İmperatorun etibarı, sarayın intriqaları və qanlı sui-qəsd: Stolıpinin faciəli taleyi

 
Dünən, 12:23           
O, onlarla sui-qəsd cəhdindən sağ çıxmış, Rusiyada köklü islahatlara başlamış və bir dəfə imperator ailəsinin etibar etdiyi ən nüfuzlu şəxslərdən birini paytaxtdan uzaqlaşdırmağa cəhd etmişdi. Lakin həlledici məqamda Pyotr Stolıpin Qriqori Rasputinlə mübarizədə geri çəkilməli oldu. Çox keçmədən isə özü sui-qəsdin qurbanına çevrildi.
XX əsrin əvvəllərində Rusiya imperatoru II Nikolayın sarayında iki tamamilə fərqli şəxsin nüfuzu getdikcə artırdı. Onlardan biri hökumət başçısı, tanınmış dövlət xadimi və islahatların müəllifi Pyotr Arkadyeviç Stolıpin, digəri isə sarayda “ağsaqqal” kimi tanınan, guya şəfaverici qabiliyyətlərə malik Qriqori Rasputin idi.
Onların yolları imperator ailəsinin etimadı uğrunda mübarizədə kəsişdi. Sonralar Rasputinin Stolıpinin ölümü ilə əlaqəsi ola biləcəyi barədə müxtəlif ehtimallar irəli sürüldü. Lakin bu iddiaları təsdiqləyən tutarlı sübutlar ortaya çıxmadı.
Rasputin 1905-ci ildə imperator sarayında görünməyə başladı. II Nikolay və həyat yoldaşı Aleksandra Fyodorovna onun hemofiliyadan əziyyət çəkən oğulları, taxtın varisi Alekseyə kömək edə biləcəyinə ümid edirdilər. Vəliəhdin səhhətində baş verən bəzi yaxşılaşmalar Rasputinin imperator ailəsinə təsirini daha da artırdı.
Saray ətrafında çoxları onun gələcəyi qabaqcadan görə bildiyinə inanırdı. Rasputin təkcə imperator ailəsinin şəxsi məsələlərinə deyil, dövlət idarəçiliyinə də müdaxilə edir, müxtəlif təyinatlar və siyasi qərarlar barədə fikir bildirirdi. Bu isə yüksək vəzifəli məmurların və saray əyanlarının ciddi narazılığına səbəb olurdu.
Rasputinin əleyhdarları onun haqqında çoxsaylı qalmaqallı şayiələr yayırdılar. Əxlaqsız məclislər keçirdiyi, ətrafında qadınlardan ibarət bir çevrə yaratdığı barədə iddialar dolaşırdı.
İmperatorla birbaşa görüşmək imkanına malik olan Stolıpin dəfələrlə II Nikolaya bildirirdi ki, dövlətin taleyinə təsir göstərən sarayda təhsili və ictimai nüfuzu şübhə doğuran bir şəxsin bu qədər böyük səlahiyyətə malik olması yolverilməzdir.
Rəvayətə görə, imperator onun iradlarına təxminən belə cavab verirmiş:
“Sizinlə razıyam, Pyotr Arkadyeviç. Təki on Rasputin olsun, amma imperatriçanın bir dəfə də əsəbləri pozulmasın”.
Stolıpin: ölümün gözünə dik baxan baş nazir
Stolpinlə Rasputin arasındakı qarşıdurma onun hökumətə rəhbərlik etdiyi dövrdən xeyli əvvəl başlamışdı. Həmin vaxta qədər Pyotr Arkadyeviç inqilabi zorakılığın, terror aktlarının və çoxsaylı sui-qəsd cəhdlərinin şahidi olmuşdu. Daim ölüm təhlükəsi ilə üz-üzə yaşasa da, geri çəkilməyi düşünmürdü.
