Qarabağda fəhlə etirazı: Maaş qalmaqalında Leysan Məmmədovun adı hallanır

 
Bu gün, 10:21           
Böyük layihələrin və milyonluq tenderlərin "yenilməz" adı Leysan Məmmədovun, onun ailə podratının və bu maxinasiyalara coğrafi olaraq göz yuman, ərazinin ali rəhbəri, prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovun məsuliyyət zonası bu dəfə fəhlələrin sərt etirazı ilə gündəmə gəlib.Mediatvaz.com-un təqdim etdiyi  videogörüntülərdə fəhlələr açıq şəkildə bildirirlər ki, "Qarabağ tikinti" adı altında can qoyub kəndi bərpa etdikdən sonra Leysan Məmmədov və oğlu Elnur Məmmədov tərəfindən haqq etdikləri maaşları verilmir. Bəs görəsən, həmin ərazilərdə dövlətin siyasi-inzibati nəzarət rıçaqını əlində saxlayan Emin Hüseynov bu özbaşınalıqdan xəbərsizdirmi?

Video burada:   https://www.youtube.com/shorts/Qct2sw1gX7I

Xocavəndin Arakül kəndində aylarla işləyib, coğrafi olaraq Cəbrayıla yaxın olduğu üçün rayonların adını qarışdıran bu çarəsiz insanların taleyini heçə sayanlar, növbə fəhlənin pulunu verməyə gələndə birdən-birə kəndin "layihədə olmadığını" bəhanə gətirirlər. Bir tikə halal çörək pulu üçün evindən-eşiyindən uzaq düşən insanların qanını-tərini axıtdıqdan sonra "vəsait yoxdur" deyən bu işbazların və onlara bu meydanı açan xüsusi nümayəndəliyin coğrafi xəritəsi dövlətdən milyonları alanda niyə fərqli idi? Dövlət başçısına və birinci xanıma müraciət edən bu fəhlələrin fəryadı Qarabağın dirçəlişi kimi müqəddəs bir missiyanın üzərinə kölgə salan acgözlüyə və idarəetmə sferasındakı kor-kar fəaliyyətə qarşı sərt bir üsyandır.
Xatırladaq ki, medianın apardığı geniş araşdırmalarda və yayılan rəsmi məlumatlarda Leysan Məmmədov və oğlu Elnur Məmmədova məxsus olduğu bildirilən "Platin" MMC-nin adı dövlət büdcəsindən ayrılan milyonluq iri tenderlərin "şübhəli" qalibi kimi keçir. Ölkə mətbuatında gedən xəbərlərə görə, məhz bu şirkət vasitəsilə 14 milyonluq nəhəng bir yeyinti və maxinasiya mexanizminin qurulduğu iddia olunur. Maraqlıdır ki, bu milyonluq "tender oyunları" və tikinti talançılığı birbaşa Emin Hüseynovun kurasiyasında olan, onun xüsusi nümayəndəliyinin bir addımlığında – Ağdam, Füzuli və Xocavənd torpaqlarında baş verir. Bu qədər nəhəng büdcənin fəhlədən gizlədilməsi ərazinin baş koordinatorunun səriştəsizliyidir, yoxsa bu "zəncirin" bir halqası olması?Görünür, kağız üzərində milyonluq layihələri asanlıqla "udan" və holdinq səviyyəsində bu vəsaitləri "əritməyə" vərdiş edən ata-oğul Məmmədovlar və onların fəaliyyətinə rəsmi çətir olan Emin Hüseynovun idarəçilik aparatı, növbə real işi görən fəhlənin alın tərinə çatanda onun cibində bir tikə çörək üçün qəpik-quruş belə qoymamağı özlərinə rəva bilirlər. Amma unudurlar ki, o torpaqlar tender sənədlərindəki möhürlərlə, xüsusi nümayəndəliyin dəbdəbəli kabinetlərindəki qərarlarla yox, fəhlənin qabar olmuş əlləri ilə ucalır.Mediatvaz.com olaraq mövzunu diqqətdə saxlayırıq. Həm Məmmədovlar ailəsinin, həm də xüsusi nümayəndə Emin Hüseynovun və rəhbərlik etdiyi qurumun mövzu ilə bağlı obyektiv mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.







Xəbəri paylaş


 
 


Xəbər lenti