Bakının göbəyində VERGİDƏN YAYINMA...

 
Bu gün, 11:15           
Bakıda, Nərimanov metrosunun yaxınlığında, “McDonald’s” və “MADO” restoranlarının yerləşdiyi ərazidə fəaliyyət göstərən və müştərilərin “Xal-Xal” adı ilə tanıdığı restoranda baş verən hadisə ciddi narazılığa səbəb olub.
“Real Azərbaycan” xəbər verir ki, bu gün restorana üz tutan müştərilər menyu vasitəsilə qiymətlərlə tanış olaraq büdcələrinə uyğun yemək sifariş etmək istəyiblər. Lakin onlara menyu təqdim edilməyib, yeməklərin qiymətləri ofisiant tərəfindən şifahi şəkildə bildirilib.
Bildirilən qiymətlərə əsasən sifariş verən müştərilər ümumi hesabın təxminən 50–55 manat olacağını düşünüblər. Ancaq hesab istənildikdə onlardan əvvəlcə 65 manat tələb edilib. Ödəniş zamanı məbləğ 70 manata, daha sonra isə 75 manata çatıb.
Müştərilər hesabın yazılı şəkildə təqdim edilməsini tələb etdikdən sonra isə qarşılarına əl ilə yazılmış, ümumi məbləği 80 manat göstərilən hesab qoyulub.
Beləliklə, ilkin olaraq 50–55 manat civarında olacağı düşünülən sifarişin məbləği 80 manata yüksəlib.
Menyunun təqdim edilməməsi, qiymətlərin yazılı şəkildə göstərilməməsi və hesabın dəfələrlə dəyişməsi ictimai iaşə obyektlərində qiymət şəffaflığı məsələsini yenidən gündəmə gətirir. Müştəri sifariş verdiyi məhsulun qiymətini əvvəlcədən bilməli və ödəniş zamanı gözlənilməz məbləğlə üzləşməməlidir.
Bununla yanaşı, restoranda POS-terminalın olmaması, işçilərin əmək müqaviləsi ilə çalışıb-çalışmaması və qida məhsullarının keyfiyyəti ilə bağlı da araşdırılmalı məsələlər mövcuddur.
Hadisənin daha ciddi tərəflərindən biri isə hesab və xidmətlə bağlı narazılığını bildirən müştərilərə qarşı aqressiv münasibət göstərilməsi, bir qrup şəxsin onların üzərinə hücum etməsidir.
Aidiyyəti dövlət qurumlarını “Xal-Xal” restoranında baş verənləri araşdırmağa, qiymət siyasətinə, POS-terminal məsələsinə, əmək münasibətlərinə və qida təhlükəsizliyinə hüquqi qiymət verməyə çağırırıq.
İctimai iaşə obyektlərində müştəri hüquqlarına hörmət, qiymətlərin şəffaflığı və qanunvericiliyin tələblərinə əməl olunması mütləqdir.





Xəbəri paylaş


 
 


Xəbər lenti