Onun həyatına müxtəlif vaxtlarda dəfələrlə sui-qəsd cəhdi edilmişdi. Ən dəhşətli hadisə isə 1906-cı il avqustun 12-də Sankt-Peterburqun Aptekarski adasındakı iqamətgahında baş verdi.
Həmin gün daxili işlər naziri Pyotr Stolıpinin yaşadığı bağ evinə bir avtomobil yaxınlaşdı. Maşından iki jandarm geyimli şəxs və əlində portfel tutan mülki geyimli bir nəfər düşdü. Onlar nazirin qəbul otağına daxil olmaq istədilər.
Həmin vaxt qəbul otağında onlarla insan, o cümlədən uşaqlı qadınlar gözləyirdi. Evin eyvanında isə Stolıpinin uşaqları – 15 yaşlı Natalya, üç yaşlı Arkadi və onların dayəsi əyləşmişdi.
Qapıçı gələnlərin qarşısını kəsərək qəbulun başa çatdığını bildirdi. Lakin onlar geri çəkilmədilər. Özlərini nazirin təcili işi ilə gəlmiş şəxslər kimi təqdim edərək içəri keçməyə çalışdılar.
Mühafizəçilər şübhəli şəxsləri saxlamağa cəhd edərkən onların gətirdiyi portfel partladı. İçərisindəki güclü partlayıcı qurğu dəhşətli dağıntıya səbəb oldu.
Hadisə nəticəsində 27 nəfər həlak oldu, 30-dan çox insan yaralandı. Ölənlər və yaralananlar arasında məmurlar, hərbçilər, qadınlar, yaşlılar və uşaqlar da var idi.
Partlyış binanın eyvanını da dağıtmışdı. Dayə dağıntılar altında həlak oldu. Kiçik Arkadi huşsuz və ağır yaralı vəziyyətdə tapıldı. Natalya isə partlayış dalğasının təsiri ilə kənara atılaraq ağır xəsarətlər aldı. Onun ayaqları sındı. Qız uzun müddət müalicə olundu və yalnız üç ildən sonra yenidən yeriyə bildi.
Stolıpin özü isə möcüzə nəticəsində xəsarət almadı.
O, ilk növbədə yaralıların xəstəxanalara çatdırılmasını əmr etdi. Daha sonra hökumətin iclasına, oradan isə imperatorun qəbuluna yollandı.
II Nikolay ona başsağlığı verdi və uşaqlarının müalicə xərclərini ödəməyi təklif etdi. Xatirələrdə qeyd olunur ki, Stolıpin təmkinlə belə cavab verib:
“Əlahəzrət, mən uşaqlarımın qanını satmıram”.
O, qızının ayaqlarının amputasiya edilə biləcəyindən ciddi narahat idi. Xoşbəxtlikdən, həkimlər buna ehtiyac olmadığını müəyyən etdilər.
Ailəsinə bağlı, amma güzəştə getməyən insan
Pyotr Arkadyeviç ailəsinə çox bağlı idi. Hələ tələbəlik illərində evlənmişdi. Maraqlıdır ki, həyat yoldaşı Aleksandra böyük qardaşının nişanlısı idi. Qardaşı dueldə həlak olduqdan sonra Stolıpin onunla ailə qurmuşdu.
Ailə uzun müddət oğul övladı arzulamışdı. Beş qız övladından sonra bu ümidləri demək olar ki, itmişdi. Lakin 1903-cü ildə Arkadi dünyaya gəldi.
Həmin vaxt Stolıpin 41 yaşında idi və Saratov qubernatoru vəzifəsində çalışırdı. Görünür, həyatında arzuladığı bir çox şeyə nail olmuşdu. Ancaq qarşıdakı illər onun taleyini tamamilə dəyişəcəkdi.
1905-ci ildə Saratov quberniyasında kəndli iğtişaşları başladı. Stolıpin bölgələri şəxsən gəzir, kəndlilərlə görüşür, mülkədar təsərrüfatlarına hücumları araşdırır və münaqişələri danışıqlar yolu ilə həll etməyə çalışırdı.
