İsrailə qarşı İslam İttifaqı qurulur? – Ərdoğanın təklifi dünya mətbuatında rezonans doğurub

 
10-09-2024, 14:00            23 dəfə baxılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı “İslam İttifaqı”nın qurulması ilə bağlı etdiyi çağırış Rusiya, ABŞ, İran, İsrail, Livan və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla bir çox ölkədə rezonans doğurub.
Sözügedən ölkələrin mətbu orqanları Ərdoğanın dediyi fikirləri tirajlayıb və buna dair analitik yazılarla çıxış ediblər.
İsrailin “Maariv” qəzeti Ərdoğanın “İslam ittifaqı”nı bir araya gətirmək üçün hərəkətə keçdiyini və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə səfərinin də bu addımlardan biri olduğunu yazıb. Qəzet Sisinin Türkiyə səfərinin önəmini vurğulayaraq, bunları yazıb:“Ərdoğan İsraili dayandırmaq üçün İslam ittifaqı qurmaqla bağlı çağırış etdi. O, düşünür ki, İsraili dayandıracaq tək addım İslam ölkələrinin ittifaqıdır. Ərdoğan bu fikirləri ilə bu məsələdəki qətiyyətini dünyaya bəyan edib”.
Eləcə də ərəb mətbuatı Ərdoğanın İslam dünyasını İsrailə qarşı birgə hərəkət etməyə çağırmasına geniş yer verdi.
Yaxın Şərq xəbərləri ilə tanınan “Middle East Eye”, “Arab News” və Livanın “El Meyadin” telekanalı Ərdoğanın sözlərini manşetlərinə çıxarıb. “El Meyadin” televiziyası “Ərdoğan İsrailə qarşı İslam ittifaqına çağırır” başlığı ilə tamaşaçılarına müraciət edərək, Misir prezidentinin Türkiyəyə səfərinin bu baxımdan əhəmiyyətli olduğunu bildirib.
Rusiyada dövlət kanalı “RT”-də Ərdoğanın İsrailə qarşı ittifaq çağırışına geniş yer verib. Rusiya kanalı Ərdoğanın “İslam dünyası tək səs olarsa, İsrail dayandırıla bilər” ifadəsinə yer verib və əlavə edib: “Ərdoğan İsrailə qarşı İslam ittifaqı istəyir. Ərdoğanın çağırışı təkcə ərəb alamində deyil, həm də dünyada rezonans doğurmaqda davam edir”.

Digər tərəfdən, Amerikanın “New York Post” qəzeti, prezident Ərdoğanın İsrailə qarşı ritorikasını sərtləşdirməklə yanaşı, İslam dünyasını bir araya gətirməyə çalışdığını oxucularına çatdırıb. Qəzet bu xəbəri belə bir açıqlama ilə yayıb: “Türkiyə Prezidenti Ərdoğan İsrailin genişlənməsi ilə artan təhlükəyə qarşı İslam ittifaqını bir araya gətirir”.
İranın “İSNA” xəbər agentliyi isə Ərdoğanın uzun müddətdir özünü Fələstinlilərin böyük himayədarı kimi göstərdiyini və bunu həm sözləri, həm də əməlləri ilə sübut etdiyini bildirib.
BƏƏ-nin “Al Arabiya” qəzeti də Ərdoğanın şərhinin Türkiyə əsilli ABŞ vətəndaşı Ayşenur Ezgi Eyginin İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən başından vurularaq öldürülməsindən sonra gəldiyini bildirib. “Al Arabiya” “Eyginin ölüm xəbəri Ərdoğanı çox qəzəbləndirdi”, – şərhini verib.



Xəbəri paylaş


 
 


Xəbər lenti