“Qırmızı terror”un iblisi - Xruşovla qonşu olan qadın 120 min insanın qətlini təşkil edib
16-12-2025, 13:25
Rozaliya Samoylovna Zemlyaçka SSRİ tarixinə ən qanlı və ən amansız xalq komissarlarından biri kimi düşüb. Leninin fanatı olan qadın minlərlə insanın səbəbsiz ölümünə imza atıb və çox zaman qətlləri birbaşa özü izləyib.Rozaliya Zalkind 1876-cı ildə Kiyevdə varlı tacirin ailəsində dünyaya göz açıb. Kiyevdə qızlar üçün orta məktəbi və Lionda tibb məktəbini bitirib. O, 17 yaşından etibarən inqilabi fəaliyyətə başlayıb və Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qoşulub. Gənc qız sonradan yoldaşları arasında qorxunc “İblis” təxəllüsü ilə tanınıb.

1917-ci ilə qədər Zemlyaçka işləməsə də, tez-tez qanunsuz təbliğat üçün xaricə səfərlər edib. Özü də, onun xərcləri tamamilə partiya xəzinəsi tərəfindən maliyyələşdirilib. Oktyabr inqilabı “İblis”in də yeni hakimiyyətdə vəzifə tutmasına yol açıb. O, 920-ci ilin payızında Krımdakı regional inqilab komitəsinin icraçı katibi təyin edilib.
Vrangelin ordusu geri çəkildikdən sonra yarımada döyüşdə “sədaqətlərini” və “dözümlülüklərini” sübut etmiş ən sadiq komandirlərə - Rozaliya Zemlyaçkaya və Macarıstan Sovet Respublikasını elan etmək üçün uğursuz cəhd göstərən macar inqilabçısı Bela Kuna təhvil verilib. Onlar bütün keçmiş ağqvardiyaçı zabitləri tez bir zamanda məhv etmək üçün hiyləgər plan hazırlayıblar: bütün hərbi qulluqçuların rəsmi qeydiyyatdan keçməsini tələb edən bir əmr verilib; imtina edənlər edamla hədələnib.
Cəmi bir həftə ərzində Bela Kun təkcə Sevastopolda 8000-dən çox insanı edam edib. Oxşar edamlar Krım boyunca gecə-gündüz pulemyotlardan atəş açmaqla həyata keçirilib. Sursat tükənəndə Zemlyaçka deyib: “Onlara sursat sərf etmək heyfdir, dənizdə boğun”. Odur ki, edam cəzasına məhkum edilənlər Qara dənizdə batırılan nəhəng barjalara yükləniblər.

İnsanlar qruplar şəklində edam ediliblər. Onlarla yerli sakin çılpaq soyundurulub, silahlı dəstənin qarşısında düzülüb. Bütövlükdə hər kəs - həkimlər, müəllimlər, işçilər, keşişlər, balıqçılar, hətta xəstəxanada müalicə alanlar da öldürülüb. Qatillər qucağında körpələri olan qadınlara da mərhəmət göstərməyiblər. Krım şəhərlərində cəsədlər ağaclardan, işıq dirəklərindən və abidələrdən asılıb. Edam edilənlərin cəsədləri yalnız yüngülcə torpaqla örtülüb. Bəziləri diri-diri basdırılıb, gecələr isə can verənlərin iniltisi eşidilib.
Krımlıların digər hissəsi çölə çıxmaqdan qorxub. Zemlyaçka özü edamlarda fəal iştirak etməyə çalışıb. Əynində dəri gödəkçəsi, belində “Mauzer” tapançası olan komissar şəhər və qəsəbələrdə kütləvi qətllərə rəhbərlik edib. Müxtəlif hesablamalara görə, 120 minə yaxın insan Krım terrorunun qurbanı olub. Krımdakı hərəkətlərinə görə Zemlyaçka “Qırmızı bayraq” ordeni ilə təlyif olunub.
Lakin hamı onun bu səylərini dəstəkləməyib. Hətta Feliks Edmundoviç Dzerjinski Krımda “əksinqilabi elementlərin” “təmizlənməsi”nin həddindən artıq qəddarcasına həyata keçirildiyini etiraf edib.

Zemlyaçka və onun yoldaşlarının davranışları ilə bağlı dəfələrlə şikayətlər edilib və bu şikayətlər onların əsgər yoldaşları, partiya üzvləri tərəfindən yazılıb. Yazılan şikayətlər rəflərdə qalıb.
Əvəzində 1921-ci ildən 1939-cu ilə qədər Rozaliya Zemlyaçka ölkə daxilində dövlət qurumlarının işinə uğurla nəzarət edib. Onun karyerasının zirvəsi kütləvi partiya təmizləmələri dövründə baş verib.
Vətəndaş müharibəsindən sonra Zemlyaçka mühüm partiya vəzifələrində çalışmaqda davam edib. O, hətta SSRİ Xalq Komissarları Şurasının sədr müavini vəzifəsinə qədər yüksəlib. İki dəfə “Lenin” ordeni ilə, bir çox medallarla təltif edilib.

Partiya təmizləmələri və repressiyaları ona təsir etməyib. Əksinə, Rozaliya Moskvada partiya və sovet elitasının yaşadığı məşhur “Sahildəki ev”də mənzil aldıqdan sonra dərhal qonşularına qarşı ifşaedici materiallar yazmağa başlayıb. O, bu binada sonradan SSRİ rəhbəri olacaq Nikita Xruşovun qonşusu olub.
Rozaliya Zemlyaçka 21 yanvar 1947-ci ildə vəfat edib. Onun külünün olduğu qab, o dövrün adətlərinə uyğun olaraq, Kreml divarına basdırılıb. Elə həmin il Moskva küçələrindən birinə Rozaliya Zemlyaçkanın adı verilib. Lakin postsovet dövründə küçənin keçmiş adı bərpa edilib.
R.Zemlyaçkanın adı isə tarixdə və ona dair yazılan kitablarda “İblis” kimi qalıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
Xəbəri paylaş



























