İrəvandan Bakıya sərsəm ittiham - terrorçu ölkə dünyanı aldatmağa çalışır

 
11-10-2022, 11:19            99 dəfə baxılıb
Deputat: “Ermənistanın parlamentində terrorçu təşkilat rəsmən təmsil olunur”

“Ermənistan İstintaq Komitəsi 2020-ci ilin payızında Dağlıq Qarabağda döyüş əməliyyatları zamanı (44 günlük müharibədə - red.) Azərbaycan Silahlı Qüvvələrinin tərəfində vuruşmuş 300 muzdlu əsgəri müəyyən edib”. Belə bir sərsəm iddianı Ermənistan İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyan peşə bayramı münasibətilə keçirilən iclasda irəli sürüb. Kərəmyanın uydurmasına görə, istintaq “xarici muzdluların və beynəlxalq terrorçu qrupların üzvlərinin Dağlıq Qarabağda hərbi əməliyyatlarda maliyyələşməsi və cəlb edilməsi ilə bağlı məlumatlar toplayıb” və “erməni müstəntiqləri tərəfindən toplanmış bütün məlumatlar beynəlxalq terrorizmlə mübarizədə iştirak edən müxtəlif strukturlara ötürülüb”.

O da qeyd edilir ki, “Ermənistan Baş Prokurorluğunun səlahiyyətli orqanları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin və hərbi-siyasi rəhbərliyinin hərəkətləri ilə bağlı 2150-dən çox cinayət işi açılıb və 40-a yaxın şəxs (o cümlədən "muzdlular") barəsində ittiham irəli sürülüb, həmin şəxslər beynəlxalq axtarışa verilib".

Ermənistan artıq iki ildir bu nağılları danışır. İndi də 300 muzdlu terrorçudan dəm vurur. Amma onlardan birini belə göstərə, ad çəkə bilmir. Çünki yoxdur. Bu iddialar yalandır.

Şəkk-şübhəsiz mövcud olmayan terrorçular barədə yalançı axtarış elan eləməklə Ermənistan Azərbaycanı beynəlxalq birliyin hədəfinə gətirmək, öz adını bizə qoyub terrorçu dövlət kimi təqdim eləmək, halal qələbəmizə kölgə salmaq, bu yolla masa arxasında mövqeyimizi zəiflətmək, vaxt uzatmaq və sülh müqaviləsini ləngitmək niyyəti güdür. Paşinyan iqtidarının bu cəfəngiyyatı məhz Praqa bəyanatından dərhal sonra dövriyyəyə buraxması bu xüsusda diqqət çəkməyə bilməz. Sözsüz ki, bu həm də ölkəmizə qarşı informasiya müharibəsinin tərkib hissəsidir. Belə səylər hansısa nəticə verə bilərmi və bizim cavab tədbirlərimiz nə olmalıdır?
Elman Nəsirov — Vikipediya

 Elman Nəsirov

Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, 2-ci Qarabağ müharibəsi başa çatsa da Ermənistan dövləti əslində Azərbaycana qarşı hələ də iki müharibə aparmaqdadır. Birincisi, informasiya müharibəsidir, ikincisi isə mina müharibəsidir. Ermənistan hər iki müharibənin şiddətini qoruyub saxlamaqdadır. Xüsusilə də informasiya cəbhəsində Ermənistanın təbliğat maşını gecə-gündüz dezinformasiya, yalan, böhtan, iftira istehsal etməklə, yaymaqla məşğuldur: “Məsələyə bu məntiqlə yanaşdıqda elə bugünlərdə, daha dəqiq desək, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan və Ermənistan siyasi liderlərinin daha bir görüşünün ardınca Ermənistan təbliğat maşını növbəti bir dezinformasiyasını beynəlxalq ictimai fikrə sırımağa başlayıb. Ermənistan İstintaq Komitəsi adından səslənən bu açıqlamalar məhz dezinformasiya, böhtan, qara yaxma siyasətinin davamıdır. Burada Praqa görüşündən xoşhal olmayan Ermənistanın bəzi xarici dəstəkçilərinin də təsiri var. Ermənistan İstintaq Komitəsinin rəhbərinin dedikləri tamamilə absurd, zərrə qədər əsası, sübutu olmayan udurmadır, yalandır. Ermənistan dövləti öz mahiyyəti etibarilə terrorçu dövlətdir, Ermənistan dövləti ASALA beynəlxalq terrorçu təşkilatı ilə sıx əlaqədədir. Ermənistanda ”Daşnaksütyun" adlı terrorçu qruplaşma fəaliyyət göstərir və hətta həmin terrorçu qruplaşma Ermənistan parlamentində təmsil olunur və hakimiyyətə iddialıdır. Ermənistan kimi terrorçu yuvası olan terrorçu dövlətin Azərbaycan kimi terrordan 30 ildən artıqdır çox böyük əziyyətlər çəkən, çox dəhşətli faciələr yaşayan dövləti terrorçuluqda ittiham etməsi, sadəcə, heyrət yaradır. Bu böhtançılığın, utanmazılığın pik həddidir. Beynəlxalq terrorizmi dəstəkləyən bir dövlət Azərbaycan kimi terrora məruz qalan dövlətə dünyanın gözü qarşısında öz adını qoymağa cəhd edir. Ancaq unudur ki, böhtanları və yalanları nəticə verməyəcək. Azərbaycana belə ittihamlar zərrə qədər də yapışmaz. Ermənistan öz böhtanlarını, dezinformasiyasını sübuta yetirəcək bir dənə də olsun faktı ortaya qoya bilmir və qoya bilməz".

Deputat 44 günlük müharibə dövründə də Ermənistanın şivən qopartdığını, guya onlara qarşı döyüşən Azərbaycan Ordusunun sıralarında Suriyadan və digər ölkələrdən muzdlular olduğunu dünyaya car çəkirdi. Ancaq o zaman da bircə dənə də olsun sübut ortaya qoya bilmədilər. Onların o zamankı süni vay-şivəninə, böhtanlarına inanan olmadı. Bundan sonra da olmayacaq: “Azərbaycan doğru bildiyi yolla davam edir. Azərbaycan o dövlətdir ki, məğlub etdiyi ölkə ilə əməkdaşlıq etməyə hazır olduğunu rəsmən bəyan edib. Azərbaycanın fərqi, humanistliyi, böyüklüyü bax bununla bir daha dünyaya nümayiş edilir. Azərbaycan bu mövqeyində davam edir və bu mövqe bizim güclü silahlarımızdan biridir. Azərbaycan dövləti diplomatik müstəvidə, diplomatik mübarizədə qələbələrini davam etdirir. Bu amil də Ermənistanın böhtanlarının ayaq tutmasının qarşısında ciddi təsirini göstərir. Ermənistan Azərbaycana qarşı böhtanlardan ibarət bəyanatlar yaymaqla ilin sonunadək gözlənilən sülh sazişi imzalama prosesini pozmaq istəyir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Instagram
Bizim Instagram kanalımıza abunə olun





Xəbəri paylaş


 
 


Xəbər lenti