Küçəyə atılan professoru görməyənlər: İsa Həbibbəyli, icra başçısı, deputatlar...

 
1-04-2024, 14:45            133 dəfə baxılıb
Professor Fazil Qaraoğlu artıq 5 gündür küçələrdədir. Çox cüzi ev kirayəsini verə bilmədiyi üçün dəyərli alim, “Quran”ın Azərbaycan və rus dilinə tərcüməçisi, "Ermənilər və Həqiqətlər – sənədlərdə" mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cilddə kitab yazmış elm adamı 50 min kitabı ilə küçəyə atılıb. Professor 14 il Ankarada Gazi Universitetində çalışıb, tarix elminə ciddi töhfələr verib. Dövlət strukturları, AMEA, Elm və Təhsil Nazirliyi, Sosial Müdafiə Nazirliyi, alimin yaşadığı ərazinin icra başçısı və deputatları israrla susur.



Bir neçə nəfəri çıxmaq şərti ilə, heç kəs bu məsələ ilə ciddi şəkildə maraqlanmır. Dünən “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu və “Ali və Nino” kitab mağazalarının rəhbəri Nigar Köçərli alimimizə iki dəfə baş çəkib, mümkün olan köməyi edib, yardım kampaniyası başladıblar. Nə Şahbaz Xuduoğlu, nə Nigar Köçərli, nə də bu kampaniyaya qoşulan şəxslər alimin küçədə qalmasında dövlət və onun strukturları qədər məsuliyyət daşımır.
Onların etdiyi vətəndaş məsuliyyətindən daha artığıdır, amma bütün bu problemlər bu şəkildə həll olunmalı deyil. Haradadır televiziyalar, haradadır mətbuat? Niyə məsələni ciddi və aktual problem olaraq gündəmə daşımır? Alimin küçəyə atıldığı Yasamal rayonunun deputatları, xüsusən Ülvi Quliyev və Elnur Allahverdiyev, bu qədərmi çətindir alimin problemini araşdırıb həll etmək? Axı siz Yasamal ərazisindən deputat seçilmisiniz.
Hörmətli akademik İsa Həbibbəyli, gözünüzün önündə bir alimin küçələrdə qalması sizi niyə narahat etmir? Axı küçəyə atılan sizin həmkarınızdır!
Hörmətli Sahil Babayev, 75 yaşlı təqaüdçü alimin küçədə gecələməyinə bir izahınız varmı? Niyə çevik və operativ reaksiya verə bilmirsiniz?
Elm və təhsilimizə cavabdeh olan hörmətli Emin Əmrullayev, elm adamına laqeyd münasibətinizlə ölkədə elmi və təhsili inkişaf etdirə biləcəyinizi düşünürsünüzmü? Axı Azərbaycanın alimi küçələrdə qalmamalıdır. Gəlin sualı belə qoyaq, bir elm adamı beş gün küçədə qalarkən siz öz isti evinizdə necə gecələdiniz?

Küçəyə atılan professoru görməyənlər: İsa Həbibbəyli, icra başçısı, deputatlar...

Professor Fazil Qaraoğlunun 5 gün küçələrdə qalması cəmiyyət olaraq hər birimizin utancıdır, amma ilk növbədə dövlət və əlaqədar strukturlar utanmalıdır, gündə bir müğənnini məşuqəsi edən “messenant hacılar” utanmalıdır.
Bahalı iftar məclisləri quran “messenant hacılar”, sponsorluq etdiyiniz müğənnilərdən, aktrisalardan başınız açılsa, “Quran”nın tərcüməçisi ilə də maraqlanın, əgər “Quran”ı oxumusunuzsa, anlamısınızsa bu sizin boynunuzun borcudur.
Dövlətin bu məsələyə elə bu gün müdaxilə etməsi, məsələnin tezliklə həll olunması vacibdir. Çünki biz alimimizin küçədə ölməyinə göz yummamalıyıq. Bu bizim dövlətimizə, xalqımıza yaraşmaz. İnanıram ki, Professor Fazil Qaraoğlu evlə təmin olunacaq. Hər halda buna ümid edirəm...

Cəlil Cavanşir
BakuPost.az

Küçəyə atılan professoru görməyənlər: İsa Həbibbəyli, icra başçısı, deputatlar...
Küçəyə atılan professoru görməyənlər: İsa Həbibbəyli, icra başçısı, deputatlar...
Küçəyə atılan professoru görməyənlər: İsa Həbibbəyli, icra başçısı, deputatlar...
Küçəyə atılan professoru görməyənlər: İsa Həbibbəyli, icra başçısı, deputatlar...
Küçəyə atılan professoru görməyənlər: İsa Həbibbəyli, icra başçısı, deputatlar...
Küçəyə atılan professoru görməyənlər: İsa Həbibbəyli, icra başçısı, deputatlar...








Xəbəri paylaş


 
 


Xəbər lenti