Ocaqnejad ÖLDÜRÜLDÜ? – İsrailə qarşı cihad bayrağı qaldırdı, raketlərin hədəfi oldu?

 
11-03-2026, 14:41           
featured-image-735308



İranda ali dini rəhbəri seçmək səlahiyyətinə malik olan 88 nəfərlik Xübriqan Məclisinin (Ali Ekspertlər Şurası) iclasının keçirildiyi məkanın İsrail tərəfindən raketlə vurulduğu barədə sensasion məlumatlar yayılıb.

İddialara görə, zərbə məhz ölkənin ən yüksək dini-siyasi elitasının toplandığı anda endirilib və nəticədə bir sıra ayətullahların, eləcə də yüksək rütbəli dini xadimlərin öldüyü bildirilir. Müctəba Xameneinin də məhz o toplantıda yaralandığı vurğulanır.

Cənubi Azərbaycandan daxil olan məlumatlarda isə diqqətçəkən bir detal var. Bildirilir ki, hücum nəticəsində ölənlər arasında Xübriqan Məclisinin üzvü Seyid Ocaqnejad da ola bilər. Mənbələr onun iclas zamanı hədəf alınan şəxslərdən biri olduğunu və raket zərbəsi nəticəsində həyatını itirdiyini iddia edir.

Eyni zamanda bəzi mənbələr Ocaqnejadın öldüyü barədə xəbərlərin hələ dəqiqləşdirilmədiyini bildirir. İddialara görə, o, hücumdan sonra təhlükəsizlik səbəbilə gizlədilə və ya başqa bir yerə aparıla bilər. İran tərəfi isə hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib və bu da yayılan məlumatların ətrafındakı sualları daha da artırır.

Ocaqnejadın adı son günlərdə İran daxilində baş verən proseslərdə yenidən gündəmə gəlmişdi. Azərbaycandan qovulduqdan sonra uzun müddət görünməyən din xadimi, Xameneinin ölümündən sonra ilk dəfə Cəmkaranda cihad rəmzi sayılan qırmızı bayrağın yanında peyda olmuşdu. Bu görüntü İran daxilində yeni mərhələnin başlandığı barədə mesaj kimi qiymətləndirilmişdi.

Müşahidəçilər hesab edirdi ki, Ocaqnejad yeni dönəmdə İranın Qərb və xüsusilə İsrail əleyhinə ritorikasının əsas simalarından birinə çevrilə bilər. O, illərlə Bakıda Ramazan ayının son cüməsində keçirilən “Qüds günü” aksiyalarının təşkilatçılarından biri kimi tanınır və İsrail əleyhinə sərt çıxışları ilə diqqət çəkirdi.

İndi isə vəziyyət tamamilə fərqli görünür. Əgər yayılan məlumatlar doğrudursa, illərlə İsrail əleyhinə ən sərt ritorikanı səsləndirən fiqurlardan biri məhz həmin qarşıdurmanın hədəfinə çevrilmiş ola bilər. Lakin hələlik nə onun öldüyü təsdiqlənir, nə də sağ olduğu görünür.

Bir fakt isə dəyişmir: cihad rəmzi olan qırmızı bayraq qaldırıldıqdan sonra ya meydanda görünmək, ya da susqunluq içində qeybə çəkilmək mümkün deyil. Əgər Ocaqnejad bunkerlərdən birində gizlənməyibsə, gec-tez ortaya çıxmalı olacaq. Əks halda isə onun taleyi haqqında ən ağır ehtimal – raket zərbəsinin qurbanlarından biri olması – getdikcə daha real görünməyə başlayır.

Ocaqnejad kimdir?

Seyid Ocaqnejad uzun illər Azərbaycanda İranın Mədəniyyət Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərib. Daha sonra təhlükəsizlik səbəbləri ilə Azərbaycandan deportasiya olunub.

Mənbələrə görə, o, İranın regiondakı ideoloji təsir fəaliyyətində fəal fiqurlardan biri hesab olunur. Ocaqnejad Qafqazda – xüsusilə Azərbaycan, Gürcüstan, Dağıstan və Rusiyada yaşayan azərbaycanlı icmaları arasında dini-ideoloji şəbəkələrin koordinasiyasında mühüm rol oynayır. Həmçinin onun İranın İsrail əleyhinə təşkil olunan aksiyalarının ideoloji təşəbbüskarı olduğu bildirilir. Onun Rusiyada yaşayan azərbaycanlıları İranın siyasətinə uyğun təşkilatlandırdığı da vurğulanmaqdadır.

Camal Cavanşir




Xəbəri paylaş


 
 


Xəbər lenti