O, tez-tez ictimaiyyət qarşısında çıxış edirdi. Bu çıxışlar o qədər çox olurdu ki, səsi tutulurdu. Müasirləri Stolıpini hündürboylu, enlikürəkli, qamətli və özünəinamlı insan kimi təsvir edirdilər. O, böyük izdiham qarşısında belə insanların diqqətini cəlb etməyi bacarırdı.
Bir dəfə kəndlilər dəyənəklərlə qubernatorun üzərinə yürüş etdilər. Stolıpin geri çəkilmədi. Əksinə, şinelini çıxarıb kəndlilərin başçısına uzatdı və onu tutmasını istədi. Bu gözlənilməz hərəkət hücum edənləri çaşdırdı və onlar silahlarını endirdilər.
Fəhlə hərəkatı ilə bağlı vəziyyət isə daha mürəkkəb idi. İnqilabi əhval-ruhiyyə sürətlə yayılırdı. Belə epizodların birində Stolıpin kazaklara daşla doldurulmuş səbətlər verilməsini əmr etmişdi. Məqsəd mümkün qədər atəş açmadan etirazçıları dağıtmaq idi. Lakin son nəticədə hökumət qoşunlarının müdaxiləsinə ehtiyac yarandı. Toqquşmalar zamanı səkkiz nəfər öldü.
Ölkədə siyasi terror artıq bir neçə ildir davam edirdi. İnqilabi təşkilatlar, o cümlədən eser partiyasının silahlı qrupları dövlət məmurlarına qarşı sui-qəsdlər təşkil edirdilər. Daxili işlər naziri Pleve, Moskvanın general-qubernatoru knyaz Sergey Aleksandroviç, baş hərbi prokuror Pavlov və bir çox digər yüksək vəzifəli şəxslər terror aktlarının qurbanı olmuşdular.
Saratovda da terrorçular fəallaşmışdı. Əvvəlcə şəhərə hökumət qoşunlarının gətirilməsinə rəhbərlik edən general-adyutant Saxarov öldürüldü. Daha sonra eserlər yerli mühafizə idarəsinin iki rəhbərinə qarşı sui-qəsd təşkil etdilər.
İkinci məmur onu izlədiklərini hiss edirdi. Hətta öz ölümündən sonra ailəsinə qayğı göstərilməsi üçün Stolıpindən əvvəlcədən xahiş etmişdi.
Qubernatorun özünün də həyatı daim təhlükə altında idi. Bir dəfə ona bomba atılsa da, partlayış baş vermədi. Başqa bir hadisədə izdihamın arasından bir nəfər ona revolver tuşladı. Stolıpin silahı görərək paltosunu açdı və sinəsini irəli verdi. Rəvayətə görə, hücum edən şəxs bu cəsarət qarşısında çaşaraq hadisə yerindən qaçdı.
İmperatorun etimadı və hakimiyyətə yüksəliş
Stolıpinin şəxsi cəsarəti və idarəçilik qabiliyyəti, görünür, II Nikolayın etimadını qazanmasında mühüm rol oynadı. İmperatora ölkədəki inqilabi hərəkatın qarşısını ala biləcək, eyni zamanda dövləti böhrandan çıxaracaq güclü rəhbər lazım idi.
1906-cı ilin aprelində imperator Sergey Vitte hökumətini istefaya göndərdi. Stolıpini Çarskoye Seloya dəvət edərək ona daxili işlər naziri vəzifəsini təklif etdi. Bir müddət sonra isə o, Nazirlər Şurasının sədri, yəni hökumət başçısı oldu.
Stolıpin əvvəlcə bu təyinatı qəbul etmək istəmirdi. Lakin imperator israr etdi:
“Mən sizdən xahiş etmirəm, bu vəzifəni qəbul etməyinizi əmr edirəm”.
Cəmi dörd ay sonra Aptekarski adasında dəhşətli partlayış baş verdi.
