Hərbçi-qazinin övladları 1 aydır müəllimlə olan problemə görə dərsə getmir - ŞİKAYƏT+AÇIQLAMA
27-02-2024, 13:10 72 dəfə baxılıb
Övladları Ağstafa rayon 1 saylı orta məktəbdə təhsil alan Nəsirli Türkan həmin məktəbdə ibtidai sinif müəlliməsi işləyən Pərvanə Məmmədovadan şikayətçidir.
AFN.az-ın redaksiyasına ünvanladığı məktubda N.Türkan bildirir ki, 1-ci sinifdə təhsil alan övladları Nəsirli Hakim Toğrul oğlu və Nəsirli İnci Toğrul qızı 1aydan artıqdır ki, məktəbə getmirlər. Səbəb isə P.Məmmədova ilə aralarında yaşanan problemdir: “Mənim yoldaşım hərbçi, həm də qazidir. Lakin onun şikayətlərinə nə regional təhsil idarəsində, nə də Ağstafa rayon Polis İdarəsində baxılmır. Oğlum Nəsirli Hakimi başqa müəllimin yanına getdiyi üçün sinif müəllimi Pərvanə Məmmədova mənimlə dava edib. Buna görə adıçəkilən müəllimlə dəfələrlə problem yaşadıq. Sonuncu dəfə yanvarın 1-də oğlumun sınaq imtahanından sonra aramızda lap ciddi insident yaşandı. Valideynləri mənim üstümə qaldırdı, yaşadığım evə, yoldaşımın xidmət etdiyi hərbi hissəyə hücum etdi. Əvvəldən onu tanıyanlar məni xəbərdar etmişdilər ki, qarşısına çıxmayım, yoxsa özünün üz-gözünü cırıb, özünə xəsarət yetirib mənim üstümə atacaq. Ona görə evə gələndə qapını açmadım, o zaman isə yoldaşımın xidmət etdiyi hərbi hissəyə hücum etdi. Yoldaşım 102-yə zəng edərək onun ordan uzaqlaşdırılmasına nail oldu. 1 aydan çoxdur etdiyimiz şikayətlərə baxmayaraq, həmin müəllim haqda heç bir tədbir görülmür. Biz övladlarımızı onun işlədiyi məktəbdən çıxarıb başqa məktəbə keçirmək istəyirik. Lakin Qazax-Tovuz Regional Təhsil İdarəsi bunu da etmir. Ağstafa rayon Təhsil Şöbəsi müdirinin qəbulunda olub bu xahişi etmişik, yenə də baxmırlar müraciətimizə”.
N.Türkan bildirib ki, həyat yoldaşı Nəsirli Toğrul dəfələrlə torpaqlarımız uğrunda döyüşlərə girib. “Cəsur döyüşçü” və digər medallara, fəxri fərmanlara layiq görülmüş qazilərdəndir: “Pərvanə Məmmədova isə gah müəllim yoldaşını döyməklə, gah valideynlə savaşmaqla dəfələrlə hüquq-mühafizə orqanlarında olub. Amma mənim övladlarım üçün iki yer tapılmır başqa məktəbdə. Biz artıq bacarmırıq. Ya müdafiə naziri Zakir Həsənov bizi başqa bir rayona göndərsin, ya da haqqı tapdalanan hərbçi və qazinin övladlarının hüquqlarının qorunması üçün bir şey etsin! Qızım indiyədək Füzuli rayonunda, Beyləqan rayonunda oxuyub. Biz belə bir hadisə yaşamamışıq. Mənim övladlarım bilikli, oxumağa meylli uşaqlardır. Niyə dəfələrlə dava üstündə hüquq-mühafizə orqanlarında olan bir müəllimə görə iki uşaq təhsildən kənar qalmalıdır?”
Qazax-Tovuz Regional Təhsil İdarəsindən sorğunuza cavab olaraq bildirildi ki, Ağstafa rayon sakini Nəsirli Toğrul Hakim oğlunun övladları - Nəsirli İnci Toğrul qızı və Nəsirli Hakim Toğrul oğlu Ağstafa şəhər Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müvafiq olaraq III və I siniflərdə təhsil alırlar: “Nəsirli Toğrul Hakim oğlu övladlarının şagird yerdəyişməsi üçün Ağstafa rayonu üzrə təhsil sektoruna müraciət edib, ona həmin vaxtı ikinci yarımildə məktəblərdə siniflərin komplektləşdirilməsi ilə əlaqədar şagird yerdəyişməsinin müvəqqəti olaraq dayandırıldığı bildirilib. Sonradan valideyn təhsil sektoruna növbəti dəfə müraciət edib və ona şagird yerdəyişməsi prosesinin valideynin şəxsi kabineti vasitəsilə elektron qaydada həyata keçirilməli olduğu izah olunub.
Nəsirli Toğrul Hakim oğlunun övladının sinif rəhbəri ilə aralarında olan mübahisə şəxsi zəmində baş verib və həmin mübahisənin Ağstafa şəhər Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəblə əlaqəsi yoxdur”.
Xəbəri paylaş