İSRAİLİN MİSLİ GÖRÜNMƏMİŞ KİBERTERRORU... - Minlərlə peycer necə partladılıb?

 
18-09-2024, 12:45            110 dəfə baxılıb
Xəbər verildiyi kimi, ötən gün Livanda, o cümlədən Beyrutun cənub ərazilərində kütləvi şəkildə peycerlərin partlaması müşahidə edilib. Partlayan rabitə vasitələri əsas etibarilə“Hizbullah” üzvlərinə məxsus olub. Nəticədə 3 minə yaxın insan yaralanıb, həlak olanlar var.
“AzPolitika” xəbər verir ki, həm Livanda, həm də ondan kənarda əsas şübhələr İsrail xüsusi xidmət orqanlarına yönəlib. Qeyd edək ki, hadisə sentyabrın 17-si günortadan sonra baş verib və minlərlə peycer eyni vaxtda işə düşüb. “Reuters”-in məlumatına görə, kütləvi terror aktı yerli vaxtla 15:45 radələrində başlayıb və təxminən bir saat davam edib.
Livanın səhiyyə naziri Firas Abiadın sözlərinə görə, ölkə daxilində 2750 nəfər yaralanıb və 8 yaşlı qız da daxil olmaqla, 8 nəfər ölüb. 500-dək yaralının vəziyyəti son dərəcə ağır qiymətləndirilir. Qurbanların əksəriyyəti baş və qollarından, bəzi hallarda isə qarın nahiyəsindən xəsarətlər alıb. Yaralananlar arasında İranın Livandakı səfiri Moctaba Amani də var. Onun bir gözünü itirdiyi, ikinci gözünün təhlükə altında olduğu və əməliyyat üçün təcili olaraq İrana aparıldığı bildirilir.
Livanın Böhran Əməliyyatları Mərkəzi təcili yardıma ehtiyacı olan çoxlu sayda yaralının öhdəsindən gəlmək üçün bütün tibb işçilərindən xəstəxanalara müraciət etmələrini xahiş edib. Həmçinin, peycerləri olan bütün vətəndaşlardan onlardan imtina etmələri istənilir.
Bu hadisə son illərdə baş verən ən böyük kiberhücum hesab edilir. Ehtimal olunur ki, İsrail hakerləri peycerləri “sındırıb” və litium-ion batareyalarının həddindən artıq qızmasına nail olaraq, onların sinxron şəkildə partlamasını təşkil ediblər.

Lakin mütəxəssislər hesab edirlər ki, yalnız batareyaların partlaması bu cür ağır xəsarətlər yetirə bilməzdi. Ehtimal olunur ki, daha mürəkkəb və əvvəlcədən təşkil olunmuş terror aktı həyata keçirilib. Güman olunur ki, bu peycerlərə “Hizbullah”ın əlinə düşməzdən əvvəl 10-20 qram ağırlığında tratil ekvivalentində partlayıcı yerləşdirilib.
Belçikalı hərbi analitik Elijah Manier qeyd edir ki, İsrail kəşfiyyatı böyük ehtimalla İranın “Hizbullah”a avadanlıq, texnika vasitələr, silah və s. təchizatlarına yol tapa bilib. Bu sıraya peycerlər də daxildir. Belə ki, məhz peycerlər “Hizbullah” üzvlərinin daxili rabitəsini təmin edib. Çünki bunun üçün smartfonlardan istifadə edilməsi məqsədəuyğun deyil. İsrail kəşfiyyatı dəfələrlə smartfonlara daxil olaraq, orada “Hizbullah” döyüşçülərinin geolokasiyasını işə salıblar və bununla onların yerlərini müəyyən ediblər. Bundan qurtulmaq üçün “Hizbullah” peycerlərə keçməli olub və onları kütləvi şəkildə sifariş edib.

Belə görünür ki, həmin sifarişin icrası İsrail xüsusi xidmətinin əlinə keçib və peycerlər üçüncü ölkədə yüngül partlayıcı maddələrlə “təmin olunub”. Vəziyyətlə tanış olan mənbələrin sözlərinə görə, partladılmış peycerlər “Hizbullah”ın bu yaxınlarda aldığı yeni partiyadan olub.

“Hizbullah” sözçülərindən biri deyib ki, bəzi insanlar peycerlərinin qızdığını hiss edərək partlamamışdan əvvəl onları atıblar. Digərləri onlara gələn mesajı açıb oxumaq üçün peycerləri ciblərindən çıxarıblar və həmin an partlayış baş verib. Ona görə çoxları əllərindən və gözlərindən ağır xəsarətlər alıblar. Peyceri cibindən çıxarmayanalr isə qarın nahiyəsindən yaralanıblar. Güman olunur ki, “Hizbullah”a aid qapalı çatlar vasitəsilə kütləvi şəkildə mesaj göndərilib və bu mesajların çatdığı bütün peycerlər əvvəlcə qızıb, dərhal sonra da partlayıb.
Məlumatlara görə, “Hizbullah” öz daxili rabitə sistemini yaratmaq üçün 180 dollarlıq “Gold AP-900” peycerlərindən istifadə edib. Onlar Tayvanda hazırlanır və paroldan istifadə etməklə əl ilə proqramlaşdırılır.
Bu cür tarixdə analoqu olmayan kiberterrorun məhz indi həyata keçirilməsi təsadüfi sayılmır. Belə ki, həmin hadisə ərəfəsində “The Jerusalem Post” İsrailin tezliklə “Hizbullah”a qarşı genişmiqyaslı müharibəyə başlaya biləcəyi barədə xəbərlər yayıb. Birdən-birə minlərlə “Hizbullah” təmsilçisinin yaralanması, xəstəxanaların yüklənməsi, çaşqınlıq, panika, fövqəladə durum yaradılması Livana hücum etmək, “Hizbullah” qarşı əməliyyata başlamaq, hətta bu ölkənin ərazisini də işğal etmək üçün ideal zəmin yaradır. Digər yandan, bu partlayışlar “Hizbullah”da ruh düşkünlüyünə səbəb olub. Ancaq hər halda, bu kiberhücumun daha genişmiqyaslı işğal əməliyytının başlanğıcı olub-olmadığı yaxın günlərdə bəlli olacaq.
Bu arada Rusiya təbliğatının ən iyrənc simalarından olan Vladimir Solovyov Livanda baş tutan əməliyyatı şərh edərkən gülünc vəziyyətə düşüb. Belə ki, İsrail mətbuatı ironik şəkildə Livandakı əməliyyatı Mahşir Keşer adlı İsrail kəşfiyyatçısının törətdiyini yazıb. Mahşir Keşer isə İsrail dilində “rabitə vasitəsi” deməkdir. Solvyov bu ironiyanı ciddi qəbul edərək, yazıb: “Livan hakimiyyəti əhalini bu cihazlardan istifadəni tez bir zamanda dayandırmağa və onlardan qurtulmağa çağırır. Yerli mediaya görə, bu hücuma görə İsrail kəşfiyyat agenti Mahşir Keşer məsuliyyət daşıyır”...



Xəbəri paylaş


 
 


Xəbər lenti