Ağadadaş Ağayev cəzasını aldı - Xalq şairi

 
25-07-2024, 12:36            119 dəfə baxılıb
Xəbər verdiyimiz kimi, 22 iyulda səhər 07 radələrində xalq artisti Ağadadaş Ağayevlə “Medera” klinikasının gözətçisi Nurəddin Cəlilov arasında insident yaşanıb: xalq artisti ona balta atıb, N.Cəlilov isə onu döyüb.
Kult.az Ağadadaş Ağayevlə yaradıcılıq münasibətləri olan, bir neçə layihə üzərində birgə işlədikləri xalq şairi Sabir Rüstəmxanlının olaya münasibətini öyrənib:
- Sabir bəy, Ağadadaş Ağayevlə yaradıcı əlaqələriniz, münasibətiniz olduğu bəllidir, sizin bir neçə şeirinizə bəstələnən mahnını o ifa edib. Bu insidentdən sonra Ağayevlə əlaqə saxlamısınızmı?
- Hələlik əlaqə saxlaya bilməmişəm. Bu hadisə bağlı fikirlərin bu qədər haçalanması məni ağrıdır. Düşünürəm, danışanların çoxu hadisənin mahiyyətini bilmir. Əvvəlcə onu öyrənmək lazımdır ki, iki yaşlı-başlı adamın arasında ictimai asayişi bu dərəcədə pozacaq nə olub? Əgər Ağadadaş Ağayev xəstədirsə, həmin klinikada əməliyyat olunubsa, halı da yaxşı deyilsə, ona daha həssas yanaşmaq lazım idi, lap müəyyən yanlışlığı olsa da! Ağadadaş Ağayev sevilən, tanınan, xalqın hörməti olan bir adamdır. Mühafizəçi ən azı bunu da nəzərə almalı idi və səbirlə və qanun daxilində hərəkət etməli idi. Sən kimsən ki, bir sənət adamını bu şəkildə alçaldasan? Videoya baxdım, diqqət etdinizsə, mühafizəçi Ağadadaşı düşməncəsinə döyürdü. Heç gərək o video da paylaşılmazdı. Üstəlik, ona da pis oluram ki, ətrafdakı adamlar ayırmağa çalışmır. Bu cür laqeydlik olarmı?
- Sizcə, günahkar kimdir?
- Mən Ağadadaş Ağayeva haqq qazandırmıram, amma günahı daha çox mühafizəçidə görürəm. O, iş başında olub və bunun məsuliyyətini bilməli idi. Adamlar var, sosial şəbəkədə Ağadadaş Ağayevi söyür, deyirlər, xalq artisti adı da əlindən alınsın. Niyə? Xalq düşmənidir? Vətənə xəyanət edib? Bir xoşagəlməz hadisədir olub, bunu bu qədər niyə şişirdirlər?
- Sabir bəy, Ağadadaş Ağayevin bir neçə mahnısının sözləri sizindir, eləmi?
- Bəli, mənimdir. Məsələn, “Qaçqınam, köçkünəm, halımı sorma”, “Karvan”, “Azərbaycan” kimi mahnıların sözlərini yazmışam, o da peşəkarcasına ifa edib. Yaradıcılıq əlaqələrimiz yaxşı olub. Hər şey yoluna düşsün, güman ki yenə də davam edə bilərik.
- Ümumiyyətlə, bu insidentin sonunu necə görürsünüz?
- Hesab edirəm ki, onları barışdırmaq lazımdır. Məsələ Ağadadaş Ağayevin və ya mühafizəçinin həbsinə qədər uzanmamalıdır. İstəmirəm ki, iki yaşlı-başlı adam bir əsəbin qurbanı olsunlar. Onsuz da baş verən insident, videonun yayılması və ictimai reaksiya hər ikisi üçün ən böyük cəza oldu artıq.



Xəbəri paylaş


 
 


Xəbər lenti