Sui-qəsddən sonra Stolıpin ailəsi ilə birlikdə boş qalmış Qış sarayına köçürüldü. Mühafizə tədbirləri son dərəcə gücləndirildi. Ailə üzvlərinin hərəkəti belə məhdudlaşdırılmışdı. Onlara yalnız sarayın damında gəzməyə icazə verilirdi.
Baş nazir səfərlərə çıxarkən özü ilə güllələrdən qoruyan polad lövhə quraşdırılmış xüsusi portfel götürürdü.
Lakin bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, sui-qəsd təhlükəsi aradan qalxmırdı.
Polis məlumat əldə etmişdi ki, terrorçular yeni tibb institutunun açılış mərasimi zamanı Stolıpini və Peterburq şəhər rəhbəri fon der Launitsi öldürməyi planlaşdırırlar. Baş nazirə tədbirdə iştirak etməmək məsləhət görüldü. Fon der Launits isə xəbərdarlığa məhəl qoymadı və həmin mərasim zamanı öldürüldü.
Zaman keçdikcə Stolıpin ölüm təhlükəsinə qarşı qəribə bir fatalist münasibət formalaşdırmışdı. Gündəliyində yazırdı ki, hər axşam bir gün də yaşadığına görə Allaha şükür edir, lakin nə vaxtsa qatilin niyyətinə çatacağını hiss edir.
Onun bu qorxusu sonradan gerçəkləşdi.
İslahatçı baş nazir: sərt əl və böyük planlar
Stolıpin hakimiyyətə gəldikdən sonra ilk növbədə ölkədə inqilabi zorakılığı dayandırmağa çalışdı. O, Aptekarski adasındakı terror aktından sonra inandırma və güzəşt siyasətinin kifayət etmədiyi qənaətinə gəlmişdi.
Baş nazir ən təhlükəli cinayətkarlar və silahlı qiyamların iştirakçıları üçün hərbi-səhra məhkəmələrinin yaradılmasını təklif etdi. Bu məhkəmələrdə işə həbsdən sonra 48 saat ərzində baxılır, hökm isə qısa müddətdə icra edilirdi. Çox vaxt ölüm cəzası tətbiq olunurdu.
Mənbələrdə bu məhkəmələrin qərarları əsasında yüzlərlə insanın edam edildiyi göstərilir. Beləliklə, inqilabi terrorun qarşısı müəyyən müddətə alındı. Lakin bu siyasət cəmiyyətdə ciddi mübahisələrə və narazılıqlara da səbəb oldu.
Stolıpin yalnız sərt cəza tədbirləri ilə kifayətlənmirdi. O hesab edirdi ki, dövləti uzunmüddətli perspektivdə gücləndirmək üçün siyasi və iqtisadi islahatlar da həyata keçirilməlidir.
Onun təşəbbüsü ilə vətəndaş azadlıqlarının genişləndirilməsi istiqamətində müəyyən addımlar atıldı. Mətbuatın fəaliyyətinə dair məhdudiyyətlərin yumşaldılması, qəzet və jurnalların məhkəmə qərarı olmadan bağlanmasının qarşısının alınması bu siyasətin tərkib hissəsi idi. Stolıpin həmçinin imperatoru Dövlət Dumasının fəaliyyətini davam etdirməyin vacibliyinə inandırmağa çalışırdı.
Onun ən mühüm təşəbbüsü isə aqrar islahatlar idi.
Stolıpin kəndlilərə icma torpaq mülkiyyəti sistemindən çıxmaq, öz torpaq sahələrini müstəqil idarə etmək və şəxsi təsərrüfatlarını inkişaf etdirmək imkanı yaratmaq istəyirdi. Kəndlilər torpaq ala, başqa bölgələrə köçə və iqtisadi fəaliyyətlərini sərbəst şəkildə qura bilərdilər.
Kəndli Bankı vasitəsilə onların torpaq əldə etməsinə maliyyə dəstəyi göstərilirdi. Bank mülkədarlardan torpaq alaraq kəndlilərə daha əlverişli şərtlərlə, hissə-hissə ödəniş əsasında satırdı.
