Rusiyanın İrəvandakı səfiri erməni deputata nə cavab verib? – “Paşinyan bu reallığı var gücü ilə bizə sırımağa çalışır...”

 
22-08-2022, 12:48            76 dəfə baxılıb
Ermənistan parlamentinin Müdafiə daimi komissiyasının sədri Taquhi Tovmasyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinə suallar ünvanlayıb.
"Əyalətmedia.az" erməni mediasına istinadla xəbər verir ki, deputat səfirdən avqustun əvvəllərində Azərbaycan Ordusunun endirdiyi zərbələr, Laçından köçürülən ermənilər və bu zaman sülhməramlıların nə iş gördüyü barədə soruşub. Tovmasyan səfirliyinin cavabını özünün "Feysbuk" səhifəsində paylaşıb.
"Cənab Sergey Kopırkin, Azərbaycan tərəfinin minaatanlardan, qumbaraatanlardan və PUA-lardan istifadə edərək təmas xəttini keçməsi barədə sualıma cavab olaraq yazıb ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında və Ermənistan-Azərbaycan sərhədində vəziyyət Rusiyanın xarici siyasəti üçün mühüm məsələdir. Cavab məktubunda qeyd olunub: "Bu il avqustun 4-də gördüyümüz işlər barədə: Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında eskalasiya ilə bağlı bəyanat verərək hər iki tərəfi təmkinli olmağa, atəşkəs rejiminə hörmət etməyə çağırıb və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarına uyğun olaraq nizamlanmanın zəruriliyini bir daha təsdiqləyib. Rusiya sülhməramlıları yerlərdə vəziyyəti sabitləşdirmək üçün mümkün olan bütün səyləri göstərir. Həm Bakıda, həm də İrəvanda Rusiya sülhməramlılarının mühüm rolu dəfələrlə vurğulanıb. Biz əminik ki, belə etimada tam layiqik. Biz Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün hər cür lazımi dəstəyi göstərməyə davam etməyə hazırıq”.
Erməni deputat daha sonra bildirir ki, başqa bir məktubda rusiyalı həmkarlarının diqqətini Laçının və ətraf kəndlərin Azərbaycana verilməsinə cəlb etməyə çalışıb: ""Erməni yaşayış məntəqələrinin" Azərbaycana verilməsinə sayılı günlər qalıb. Biz Nikol Paşinyanın bütün ermənilərə var gücü ilə sırıdığı bu biabırçı reallığa yaxınlaşdıqca gələcəyə baxış daha da qeyri-müəyyənləşir. Rusiya səfirinə müraciətimdə mövcud çətinlikləri, eləcə də Qarabağdakı "deputat" həmkarlarımın qorxularını təqdim etdim ki, insan, texniki və nəqliyyat resursları köçürülmənin qısa müddət ərzində həyata keçirilməsi üçün kifayət deyil. Mən bu yaşayış məntəqələrinin təhvil verilməsi müddətinin uzadılmasına köməklik göstərilməsini xahiş etdim".Səfir erməni deputata cavab məktubunda bildirib ki, Laçın dəhlizi ətrafındakı vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında həll edilməlidir. "Nəzərinizə çatdırım ki, 6-cı bəndə uyğun olaraq, tərəflərin razılığı ilə yaxın üç il ərzində Laçın dəhlizi ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutunun tikintisi başa çatacaq. Dağlıq Qarabağ və Ermənistan arasında bu marşrutu qorumaq üçün Rusiya sülhməramlı kontingenti orada yerləşdiriləcək",-deyə Kopırkin yazıb.
Deputat Taquhi Tovmasyan isə xatırladır ki, Rusiyanın İrəvandakı səfirliyinin müşaviri - elçisi Maksim Seleznyovun bu yaxınlarda sülhməramlıların yeni yol işə düşənə qədər mövcud Laçın dəhlizindən bir santimetr belə hərəkət etməyəcəkləri ilə bağlı bəyanatı da hər şeyi aydınlaşdırmır. "Çünki qeyd olunan üç illik müddətin bitməsinə bir ildən çox vaxt qalıb",- o qeyd edib.
Rusiya səfirliyi həmçinin əlavə edir ki, onların məktubunda qeyd olunan bütün mövzular üzrə maraqlı tərəflərlə məsləhətləşmələr müntəzəm olaraq keçirilir. Onların məqsədi Üçtərəfli Bəyanatın həyata keçirilməsi üçün hər kəsə uyğun olan razılaşmalar əldə etməkdir. “Bunun üçün biz həm ən yüksək səviyyədə, həm də Rusiya Müdafiə Nazirliyi, Rusiya Xarici İşlər Nazirliyi və digər idarələr vasitəsilə Ermənistan və Azərbaycan tərəfləri ilə daimi dialoq aparırıq. Məsələnin həssaslığını nəzərə alaraq, müzakirələrin təfərrüatları açıqlanmayıb, lakin bu cür söhbətlər mühüm və effektiv həll alətidir”, - səfirin cavabında qeyd olunub.



Xəbəri paylaş


 
 


Xəbər lenti