Vəziyyət kəskinləşir: ABŞ dəniz piyadaları Ermənistana göndərildi - GƏLİŞMƏ

 
9-07-2024, 12:19            108 dəfə baxılıb
"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İyulun 15-24-də Ermənistanda ABŞ ilə birgə hərbi təlim keçiriləcək. Ötən ilin sentyabrında da ABŞ-Ermənistan birgə təlimləri keçirilmişdi. İki ölkə arasında artan təlimlər nədən xəbər verir?

- ABŞ ilə Ermənistan arasında keçiriləcək təlimlər əvvəlcə Gürcüstanla nəzərdə tutulmuşdu. Amma Gürcüstanda baş verən hadisələr, rəsmi Tiflisin mövqeyi ona səbəb oldu ki, ABŞ həmin təlimləri Ermənistanla keçirməyə qərar verdi. Əlbəttə, səbəb təkcə Gürcüstanda baş verənlər deyil, ilk növbədə, söhbət ABŞ və Qərbin Cənubi Qafqazdakı maraqlarından gedir.

İkinci Qarabağ Müharibəsi başlayanda göründü ki, hər kəs bu savaşdan öz maraqları üçün istifadə etməyə çalışır. Azərbaycanın marağı öz ərazi bütövlüyünü bərpa etmək idisə, müharibənin başlamasına təkan verən qüvvələrin öz maraqları vardı. Məsələn, Rusiyanın marağı Cənubi Qafqazda bir qədər də möhkəmlənmək, Qərbinki bölgəyə müdaxilə və proseslərin aktiv iştirakçısına çevrilmək idi.

Mübarizə iki müstəvidə gedirdi: Azərbaycan-Ermənistan və böyük oyunçular müstəvilərində. Hələ o zaman Qərb dövlətlərinin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə dözümlü, bəzi hallarda tolerant yanaşması, hətta müəyyən mənada dəstək verməsi (məsələn, ABŞ-nin razılığı olmasaydı, İsrail bir sıra silahları Azərbaycana sata bilməzdi, çünki bu silahların ən azı bir hissəsi Amerika istehsalıdır. Türkiyənin ABŞ istehsalı hərbi təyyarələri Azərbaycana gətirməsi amili də var) – bütün bunlar göstərdi ki, Qərb özünün Cənubi Qafqaz siyasətində Azərbaycanı tərəfdaş kimi nəzərdə tutur. Amma bunun baş verməməsi üçün Rusiyanın Azərbaycana daha loyal münasibət göstərməsi prosesə mane oldu.

Hətta bundan sonra Azərbaycan ordusunun keçirdiyi antiterror əməliyyatları və Laçın dəhlizinə nəzarətin geri qaytarılması ona görə “sakit” qarşılandı ki, hələ ümid itməmişdi. Amma Rusiya Qərbi qabaqladı. Bundan sonra Qərb Ermənistanla intensiv əməkdaşlığa başladı, bunu da edən əsas iki dövlətdir: ABŞ və onunla yarışa girən Fransa. Amma bu tərəfdaşlıq NATO və Avropa Birliyi müstəvilərində də inkişaf etməyə başladı. Qarşıdakı təlimlər də bu əməkdaşlıq və onun hədəflədiyi Cənubi Qafqaza təsirin əsas elementlərindən biridir.

- Məsələ ilə bağlı diqqətçəkən bir məqam da ABŞ Ordusunun Avropa və Afrikadakı komandanlığının açıqlaması oldu. Açıqlamada deyilir ki, təlimlərdə ABŞ ordusunun Ermənistan, Avropa və Afrikadakı hərbi qulluqçuları, eləcə də Kanzas Milli Qvardiyası iştirak edəcək. Yəni etiraf olunur ki, Amerikanın Ermənistanda hərbçiləri var.

- ABŞ-nin Ermənistanda hərbçiləri var və orada çoxdan mövcuddurlar. Vaxtilə Ermənistan mətbuatında belə bir məlumat öz əksini tapmışdı ki, ABŞ-nin İrəvandakı səfirliyinin mühafizəsində 600 nəfərədək Amerika dəniz piyadası iştirak edir.

