiz, natural südü sərəndə ondan qaymaq əmələ gəlir. Həmin qaymaqdan yağ hazırlasaq, natural yağ ortaya çıxar. Lakin şəxslər qaymağı yığdıqdan sonra onun altındakı südü, hansı ki, 94 faiz sudur, onu marqarinlər, vaxtı keçmiş bitki yağları və sairə ilə qarışdırır. Həmin qarışığı qaynadırlar. Məlum məsələdir ki, nə qədər qaynadılsa da bitki yağı ilə su bir-birinə qarışmır, çünki 94 faiz sudur və ağ görünür, südə bənzəyir.
Daha sonra 3-cü varianta əl atılır, qarışıq homalizator deyilən cihaza tökülür, cihaz onu bircinsli südə, mayeyə çevirir. Bu zaman artıq yeni süd əmələ gəlir. Onu sərdikdə qaymaq əmələ gəlir. Həmin qaymağı yığıb yağ düzəldirlər və yağ tam süddən hazırlanmış yağa  bənzəyir. Hətta laboratoriyada onun tərkibindəki marqarinləri ayırd etmək mümkün olmur. Çünki laboratoriya tərkibdə süd turşularını axtarır, onun da tərkibində  süd qarışıqları var.
Beləliklə, həmin yağlar bazara çıxarılır, hətta  ən yaxşı mağazalara da ayaq aça bilir və nəhayət, kənd, nehrə yağı adı altında  satışa çıxarılır.
Saxta yağ hazırlayan şəxs saxta  qaymağın altındakı südə bir də marqarin qarışdırıb,  yenidən yağ  istehsal edə bilir. Beləliklə, ölkədə neçə ildir ki, vəziyyət bu cürdür.
Ümumiyyətlə, qida təhlükəsizliyinin təmin olunmasında  ən yaxşı işi AQTA deyil, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Onlar təkcə yağ deyil,  murdar olmuş heyvan, həmçinin at, eşşək ətinin bazara çıxarılmasının qarşısını alır, cinayət işi açılır və sairə. Lakin  müşahidələr onu göstərir ki,  məhkəmələr bu işlə məşğul olduğuna görə həbs olunan həmin şəxslərə bəraət verir və onlar yenidən öz “fəaliyyətlərinə” geri dönürlər. 
Əlbəttə ki, ölkənin əmtəə bazarında normal yağlar da var. Yeni Zellandiyadan bir neçə firma ölkəmizə yağ gətirir. Mən həmin  ölkədə olan zaman Azərbaycana yağ göndərilən zavodların birində oldum,  fermer  təsərrüfatı ilə  tanış oldum və mənə məlum oldu ki, orada heyvanlar qış rejimində saxlanılmır, daim açıq otlaqlardadırlar.  Ona görə də yağın maya dəyəri ucuz başa gəlir. Qiymətlərlə də maraqlandım, məlum oldu ki, müəyyən normal qiymətə Azərbaycana gəlib çıxır. Beləliklə, həmin yağlara mənim etibarım yarandı.
Yəni ölkədə normal, təmiz kərə yağı var. Normal kərə yağı 18-20 manat arasında satılır. Qiymət  istehlakçıya məhsul barəsində müəyyən informasiya verir.
O ki qaldı əsl kərə yağının müəyyən edilməsinə, kərə yağını sıxan zaman əgər o bərkdirsə, deməli,  daha çox kərə yağıdır. Digər yağlar nisbətən boş olur".



Xəbəri paylaş


 
 


Xəbər lenti