”Fərid Eyvazov toxunulmazlığı”: Kiçik dükanlara aslan kəsilənlərin “Alliance Clinic” sükutu

 
Bu gün, 12:35           
Böyük iddialar, pafoslu bəyanatlar və “istehlakçı hüquqlarının müdafiəsi” şüarları… Amma məsələ Fərid Eyvazovun baş həkimi olduğu “Alliance Clinic”ə və ortadakı konkret 146 manatlıq “daxili qəbz” qalmaqalına gələndə bütün bu dövlət nəzarəti mexanizmləri birdən-birə dərin bir sükuta qərq olur.
Faktum.az xatırladır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti öz rəsmi cavabında topu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin meydançasına atmış, vətəndaşın pozulmuş hüquqları ilə bağlı həmin quruma müraciət etməyimizi tövsiyə etmişdi. Biz də verilən “dəyərli” tövsiyəyə riayət edərək, 06.10.2026-cı il tarixində 27 nömrəli rəsmi sorğumuzu birbaşa Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə ünvanladıq.
Nəticə? Tam bir ay geridə qalıb, amma sorğudan nə bir səs var, nə bir soraq!
Səbəbini öyrənmək üçün qurumla telefon əlaqəsi saxlayırıq. Telefonda bizə böyük arxayınlıqla deyirlər ki, “müraciətə 15 iş günü ərzində baxılıb cavab verilməlidir”. Qanunun tələb etdiyi həmin 15 iş gününün artıq ötən aydan geridə qaldığını, müddətin çoxdan bitdiyini xatırladanda isə tapdıqları bəhanə daha da absurd olur: “Araşdırmalı məsələ olanda vaxt uzun da ola bilir…”
  
Möcüzəyə baxın! Ortada vətəndaşa vurulan daxili qəbzin rəsmi fotosu, ödənildiyi faktiki məbləğ (146 manat), klinikanın adı və ünvanı var. Təkzibedilməz faktlar göz qabağında ikən, görəsən, Antiinhisar Agentliyi tam 1 aydır “Alliance Clinic”də nəyi araşdırıb bitirə bilmir? Yoxsa Fərid Eyvazovun klinikasında hansısa dərin kosmik tədqiqatlar aparılır ki, bir sadə kassa çeki pozuntusunu təsbit etmək üçün aylarla vaxt lazım gəlir?
Əlqərəz… 10-12 kvadratmetrlik kiçik bir mağazanın, məhəllə dönərxanasının üstünə cərimə yağdırıb “gözünün odunu alan”, qanunun hər bir nöqtəsini ən sərt şəkildə tətbiq edən Vergi Xidməti kimi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də görünür Fərid Eyvazovu incitməyə qıymır.
Vergi Xidməti məsələni “gələcək nəzarət tədbirlərinin” ümidinə saxlayır, Antiinhisar Agentliyi isə “araşdırmalı məsələ çoxdur” deyib vaxtı uzatdıqca uzadır. Amma bu qurumlar bir şeyi unudurlar: Dövlət qurumlarının bəhanələri bitə bilər, lakin 146 manatlıq “daxili qəbz”in arxasında gizlənən bu xüsusi loyallığın və Fərid Eyvazovun “qoruyucu çətiri”nin mahiyyəti tezliklə tam çılpaqlığı ilə ortaya çıxacaq.







Xəbəri paylaş


 
 


Xəbər lenti