Əlbəttə, 600 hərbçinin yalnız səfirliyin mühafizəsi üçün göndərildiyi çox da inandırıcı deyil, bu plan əvvəldən olub. Hətta vaxtilə Ermənistan mediasında zarafatyana belə bir tezis də ortaya atılmışdı ki, ABŞ Ermənistanda “hərbi dəniz bazası” yaradır. Hər bir halda etiraf olunur ki, orada hərbçilər var.

- Hesab etmək olarmı ki, ABŞ hərbi cəhətdən Ermənistanda yerləşir və proses bazanın qurulmasına doğru gedir?

- İndiki məqamda bunu söyləmək bir qədər çətindir. Unutmayaq ki, hələlik Ermənistan ərazisindəki Rusiya hərbi bazası qalır, bu da üç qüvvədən ibarətdir: Gümrüdəki 102-ci baza, “Zvartnots” hava limanındakı aviabaza və Rusiyanın sərhəd qoşunları. Yəni bu gün kiçik bir ölkənin ərazisində iki qlobal gücün hərbi bazalarla təmsil olunması nəzəri baxımdan mümkündür, amma bu, praktiki cəhətdən onların üz-üzə gəlməsi demək olardı.

Buna görə də, hələlik bunun mümkünlüyünü düşünmürəm. Amma hərbi əməkdaşlıq davam etdikcə, gələcəkdə reallaşa bilər. Eyni zamanda, bundan əvvəl Rusiya hərbi bazasının Ermənistandan çıxarılması tələbi gündəmə gələ bilər. Ermənistanın KTMT ilə münasibətlərində baş verənlər də bunu deməyə əsas verir.

- Amerikanın bölgədə yerləşməsi regiona nə vəd edir?

- İlk növbədə, bu, bölgədə gərginliyin artması, region uğrunda mübarizənin kəskinləşməsi deməkdir. Gözlənilən idi. Həmişə Qara dəniz – Xəzər regionu vahid bölgə kimi nəzərdən keçirilir. Əgər Qara dəniz uğrunda mübarizə başlayıbsa (buna Rusiya Ukraynaya hücum etməklə start verdi), bu, gəlib Xəzər hövzəsinə, yaxud Cənubi Qafqaza çıxmalı idi. Bu, yeni geosiyasi oyunçunun (ABŞ) regionda yerləşməsi deməkdir. Bu da regionda yeni qarşıdurma ocağının yaranmasına qədər gətirib çıxara bilər.

- Digər yandan, Ermənistan rəhbərliyinin anti-Rusiya kursunda fasilə verdiyi deyilir, hətta uzunmüddətli fasilədən sonra erməni nümayəndə heyətinin Rusiyaya göndərilməsinə qərar verilib. Üstəgəl, Baş nazir Nikol Paşinyan Avropa Birliyinə üzvlük referendumuna ehtiyacın olmadığını açıqlayıb. Baş verənlərin izahı necə ola bilər, deyilənlər nə qədər doğrudur?

- Maraqlı bir dinamika görürük, Saakaşvili dönəmində Gürcüstanla aparılmış siyasətin bir paraleli həyata keçirilə bilər. Saakaşvili NATO və Qərblə hərbi-strateji baxımdan sürətlə yaxınlaşma səbəbindən 2008-ci ilin avqustunda ölkəni Rusiyanın açıq təcavüzünə məruz qoydu. Görünür, Ermənistan bundan nəticə çıxarıb və Qərb də bunu nəzərə alıb. Xüsusən də indiki Qərb-Rusiya qarşıdurması dönəmində Ermənistana bir qədər yumşaq siyasət yürüdülməsi tövsiyə olunur.

Ermənistan da belə siyasət yürütmək qərarına gəlib ki, aşırı dərəcədə Rusiyanı qıcıqlandırmasın. Dediyim kimi, hələlik Ermənistan ərazisində Rusiya hərbi bazası var. Bu baza da istənilən an hərəkətə keçə bilər. Bundan başqa, istisna deyil ki, hansısa bir durumda Rusiya bölgəyə əlavə hərbi qüvvə də yeritsin.

