"Qarabağda qanunsuz sahibkarlıqla məşğul olan 36 şəxs interpolun axtarışına verilib"

 
17-10-2022, 15:27            105 dəfə baxılıb
Gəncədə səfərdə olan baş prokurorun birinci müavini Elçin Məmmədov işğal edilmiş Qarabağ ərazisində qanunsuz sahibkarlıqla məşğul olan şəxslərin barəsində cinayət işləri açıldığını bildirib.
Onun sözlərinə görə, qeyd olunan cinayət işləri üzrə ümumilikdə 36 şəxs barəsində təqsirləndirilən şəxs kimi interpolun axtarışına verilib:
"Vaxtilə işğal olunmuş ərazilərdə xarici şirkətlərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə, eləcə də əzəli torpaqlarımızda qanunsuz məskunlaşmanı həyata keçirən bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.
Ermənistan silahlı qüvvələri tərəfindən müvəqqəti işğal edilmiş ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə bağlı 2 cinayət işi açılıb, istintaq işləri aparılır. İstintaq zamanı ümumilikdə 6 şirkətin 306 milyon manatdan çox külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirdiyi müəyyənləşib.
Bundan başqa, Azərbaycan Respublikasının sərhədini qanunsuz şəkildə keçərək işğal altında olan Qarabağ ərazisinə səfər etmiş şəxslərin odlu silah əldə edib, gəzdirmə və digər faktları ilə bağlı 2 cinayət işi başlanıb.
Ümumilikdə qeyd olunan 4 cinayət işi üzrə 19 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində həbs qətimkan tədbirləri seçilməklə, onların axtarışlarının elan olunması təmin edilib.
Qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan 166 hüquqi şəxslə bağlı 35 ölkəyə hüquqi tapşırıqlar göndərilib.
Beləliklə, qeyd olunan cinayət işləri üzrə ümumilikdə 36 şəxs barəsində təqsirləndirilən şəxs kimi beynəlxalq axtarışı üçün İnterpolun Milli Mərkəzi Bürosuna müraciət olunub".



Xəbəri paylaş


 
 


Xəbər lenti