Dəhliz arxa plana keçir: İrandan Naxçıvana yol açılır – Mühüm gəlişmə

 
27-10-2023, 11:25            109 dəfə baxılıb
Zəngəzur dəhlizi ilə bağlı məsələni o qədər də böyütmək lazım deyil. Bu dəhliz olmadan da Azərbaycanla Naxçıvan arasında gediş-gəliş olub. Bu yol da ənənəvi olaraq İrandan keçib. Həmin yolda isə indiyə kimi hər hansı maneə olmayıb. Sadəcə olaraq bu, bir qədər məsafə və vaxt tələb edib. Əsas odur ki, dəmir yolu olmasa da, hava və quru yolu olub.
Bunu politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyannamədə Mehridən keçən yolun, yəni Zəngəzur dəhlizinin çəkilməsi nəzərdə tutulub:
“Amma Ermənistan Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında əlaqənin yaradılması məsələsində möhtəkirlik edir. Belə olan halda Azərbaycan tərəfi də özünün sərt ritorikasını ortaya qoyub. Amma proseslərin geniş təhlilindən sonra qərara gəlindi ki, bu məsələni o qədər də qabartmağa ehtiyac yoxdur”.
Politoloq hesab edir ki, İran bu gün öz ərazisindən Naxçıvana gedəcək yolun çəkilməsinə razıdır:
“Avtomobil yolu reallaşır, ardınca dəmir yolu da çəkiləcək. Trans-Xəzər layihəsi çərçivəsində Orta Dəhlizin işə düşməsi ilə Çindən Avropa yüklərin daşınması reallaşacaq. Bu yolla ildə 30-40 milyon ton yükün daşınması nəzərdə tutulur. Qarşıdakı dönəmdə yolun təkmilləşdirilməsi, genişləndirilməsi mümkündür”.
Zərdüşt Əlizadəyə görə, Ermənistan regional və qlobal layihələrdən kənarda qalmaq istəməsə gəlib xahiş edə bilər:
“Beləliklə, Ermənistan bu yolun onun ərazisindən çəkilməsinə razılıq verəcək və nəticədə xeyli gəlir əldə edəcək. Burada mürəkkəb məsələ yoxdur. Seçim sadədir. Ermənistan dövləti xalqının rifahını, iqtisadiyyatını düşünürsə Mehri yolunu çəkib Azərbaycanla danışıqlar apara bilər. Sülh istəyən maraq və imkanlardan yararlanmalıdır. Azərbaycan çox sadə yol seçib. Naxçıvana İrandan yol var. Ermənistan Arazın sol sahilində bu yolu çəkib prosesə qoşula bilər”./teleqraf.com



Xəbəri paylaş


 
 


Xəbər lenti