Gela Vasadze: Bu, “Tramp marşrutu”na qarşı olanlar üçün xoşgəlməz xəbərdir

 
Bu gün, 10:30           
“Nəhayət, TRIPP (“Tramp marşrutu”) layihəsinin icrası başlayır. Həm də başlamalı olduğu yerdən”.
Bunu gürcü politoloq Gela Vasadze deyib.
“Azərbaycan, Ermənistan və ABŞ nəqliyyat və elektrik enerjisinin ötürülməsi üzrə işçi qruplarının fəaliyyətə başladığını elan edib. Hələlik nə qatarlar hərəkətə başlayıb, nə də açılış lentləri kəsilib. Hansısa nəqliyyat vasitəsinin hərəkətə başlamasından əvvəl onun hansı qaydada hərəkət edəcəyi barədə razılığa gəlmək lazımdır. Nə qədər qəti proqnozlar səsləndirilirdi: “TRIPP mifdir”, “heç nə alınmayacaq”, “bu layihə heç vaxt reallaşmayacaq”. Əlbəttə, texniki qrupların fəaliyyətə başlaması hələ layihənin həyata keçiriləcəyinə zəmanət vermir. Amma “heç vaxt” deyənlər artıq işlərin getdiyini nəzərə almaq məcburiyyətindədirlər”, – ekspert bildirib.
Vasadze qeyd edib ki, TRIPP Cənubi Qafqazda sülhün tərəfdarları və əleyhdarları üçün siyasi mövqenin göstəricisinə çevrilib:
“Bu, layihəni tənqid edən hər kəsin müharibə istədiyi anlamına gəlmir. Suverenlik, təhlükəsizlik və maliyyələşmə ilə bağlı suallar tamamilə zəruridir. Amma maneələri aradan qaldırmaq istəyi ilə həmin maneələrin keçilməz olacağına ümid bəsləmək arasında fərq var.
Bakı üçün Naxçıvanla etibarlı əlaqənin təmin edilməsi, İrəvan üçün suveren nəzarətin və iqtisadi faydanın qorunması, Vaşinqton üçün isə vasitəçilik səylərinin nəticə verməsi vacibdir. Bu maraqları uzlaşdırmaq çətindir. Konkret razılaşmalar da məhz buna görə lazımdır.
Əgər sənin bütün siyasi arqumentlərin birgəyaşayışın mümkün olmadığı fikri üzərində qurulubsa, praktiki əməkdaşlığın başlanması artıq sənin üçün problemə çevrilir. İndi bu günədək mümkünsüz elan edilən prosesin niyə həyata keçirilməyə başlandığını izah etməli olacaqsan.
Yol hələ tikilməyib, amma iş artıq başlayıb. “Heç vaxt” deyənlər üçün bu, artıq xoşagəlməz xəbərdir”./teleqraf.az



Xəbəri paylaş


 
 


Xəbər lenti