Bu, qlobal müharibədir. Biz bu qlobal müharibənin təzahürlərini təkcə Ukrayna yox, Yaxın Şərqdə davam edən müharibədə, keçmiş SSRİ-nin bir sıra bölgələrində gedən geosiyasi mübarizələrdə də görürük. Məsələn, Qazaxıstan, Mərkəzi Asiya və Cənubi Qafqaz uğrunda. Ermənistan da məcburdur ki, “balanslı siyasət” yürütsün, Rusiyadan tədricən – onu qıcıqlandırmadan, özünə qarşı qaldırmadan uzaqlaşsın.

İstisadi faktorun da rolu var. İqtisadi amil ondan ibarətdir ki, Ermənistanın bütün nəqliyyat, enerji və digər infrastrukturları Rusiya şirkətləri tərəfindən alınıb. Nə qədər ki Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamayıb və Türkiyə ilə əlaqələri bərpa etməyib, İrəvan çalışacaq ki, Rusiya ilə münasibətlərini yumşaq şəkildə tənzimləsin. Ermənistanın hansı istiqamətdə (Qərb) kurs götürdüyü məlumdur, amma bunu həyata keçirərkən, ehtiyatı əldən vermək istəmir.

- “Moody's” beynəlxalq reytinq agentliyinin təhlilinə görə, sülh danışıqlarının davam etməsinə baxmayaraq, Azərbaycanla Ermənistan arasında eskalasiya ehtimalı qalır. Uzanan sülh prosesi və ləngiyən delimitasiya belə bir risk yarada bilərmi, yaxud “Moody's”in proqnozu nə qədər mümkündür?

- Təəssüf ki, iki ölkə arasında mümkün eskalasiya ilə bağlı proqnoz verən təkcə “Moody's” deyil. Beynəlxalq Böhran Qrupu da öz hesabatında göstərir ki, mümkün Ermənistan-Azərbaycan qarşıdurması 2024-cü il ərzində aktualdır və dünyada mümkün konflikt zonalarından biridir.

Əlbəttə, nə qədər ki sülh müqaviləsi imzalanmayıb və danışıqlar uzanır, delimitasiya prosesi ləngiyir, bunlar risk yaradır. Sülhə yaxınlaşmaq isə Ermənistan daxilində Paşinyan əleyhdarlarının aktivləşməsinə zəmin yaradır. Digər yandan, sülhlə bağlı irəli sürülən bəndlərin Ermənistan tərəfindən yerinə yetirilməməsi qıcıq mənbəyinə çevrilir.

Görünən budur ki, ikili risk ehtimalı yaranır. Yəni sülh prosesinin uzanması da, sülhə yaxınlaşmaq da risk yaradır. Belə bir vəziyyətdə çox incə siyasi-diplomatik fəaliyyət tələb olunur ki, hər iki ölkə silahlı qarşıdurma riskindən qaça bilsin.

Sülh prosesi təkcə iki dövlətin siyasi iradəsindən asılı deyil, kənar müdaxilə və digər amillər də var. Baxmayaraq ki, elə iki dövlət arasında da yetərincə ziddiyyətlər mövcuddur. Məsələn, Ermənistan konstitusiyasının dəyişdirilməsi və digər məsələlərlə bağlı. Elə delimitasiya prosesinin özü Ermənistan daxilindəki Paşinyan əleyhdarları tərəfindən təslimçilik kimi qələmə verilir. Müxalif kəsim bundan bir revanş məqsədi üçün istifadə etməyə çalışır.

Risk bütün hallarda var: istər sülh prosesi irəli getsin, istər yerində qalsın... “Moody's” və digər beynəlxalq təşkilatlar da mövcud duruma əsaslanaraq, yeni eskalasiya proqnozlaşdırırlar. Təəssüf ki, bu cür proqnozlarla razılaşmamaq mümkün deyil, belə bir risk var. Dediyim kimi, bu riskdən qaçmaq üçün incə siyasi-diplomatik addımlar atılmalıdır. Əgər sülh prosesinin irəliləməsi də, ləngiməsi də risk doğurursa, mən düşünürəm ki, sülhə getmək riskini seçmək daha doğru olardı. Çünki bu halda bütün digər risklər arxa plana keçmiş olacaq.



Xəbəri paylaş


 
 


Xəbər lenti