Duzu buzun deyil, kağızın üzərinə səpən Mübariz Hüseynovun qışla uğursuz mübarizəsi

 
25-01-2024, 12:16            113 dəfə baxılıb
Bakıda və ətraf ərazilərdə müşahidə edilən qarlı-şaxtalı hava şəraiti səbəbindən bəzi ərazilərdə yolları buz bağlayıb. Hazırda Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi, Abşeronun Güzdək, Atyalı, 28 May, Pirəkəşkül, Qobu, Hökməli qəsəbələri ərazilərindəki yollarda qar qalması səbəbindən hərəkət çətinləşib.
Bir həftə əvvəl yağan ilk qar Bakı şəhərində aidiyyatı dövlət qurumlarının məsuliyyətsizliyini və acizliyini ortaya qoymuşdu. Qardan sonra şəhərin yollarında yaranmış vəziyyət hər il dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərinin necə, hansı formada xərclənməsi məsələsini də aktuallaşdırmışdı. Bütövlükdə şəhərin infrastrukturunu Rusiyanın soyuq şəhərlərindəki kimi buz dövrünə uyğunlaşdırmaqdan söhbət getmir. Yəqin fikirləşirlər ki, onsuz da Bakıda ildə bir dəfə qar yağa, ya yağmaya, ondan ötrü çox da miqyaslı işlər görməyə dəyməz. Məsələ bundadır ki, şəhər rəhbərliyi problemin çözümü üçün mövcud resursları da təyinatı üzrə istifadə etmir.
Bakı küçələrinin qardan, buzdan təmizlənməsinə birbaşa cavabdeh olan aidiyyatı dövlət qurumlar - Bakı şəhər İcra Hakimiyyəti, ŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Departamentin Sanitariya və Təmizlik İdarəsidir.
Mediada belə suallar ortaya qoyulub: Bəs dövlətin qarlı, şaxtalı havalarda yollarda hərəkəti təmin etmək üçün ayırdığı min tonlarla texniki duz, çoxsaylı texnikalar hara yoxa çıxmışdı? Bu ayrılan pullar hansı məmurların hansı oyunlarının qurbanı olub?
Bakıya yağan qarın təmizlənməsi, küçələrə texniki duzun səpilməsinə cavabdeh qurum Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentidir. Departamentin tabeliyində olan Sanitariya və Texniki Təmizlik İdarəsinə yolların təmiz saxlanması üçün hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılır. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehraliyev rəhbərlik etdiyi qurumun ən "yağlı" təşkilatına Sanitariya və Texniki Təmizlik İdarəsinə öz qohumu, həmyerlisi Mübariz Hüseynovu təyin edib. Qeyd edilir ki, cənab Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra Sanitariya və Texniki Təmizlik İdarəsinin fəaliyyətinin yoxlanılması barədə qeyri - rəsmi göstərişlər verərək Mübariz Hüseynovu vəzifəsindən kənarlaşdırmaq istəyib. Lakin Rəfail Mehrəliyevin sayəsində Mübariz Hüseynov işini davam etdirməli olub.
İlin əvvəlində Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynov mediaya bildirib ki, qışa tam hazırlıq görülüb: “Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında 50-dən çox kürüçü və duz səpən avtomobillər artıq saz vəziyyətə getirilir və hazırda texniki baxışdan keçirilir. 2 min tondan artıq duz ehtiyatımız var, əlavə olaraq 2 min ton da alınıb, gətirilir”.
Həmçinin qeyd edib ki, bütün rayonlar üzrə əməkdaşlar 24 saat ərzində gücləndirilmiş iş rejimində növbəlik əsasında çalışılacaqlar. Qaynarinfo.az saytı isə dövlətin Bakı şəhər İcra Hakimiyyətinə ayırdığı vəsaitlə 2300 ton texniki duz alındığını qeyd edib. Bəs nə oldu? Mübariz Hüseynovun işçiləri əvəzinə daim xalqının və dövlətinin yanında olan Azərbaycan polisi küçələrə duz səpməsi problemi çılpaqlığı ilə nümayiş etdirdi.
Sanitariya və Təmizlik idarəsi “Fidan Tm” şirkətinə avtomaşınların təmiri və texnizi duzun alınması üçün yarım milyon manatdan artıq vəsait ayrılıb. Sanitariya və Texniki Təmizlik İdarəsinin Bakının mərkəzi küçələrindən və bir sıra magistral yollardan başqa, alınmış texniki duzu hara sərf edir? Təbii ki, kağız üzərində Bakının bütün küçələrinə.

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az



Xəbəri paylaş


 
 


Xəbər lenti