İslahatlar kənddə yeni mülkiyyətçi təbəqəsinin formalaşmasına və kənd təsərrüfatının məhsuldarlığının yüksəldilməsinə hesablanmışdı.
Lakin bu dəyişikliklər ciddi müqavimətlə qarşılaşırdı. Hamı yeni sistemdən razı deyildi. Stolıpin həm mühafizəkar dairələrin, həm də inqilabi qüvvələrin tənqidi ilə üzləşirdi.
II Nikolayın dəstəyi olduğu müddətdə baş nazir bu müqavimətə qarşı dayanmağı bacarırdı. Ancaq zaman keçdikcə imperatorla münasibətləri də soyumağa başladı. Bəzi tarixçilər bunu Stolıpinin artan nüfuzunun sarayda narahatlıq yaratması ilə izah edirlər.
Avropa mətbuatında Rusiyanın iqtisadi inkişafı haqqında nikbin yazılar dərc olunurdu. 1909-cu ildə fransız analitiklərdən biri hesab edirdi ki, mövcud inkişaf tempi qorunarsa, on ildən sonra Rusiyaya iqtisadi baxımdan çatmaq çətin olacaq.
Stolıpin isə daha ehtiyatlı mövqe tuturdu. O, ölkənin köklü dəyişikliklərə nail olması üçün ən azı iyirmi il daxili və xarici sabitliyə ehtiyacı olduğunu bildirirdi.
Lakin tarix ona nə iyirmi, nə də on sakit il verdi. Özünün isə yaşamaq üçün cəmi iki ili qalmışdı.
Rasputinlə açıq qarşıdurma
1909-cu ildə Stolıpin Rasputin məsələsini artıq birbaşa həll etməyə qərar verdi.
Baş nazir dəfələrlə II Nikolaya bildirirdi ki, “ağsaqqal”ın imperator ailəsinə bu qədər yaxın olması və dövlət məsələlərinə müdaxiləsi yolverilməzdir.
İmperatorun anası Mariya Fyodorovna, bəzi qohumları və saray əyanları da Rasputinin nüfuzundan narahat idilər. Lakin heç kim II Nikolayı ondan imtina etməyə razı sala bilmirdi. Çar xüsusilə oğlu Alekseyin ağır xəstəliyini nəzərə alaraq həyat yoldaşı Aleksandra Fyodorovnanın istəyinə qarşı çıxmaq istəmirdi.
Nəticədə Stolıpin Rasputinlə şəxsən görüşmək qərarına gəldi.
Baş nazirin sonralar danışdığına görə, görüş zamanı Rasputin ona diqqətlə baxır, Müqəddəs Kitabdan müxtəlif ifadələr söyləyir, əllərini qəribə şəkildə hərəkət etdirirdi. Sanki həmsöhbətinə psixoloji təsir göstərməyə çalışırdı.
Stolıpin sonralar ona qarşı güclü nifrət hiss etdiyini etiraf etmişdi. Buna baxmayaraq, özünü ələ ala bilmişdi.
O, Rasputinə qarşı qanunvericilik tədbirləri görməklə hədələdi və ondan dərhal Peterburqu tərk etməsini, doğma kəndinə qayıtmasını, paytaxtda bir daha görünməməsini tələb etdi.
Lakin imperator cütlüyünün dəstəyinə arxalanan Rasputin bu xəbərdarlığı ciddi qəbul etmədi.
Stolıpin onun paytaxtdan çıxarılması barədə göstəriş verdi. Həmin gün Rasputin Çarskoye Seloda imperator ailəsinin yanında idi. Onu Peterburqa qayıdarkən vağzalda saxlamaq qərara alındı.
Rasputin platformada jandarmaları görəndə qatardan düşərək qaçmağa başladı. Uzun xəz paltosunun ətəklərini əlləri ilə tutaraq onu gözləyən avtomobilə tərəf qaçdı. Beləliklə, saxlanılmaqdan yayına bildi.
