Pşainyanı onlar devirməlidir – Kremlin gizli tapşırıq verdiyi adlar və qurumlar açıqlandı

 
Bu gün, 10:45           
Vladimir Putin Rusiya idarəetmə strukturundakı müvafiq qurumları, eləcə də Ermənistandakı ruspərəst müxalif qüvvələri və Rusiya agenturasını Nikol Pşainyanı devirmək üçün tam səfərbər edib. Moldova və Macarıstandakı uğursuzluqlardan sonra Kreml öz səylərini Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərinə yönəldib.
 Bunu qeyd edən “The Insider” nəşri Kremlin bu işi kimlərə, hansı strukturlara və siyasi qüvvələrə tapşırdığına dair özəl məlumatlar dərc edib.
Məlumatda deyilir ki, Moskvanın məqsədi Aİ və ABŞ ilə yaxınlaşma kursuna başlayan Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsinin qarşısını almaqdır.
Nəşrin məlumatına görə, Paşinyana qarşı informasiya kampaniyası əvvəllər Dmitri Kozakın rəhbərlik etdiyi Mədəni Əlaqələr İdarəsinin əvəzinə yaradılmış yeni Prezident yanında Strateji Tərəfdaşlıq və Əməkdaşlıq İdarəsi (USPS) tərəfindən yönləndirilir. Bu quruma Rusiya Prezident Administrasiyası başçısının müavini Sergey Kiriyenkonun adamı, keçmiş nüvə alimi Vadim Titov rəhbərlik edir.

Yeri gəlmişkən, Titova bundan öncə Macarıstanda Viktor Orbanın qələbəsi üçün çalışmaq tapşırılmışdı. Lakin məlum olduğu kimi, Orban seçkidə sarsıdıcı məğlubiyyətə uğradı. Buna baxmayaraq, Titova Ermənistanda yeni şans verilib.
Nəşrin bildirdiyinə görə, Rusiya Prezident Administrasiyasında Ermənistan istiqamətinə birbaşa nəzarət edənlər Strateji Tərəfdaşlıq və Əməkdaşlıq İdarəsinin şöbə müdiri Valeri Çernışov və onun müavini Dmitri Avanesovdur. İkincinin soyadından erməni əsilli olduğu görünür. Onların hər ikisinin kəşfiyyat xidmətlərində təcrübəsi var (Çernışov QRU kursunda sabotajın əsaslarını tədris edib, Avanesov isə FSB İnstitutunda oxuyub).
Rusiya hökumətində Ermənistan işlərinə Baş nazirin müavini Aleksey Overçuk nəzarət edir. Rusiya Xarici İşlər Nazirliyində isə Ermənistandakı seçkilərə MDB ölkələri üzrə Dördüncü Departamentin direktoru Mixail Kaluqin cavabdehdir. Nəşr qeyd edir ki, Kaluqinin Litva və Vaşinqtondakı əvvəlki işləri kəşfiyyat fəaliyyəti və ABŞ seçkilərinə müdaxilə ilə müşayiət olunub. Bir sözlə, yüksək idarəetmə strukturlarında Ermənistandakı seçkiyə və Paşinyanın devrilməsinə cavabdeh şəxslərin dairəsi Kreml tərəfindən müəyyən edilib və göründüyü kimi, onların kimliyi də məlumdur.
Lakin siyahı bununla bitmir. Kremlə yaxın digər strukturlar da Nikol Paşinyana qarşı kampaniyada fəal iştirak edir. Bunlara Qorçakov Fondu, Kommunikasiyaların İnkişafı üzrə Milli Tədqiqat İnstitutu (xarici kəşfiyyat zabiti Vladislav Qasumyanovun rəhbərliyi ilə) və Rusiya Strateji Araşdırmalar İnstitutu (xarici kəşfiyyatın “beyin mərkəzi”) aiddir.
Təbliğat kampaniyasının ön sıralarında isə Rusiya Federasiya Şurasının sədr müavini, “Vahid Rusiya” partiyası Ali Şurasının üzvü, senator Konstantin Kosaçyov və Dumanın komitə sədrinin müavini Konstantin Zatulin var. Sonuncu həm də Rusiyanın Ermənistana göndərdiyi Rusiya vətəndaşı, milyarder Samvel Karapetyanın da daxil olduğu rus-erməni təşkilatı – “Lazarevski Klub”a rəhbərlik edir.

Nəşr qeyd edir ki, Ermənistanda “yumşaq güc”ün kurasiyası İqor Çaykanın (keçmiş baş prokurorun oğlu) rəhbərlik etdiyi “Rossotrudniçestvo”ya tapşırılıb. Bu işdə İrəvandakı “Rus Evi”-nin xüsusi vəzifələri var. Rusiya “NTV”-sinin keçmiş hərbi müxbiri Vadim Fefilovun idarə etdiyi İrəvandakı “Rus Evi”nin fəaliyyəti əsasən erməni gənclərə yönəlib və qurum onları Ermənistanın gələcəyinin yalnız Rusiya ilə bağlı olduğuna inandırmaqla məşğuldur.
“The Insider”-in digər məlumatına görə, Rusiya Xarici Kəşfiyyat Xidmətinin(SVR) Ermənistandakı əsas adamı Rusiyanın daimi ticarət nümayəndəsi Aleksey Mışlyavkindir. O, agentləri vasitəsilə “Saqqal” kod adı verilən Paşinyanın hər hərəkətini izləyir. FSB adından isə Paşinyanın izlənməsi Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri, general Sergey Kivaçuka tapşırılıb.

Məlumatda deyilir ki, Kreml Robert Koçaryanla yanaşı, həmçinin iki müxalifət blokunu dəstəkləyir. Biri milyarder Samvel Karapetyanın “Güclü Ermənistan”ıdır (Karapetyan çevrilişə çağırış etdiyinə görə ev dustaqlığındadır, lakin onun bloku seçkilərdə iştirak etməyə davam edir). Digəri isə “Vahid Rusiya” ilə əməkdaşlıq edən kriminal ünsür Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasıdır. Tsarukyan əvvəllər quldurluq və zorlama maddələrilə məhkum edilib. O həmçinin, Paşinyana qarşı sui-qəsd cəhdini sifariş etməkdə şübhəli bilinir.
“The Insider” qəzetinin məlumatına görə, bütün bu layihələrin maliyyələşdirilməsi Rusiya Prezident Administrasiyasının xüsusi fondundakı vəsaitlər hesabına həyata keçirilir.
Qeyd edək ki, bu məlumatlar bir daha Kremlin Ermənistandakı seçkilərə nə dərəcədə önəm verdiyini göstərir. Belə görünür ki, Azərbaycanda və Gürcüstanda nüfuz və təsir imkanları minimuma enən Rusiya Cənubi Qafqazda qalıb möhkəmlənməyin yolunu Ermənistanda öz əlaltılarını hakimiyyətə gətirməkdə görür./azpolitika.info




Xəbəri paylaş


 
 


Xəbər lenti