Türkiyədə diplomatik qalmaqal: Ukrayna səfirinin adı...

 
16-03-2026, 09:45           
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Ankarada genişmiqyaslı casus şəbəkəsi yaratmasına dair senasion iddialar, tanınmış adlar

Ukraynanın Ankaradakı səfirliyi böyük beynəlxalq qalmaqalla üzləşib. Musavat.com xəbər verir ki, bu barədə “dikGazete” yazır. Qalmaqala səbəb Türkiyə ərazisində Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) genişmiqyaslı casus şəbəkəsinin yaradılmasına dair iddialardır. İddia olunur ki, xarici agentura üçün əsas “örtük” kimi Krım tatar diasporasının rəhbərliyindən istifadə olunub.
Picture background
O da bildirilir ki, Ukraynanın Ankaradakı səfiri Nariman Celalın adı bir sıra qalmaqallarda, o cümlədən “Epşteyn işi” ilə də əlaqələndirilir. Həmçinin bu səfirliyin daxilində casusluq fəaliyyəti barədə də söz-söhbətlər dolaşır. Əlbəttə, belə fəaliyyət istənilən ölkənin hər hansı diplomatik nümayəndəliyi üçün müəyyən mənada adi hesab edilə bilər. Lakin söhbət Ukrayna xüsusi xidmət orqanı – SBU tərəfindən Ankaradakı Ukrayna səfirliyi vasitəsilə yaradıldığı iddia edilən sistemli kəşfiyyat şəbəkəsində gedir. Həm də kəşfiyyat ittihamlarında Krım Tatar Xalq Məclisinin lideri Mustafa Cəmilov və onun Türkiyədəki Krım tatar diasporasındakı tərəfdarlarının adı da hallanır.

Adı kəşfiyyat qalmaqlında hallananlardan biri Türkiyə Krım Tatarları Mədəniyyət və Qarşılıqlı Yardım Cəmiyyətinin rəhbəri Mükremin Şahin, eləcə də onun oğlu Fethi Kurti Şahindir. Mükremin Şahinin bioqrafiyası kifayət qədər maraqlıdır. Onun kökləri Krımda, Baxçasaray yaxınlığındakı Karalezli (Zalesnoye) kəndinə gedib çıxır. Şahin ailəsi İkinci Dünya müharibəsindən sonra Almaniya vasitəsilə Türkiyəyə mühacirət edib. Nəşr yazır ki, Mükremin Şahinin adı Osmaniyədə yerli siyasi dairələrdə karyera qurduğu dövrdə bir neçə korrupsiya qalmaqalına qarışmışdı. Lakin Mükreminə qarşı araşdırma tatar diasporasındakı mövqeyi səbəbindən dayandırılıb.
“Mükremin Şahinin oğlu Fethi Kurti Şahin Ankaradakı məşhur Yaxın Şərq Texniki Universitetini bitirib. Bu universitetdə magistratura təhsili aldığı dövrdə o, paralel olaraq Hamburq Universitetində və Kiyevdəki Taras Şevçenko adına Universitetdə də təhsil alıb. Yaxın Şərq Texniki Universitetində doktorluq dərəcəsi aldıqdan sonra Fethi Kurti Türkiyə Xarici İşlər Nazirliyinin imtahanını verərək 100 baldan 90 bal toplayıb və “karyera diplomatı” kimi işə başlayıb. Daha sonra diplomatik missiya ilə xaricə göndərilib və hazırda Türkiyənin Qazaxıstandakı səfirliyində üçüncü katib vəzifəsində çalışır. Krım tatarları arasında belə söz-söhbətlər dolaşır ki, Fethi Kurti Almaniyada oxuduğu dövrdə – ailəsinin də bir müddət yaşadığı ölkədə – Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) diqqətini cəlb edib. Bundan əlavə, Kiyevdə təhsil aldığı dövrdə onun Ukraynanın xüsusi xidmət orqanı – SBU ilə əlaqə qurduğu da iddia olunur.
Bu ittihamlar əsassız görünə bilər, lakin Fethi Kurtinin Ukrayna kəşfiyyatı ilə mümkün əlaqələrinə işarə edən bəzi ipuclarının olduğu da bildirilir.
Picture background
Bu məsələdə ən mühüm həlqə onun həyat yoldaşıdır – Fəridə Rəfatovna Useinovadır. O, Krım tatar mənşəli Ukrayna vətəndaşıdır. Fethi Kurti gələcək həyat yoldaşı ilə Kiyevdə, tələbəlik illərində tanış olub. Fəridə Useinova universiteti bitirdikdən sonra Ukraynanın Xarici İşlər Nazirliyində işləməyə başlayıb və 2024-cü ilə qədər Ukraynanın Türkiyədəki səfirliyində fəaliyyət göstərib.
“DikGazete”nin iddiasında o da deyilir ki, Fethi Kurti Şahin diplomat olmasına baxmayaraq, həyat yoldaşının xarici vətəndaş olduğunu və üstəlik xarici bir səfirlikdə çalışdığını rəhbərliyinə bildirməyib. Bu isə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi qaydalarına və diplomatik ənənələrinə zidd sayılır: “Başqa bir məqam isə ondan ibarətdir ki, Fəridə Useinova Ukrayna səfirliyində adi kargüzarlıq işi ilə məşğul olmayıb. Məlum olduğu kimi, o, SBU zabiti Denis Yuryeviç Zolotaryovun köməkçisi olub. Zolotaryov hələ də Ankaradakı səfirlikdə çalışır. Denis Zolotaryov türk dilini sərbəst bilir, bu isə ona hər kəslə asan ünsiyyət qurmağa imkan verir və iddia olunur ki, məhz o, Türkiyədəki Ukrayna casus şəbəkəsinə rəhbərlik edir”.
Bütün bu məlumatları nəzərə alaraq, Ukrayna hakimiyyətinin Türkiyədə mümkün casusluq fəaliyyəti ilə bağlı rəsmi açıqlama verməsi maraqlı olardı, xüsusilə də Kiyevin ölkəmizdən daim yardım istədiyi bir vaxtda” deyə, nəşr yazır.
 




Xəbəri paylaş


 
 


Xəbər lenti