Polis onun mənzilinə baş çəkdi, lakin Rasputin orada deyildi. O, gecəni böyük knyazlardan birinin sarayında keçirdi, ertəsi gün isə Peterburqdan uzaqlaşdı.
Stolıpin təhlükənin aradan qalxdığını düşünərək Rasputinin sürgün edilməsi ilə bağlı qərarını ləğv etdi.
Ancaq bu sakitlik uzun sürmədi.
Rasputin qısa müddət sonra paytaxta qayıtdı və imperator ailəsi qarşısındakı mövqeyini yenidən möhkəmləndirdi. Onun nüfuzunun əsas səbəbi Alekseyin hemofiliya tutmaları zamanı vəziyyətinin yüngülləşməsində oynadığı rol hesab olunurdu.
Stolıpin anlayırdı ki, imperator ailəsinin bu qədər etibar etdiyi şəxslə mübarizə aparmaq asan olmayacaq. Üstəlik, sarayda artan təsir onun siyasi və iqtisadi islahatlarına da mane olurdu.
İmperator ailəsinin daxilindəki gizli mübarizə
Bir dəfə imperatriça Mariya Fyodorovna Stolıpini sarayına dəvət etdi. Baş nazir kabinetin qapısında II Nikolayla rastlaşdı. Lakin imperator sanki onu görməmiş kimi salam vermədən yanından keçdi.
Mariya Fyodorovna Stolıpinə vəziyyəti izah etdi. Onun sözlərinə görə, oğlu ilə söhbətində Rusiyanı böhrandan çıxarmağa qadir olan şəxsin məhz Stolıpin olduğunu, baş nazirin ölkəni düzgün istiqamətə yönəldə biləcəyini bildirmişdi.
İmperator anasına baş nazirə dəstək verməyə hazır olduğunu desə də, həyat yoldaşının narazılığından çəkinirdi.
Rasputin isə Peterburqda qalmağa davam edirdi. Stolıpinin mühüm qanun layihələrindən biri də qəbul edilmədi.
Baş nazir saraydakı mövqeyinin getdikcə zəiflədiyini anlayırdı. O, yaxınlarına bir gün məzuniyyətdən Peterburqa nə hökumət başçısı, nə də nazir kimi qayıdacağını söyləyirdi.
Buna baxmayaraq, ictimaiyyət qarşısında sakitliyini qoruyur, rəsmi mərasimlərdə iştirakını davam etdirirdi.
Rasputinlə qarşılaşmalarından birində isə “ağsaqqal” ona qəribə sözlər demişdi:
“Onun ardınca ölüm gəlir! Ölüm! Pyotrun… onun ardınca…”
Bu sözlərin həqiqətən deyilib-deyilmədiyi və hansı mənbəyə əsaslandığı mübahisəlidir. Lakin sonrakı hadisələr Rasputinlə Stolıpin arasındakı qarşıdurmanın tarixdə daha sirli çalarlarla xatırlanmasına səbəb oldu.
Kiyevdəki sui-qəsd: Stolıpinin son günləri
1911-ci ilin yayını Stolıpin ailəsi ilə birlikdə Saratovdakı mülkündə keçirdi. Payızın əvvəlində paytaxta qayıtmalı olsa da, əvvəlcə Kiyevə yollandı.
Şəhərdə imperator II Aleksandrın abidəsinin açılışı münasibətilə böyük təntənələr keçirilirdi. Mərasimlərdə II Nikolay və imperator ailəsinin digər üzvləri, eləcə də Peterburq cəmiyyətinin tanınmış nümayəndələri iştirak edirdilər.
Proqramda teatr tamaşası da nəzərdə tutulmuşdu.
Tamaşa başa çatdıqdan sonra insanlar çıxışlara doğru hərəkət etməyə başladılar. Stolıpin Kiyev tədris dairəsinin rəhbərlərindən biri ilə söhbət etdiyinə görə bir qədər ləngidi.
