İsrailli fəal: “Ermənilər Qarabağda hər daşı satıblar” - FOTO
“Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlara məhəbbəti onu yenidən həyata qaytaracaq və bu ərazilər əvvəlkindən də daha çox çiçəklənəcək”.
Əyalətmedia.az xəbər verir ki, bu fikri israilli fəal, “İsraildə Qərb Sivilizasiyasının İrsi” proqramının yaradıcısı Nurit Qrinqer Şuşa şəhərinə səfərindən sonra Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ilə söhbəti zamanı səsləndirib. Bununla bağlı məqalə “New Blaze” qəzetində dərc edilib.
O, qeyd edib ki, birgəyaşayış irəliyə doğru yeganə yoldur.
“Azərbaycan Ermənistana əməkdaşlıq, dinc və ləyaqətli birgə yaşayış təklif edir. Hər şey Ermənistandan asılıdır. Ya regionun bir hissəsi olacaqlar, mehriban qonşuluq münasibətlərindən istifadə etməklə yaşayacaqlar, ya da artan yoxsulluq şəraitində tam təcrid olunacaqlar”, – Qrinqer yazıb.
O, əlavə edib ki, Ermənistan Azərbaycan torpaqlarının üç onillikdə işğalı zamanı bu ərazidə nə bir tikili tikib, nə də bir ağac əkib.
“Ermənistan bacardığı hər şeyi məhv edib, Azərbaycanın 7 şəhərini və 900 kəndini viran qoyub. Los-Ancelesdən 4-5 dəfə böyük olan təxminən 10 min kvadrat kilometr ərazidə hər ev ermənilər tərəfindən daş-daş sökülərək tikinti materialı kimi Ermənistana aparılıb və ya İrana satılıb”, – fəal vurğulayıb.
Onun sözlərinə görə, işğal dövründə onlar Şuşanı talan edib yandırıb, məscidləri, ziyarətgahları və digər mədəni irs obyektlərini murdarlayaraq dağıdıblar.
“Ermənilər üç azərbaycanlı musiqiçi və şairin bürünc büstlərini söküb satıblar, qəbiristanlıqlardakı məzar daşları isə sındırılıb”, – deyə o, qeyd edib. – “Azərbaycan hazırda bərpa və yenidənqurma işlərinə milyardlarla pul qoyub”.