O, orkestr çuxurunun qarşısındakı maneənin yanında dayanmışdı. Bu zaman izdihamın əks istiqamətində hərəkət edən hündürboylu gənc diqqətini çəkdi.
Naməlum şəxs ikinci sıranın yaxınlığında dayandı və Stolıpinə iki dəfə atəş açdı.
Güllələrdən biri baş nazirə ağır xəsarət yetirdi.
Stolıpin ağ mundirinə baxdı və üzərində qırmızı ləkənin yayıldığını gördü. Sonra imperator lojasına nəzər saldı. Orada baş verənləri donub qalmış halda izləyən II Nikolay dayanmışdı.
Stolıpin əli ilə xaç işarəsi çəkdi və huşunu itirdi.
Dörd gün davam edən mübarizədən sonra, 1911-ci il sentyabrın 18-də Pyotr Arkadyeviç Stolıpin aldığı yaralardan dünyasını dəyişdi. Güllələrdən biri qaraciyərini zədələmişdi. Həmin dövrün təbabəti belə ağır xəsarətləri müalicə etmək imkanına malik deyildi.
Qatil Dmitri Boqrov idi. O, inqilabi dairələrlə əlaqəsi olan, eyni zamanda polisə məlumat ötürən bir şəxs kimi tanınırdı. Məhkəməsi sürətlə keçirildi və ölüm hökmü icra olundu.
Sui-qəsddən sonra imperatoru və yüksək vəzifəli şəxsləri qorumaq üçün Kiyevə göndərilmiş Peterburq təhlükəsizlik xidmətinin bir neçə yüksək rütbəli əməkdaşı vəzifələrindən uzaqlaşdırıldı.
Rasputinin bu qətldə əli var idimi?
Stolıpinin qətlindən sonra hadisənin arxasında başqa qüvvələrin dayana biləcəyi barədə müxtəlif ehtimallar meydana çıxdı. Bəzi müasirlər Rasputindən də şübhələnirdilər.
Lakin onun sui-qəsdin təşkilində iştirak etdiyini təsdiqləyən etibarlı sübut yoxdur. Dmitri Boqrov qətlin birbaşa icraçısı kimi müəyyən edilmişdi. Sifarişçilər və mümkün siyasi əlaqələr barədə isə mübahisələr uzun müddət davam etdi.
Bir məqam aydındır: Stolıpinin aradan götürülməsi sarayda Rasputinə qarşı müqaviməti zəiflədən hadisələrdən biri oldu.
Bir çox tarixçi hesab edir ki, Stolıpin yaşasaydı və başladığı islahatları davam etdirmək üçün kifayət qədər siyasi imkan əldə etsəydi, Rusiyanın sonrakı tarixi fərqli istiqamətdə inkişaf edə bilərdi. Ancaq bu, sübut olunmuş fakt deyil, tarixi ehtimaldır.
Beləliklə, Rusiyanın ən nüfuzlu dövlət xadimlərindən biri ilə imperator ailəsinin etibarını qazanmış “ağsaqqal”ın qarşıdurması Stolıpinin ölümü ilə başa çatdı.
Ölkə isə çox keçmədən daha böyük sarsıntılarla üzləşdi: Birinci Dünya müharibəsi, 1917-ci il inqilabları və Romanovlar sülaləsinin süqutu…
Stolıpin Rusiyaya iyirmi illik sabitlik lazım olduğunu deyirdi. Tarix ona bu imkanı vermədi.
Bəs görəsən, Pyotr Stolıpin hakimiyyətdə qalsaydı, aqrar və siyasi islahatlarını başa çatdıra bilsəydi, Rusiya imperiyasının taleyi dəyişərdimi? Bu sual tarixçilər və araşdırmaçılar üçün bu gün də açıq qalır.
Hazırladı: Natiq Səlim,
KONKRET.az



Xəbəri paylaş


 
 


Xəbər lenti